Banner

Bakıdan keçən məşhur sovet avtoyürüşü  - VİDEO - FOTO

Maraqlı 26 Yanvar 2023 14:23 Oxunub 1216
Bakıdan keçən məşhur sovet avtoyürüşü   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

30-cu illər SSRİ-də həm də yeni kəşflər və tədqiqatlar dövrüdür. Həmin vaxt İttifaqın avtomobil sənayesi də yenidən qurulurdu. Bu qurulmanı əsasən ABŞ-ın avtomobil şirkətləri həyata keçirirdilər (nə qədər təəccüblü olsa da o zaman Sovet İttifaqı ABŞ ilə ciddi dostluq əlaqələri qurmuşdu – müəl.). Bunu giriş hesab edib keçək mövzuya. 

Avtosfer.az xəbər verir ki, o vaxt yeni qurulmuş AMO və QAZ zavodlarının məhsullarının ciddi yoxlanmaya ehtiyacı vardı. Bunun üçün də sərt iqlimi ilə seçilən Orta Asiyadan keçmək qərara alınır. Nəzərə alaq ki, bu günün avtomobilləri belə Qaraqum səhrasında asfalt börtüklü yollarda çətinlik çəkirlər. 
Beləliklə, 96 nəfərlik heyət, 23 avtomobil (o cümlədən 3 ədəd üçoxlu Ford) 6 iyul 1933-də Moskvadan yola çıxır. 

Moskva-Qaraqum-Moskva marşrutunda Qaraqum səhrası əsl sınaq olur. Qum avtomobillərin salonuna dolur, maşınlar səhrada batır və yalnız insan gücünə qumluqdan çıxa bilir. Köhnə karvan yolu ilə gedən avtomobillərin və heyətin əsas ehtiyacı su idi. Avtomobillərin kabinəsində temperatur 75 dərəcə selsiyə çatırdı. Yürüşə keçmiş sarvan olan 80 yaşlı türkmən bələdçilik edirdi. Yaşı ötsə də, o, yürüş iştirakçılarını səhv etmədən mənzil başına çatdırır (indi bələdçini GPS əvəz edir). Yüzlərlə kilometr qumluqda onun nəyə istinadla yolu tapması bu gün də müzakirə mövzusudur. 

Orta Asiyanın böyük yaşayış məntəqələrini keçən yürüş iştirakçıları Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə çatırlar. Burada onlar bərə ilə Bakıya keçirlər. Gəmidə keçən müddətdə iştirakçılar şəxsi gigiyena ilə məşğul olur, doyunca su içə bilirlər. 
Bakının nisbətən sərin havası yürüş iştirakçıları üçün göydəndüşmə olur. Burada heyət coşqu ilə qarşılanır, onların şərəfinə qonaqlıq verilir, avtomobillərə texniki baxış keçirilir. Paytaxtımızda bir gün qalan yürüş iştirakçıları ertəsi gün yola düşürlər. Filmdəki kadrlardan belə təxmin etmək olar ki, hərəkət marşrutu Ağsu və İsmayıllı yolundan keçib. Növbəti böyük dayanacaq Şəki olur. Burada da 1 gün dincələn iştirakçılar Tiflisə yola düşürlər. Azərbaycan ərazisində hava gözəl idi, Qaraquma bənzəmirdi. Ölkəmizdə yürüş iştirakçıları ciddi texniki problemlə üzləşmirlər. Gürcüstanda onları soyuq hava, hərbi Gürcüstan yolu gözləyirdi. 

Yürüş 30 sentyabrda Moskvada başa çatır. Bütün avtomobillər və heyət sağ-salamat qayıdır. 86 gündə 9400 km qət edən avtomobillərdə ciddi texniki nasazlıq aşkar edilmir. Halbuki qət edilən məsafənin 80%-dən çoxu yolsuzluq şəraiti idi. 

Bəli, 1933-cü ildə çox ciddi avtoyürüş təşkil edə bilən Sovet İttifaqının yerində hazırda 15 dövlət mövcuddur. Bu ölkələrin avtomobil sənayesinə gəlincə, bu gün Rusiya normal avtomobil istehsal edə bilmir. Adını çəkdiyimiz AMO zavodunun qırxıncı illərdə adı dəyişib əvvəl ZİS, sonra ZİM, nəhayət ZİL olur. Sözügedən zavodun yerində bu gün ticarət mərkəzləri və hündürmərtəbəli binalar bərqərar olub. Bu da Rusiyanın avtomobil sənayesinin 80 ildə gəldiyi yol.

Orta Asiyaya gəlincə, Qazaxıstanda avtomobil yığılması normal səviyyədə olsa da, ixrac yox dərəcəsindədir. Özbəkistan isə avtomobil istehsalının həcminə görə türkdilli ölkələr arasında yalnız Türkiyədən geri qalır. 

VACİB MƏQAM: Filmin Azərbaycana aid hissəsinin sonunda kadrda “Gürcüstan SƏRHƏDDİ” yazısı görünür. Həm də latın qrafikası ilə.

PS. Moskva-Qaraqum-Moskva marşrutu 1977-ci ildə təkrarlanır. Bu dəfə isə tam başqa avtomobillərlə və başqa şərtlərlə. Bu ekspedisiya da Azərbaycandan gəlib keçir. Lakin komanda Azərbaycan SSR-i bu dəfə Balakəndən deyil, Qazaxdan (indiki Ağstafa) tərk edir. Bu isə ayrı söhbətin mövzusudur.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh