Banner

Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR

Maraqlı 18 Noyabr 2026 11:30
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR
WhatsApp kanalımıza abunə olun

Bakı metrosunun inşası şəhərin mürəkkəb geoloji şəraiti və yeraltı suların yüksək təzyiqi səbəbindən mühəndislər qarşısında ciddi çətinliklər yaradıb.

Tikinti prosesi müxtəlif dövrlərdə dayandırılsa da, mürəkkəb texniki həllər sayəsində layihəni reallaşdırmaq mümkün olub.

Avtosfer.az xəbər verir ki, metro tikintisi hələ 1932-ci ildə planlaşdırılsa da, İkinci Dünya müharibəsi səbəbindən təxirə salınıb. Müharibədən sonra işlərə başlanılsa da, 1953-cü ildə tikinti yenidən dayandırılıb. Yalnız 1960-cı illərin əvvəllərində layihənin icrası bərpa olunub.

Tikinti zamanı qarşıya çıxan əsas problemlərdən biri yeraltı sular olub. Sovet dövrünə aid metro tikintisi ilə bağlı nəşrlərdə qeyd edilir ki, bəzi ərazilərdə suyun təzyiqi 4 atmosferi ötüb. Bu isə tunellərin qazılmasını, suyun qarşısının alınmasını və tikinti sahələrinin təhlükəsizliyini təmin etməyi xeyli çətinləşdirib.

Mühəndislər həmin dövr üçün mürəkkəb hesab edilən texnologiyalardan istifadə ediblər. Sovet metro tikintisi təcrübəsində ilk dəfə sıxılmış hava üsulu dərin su endirilməsi texnologiyası ilə birləşdirilib. Bu yanaşma yeraltı suların yaratdığı maneələri aradan qaldırmağa və tikinti işlərini davam etdirməyə imkan verib.

Nəticədə, 1967-ci il noyabrın 6-da Bakı metrosunun ilk beş stansiyası sərnişinlərin istifadəsinə verilib. Bununla da Azərbaycan paytaxtında yeni nəqliyyat sisteminin əsası qoyulub.

Lakin yeraltı sularla mübarizə metro istifadəyə verildikdən sonra da davam edib. Yerli elmi araşdırmalardan birində qeyd olunur ki, 2014-cü ildə metro tunellərindən sutka ərzində orta hesabla 25 min kubmetrdən çox su çıxarılırdı.

Bu göstəricilər Bakı metrosunun tikintisi və istismarı zamanı geoloji şəraitin nə qədər ciddi mühəndislik problemləri yaratdığını göstərir. Yeraltı suların idarə olunması metro infrastrukturunun təhlükəsizliyi və dayanıqlılığı baxımından bu gün də mühüm əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

FOTO QALEREYA
Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh