Gəncə trolleybusu 45 yaşını qeyd edə bilmədi - FOTO
Azərbaycanın ikinci böyük şəhəri Gəncədə trolleybus əlamətdar bir gündə - 1 may 1955-ci ildə xidmətə açıldı.
Avtosfer.az-ın xəbərinə görə, Gəncədə o dövrdə artıq tramvaylar işləyirdi. Tramvay öz gəlişi ilə şəhərdə 2 nəqliyyat növünü (konka və kukuşka) sıradan çıxarmışdı. Taleyin qınağına bax ki, yeni nəqliyyat növü də tramvayın qəniminə çevrildi.
Gəncədə trolleybusa tələbat ilk dövrlərdən çox yüksək olub. Yeni sənaye müəssisələrinin və əhalinin sayının artması daha geniş ərazini əhatə edən nəqliyyat şəbəkəsinə ehtiyac yaratmışdı. Trolleybusların sərnişin tutumu da bir qayda olaraq avtobuslardan çox idi. Lakin trolleybus şəbəkəsinin genişlənməsi tramvaya tələbatı azaltdı. Trolleybus qısa bir vaxtda tramvay və avtobuslara rəqib oldu. Bu rəqabət 1976-cı ildə tramvayın ləğv edilməsi ilə nəticələndi. Şəhər rəhbərliyi trolleybus xətlərini genişləndirmək hesabına tramvaydan imtina etdi. 80-ci illərin ortalarında trolleybus öz inkişafının zirvəsinə çatdı. Artıq marşrut sayı 8-ə, xətlərin ümumi uzunluğu isə 113 km-ə çatmışdı. Şəhərdə sovet modeli “MTB-82”, “ZİU-5” və “ZİU-9” trolleybuslarla yanaşı Çexoslovakiyanın “Scoda-9” və “Scoda-14” trolleybusları da işləyirdi. Onlar komfortuna görə sovet texnikasını qat-qat üstələyirdi.
Qara günlər
Bütün SSRİ-də olduğu kimi Gəncə şəhərində də trolleybus parkının qara günləri 90-cı illərdə başladı. Baxımsızlıq, iqtisadi əlaqlələrin qırılması və yeni texnikanın alınmaması səbəbindən trolleybuslar köhnəlib eybəcər hala düşdü. Şəhər rəhbərliyi marşrut taksilərin sayını artırmaq üçün trolleybus xətlərinin sayını azaltdı. Rəhbərlik azalan xətlərin hesabına digər xətlərə daha çox sayda maşın buraxmaq vədini yerinə yetirmədi. Nə yeni trolleybus alındı, nə də parka qulluq edildi. Çünki həmin vaxtlar əhalinin böyük hissısi ictimai nəqliyyatdan pulsuz istifadə edirdi. Marşrut taksilərdə isə belə güzəşt yox idi. 21-ci əsrdə isə trolleybuslar ekstremal şəraitdə işləməyə məcbur oldular. Tez-tez elektrik kəsintisi ilə yanaşı bəzi yerlərdə ümumiyyətlə kontakt xətti yox idi. Sürücülər belə sahələrdə trolleybusu ətalətlə idarə edirdilər. Kontakt xəttindəki mis naqillər vaxtaşırı metal oğrularının hədəfi olurdu. Dəmir yol vağzalı ilə şəhərin kasıb məhəllələrini əlaqələndirən sonuncu xətdə axırıncı illərdə cəmi 10 maşın işləyirdi. Təbii ki, burda da stabil hərəkətdən söz gedə bilməzdi.
Trolleybus parkında 1993-cü ildə qaçqınlar məskunlaşdı. Sürücülər işdən sonra maşınları parka qaytarmır, evlərinə yaxın yerdə saxlayırdılar. 2004-cü ildə artıq trolleybus parkının həyəti və ətrafı hürdür bir metal qalağına çevrilmişdi. 2004-cü ilin sonlarında parkdakı kontakt xətti də söküldü. Trolleybuslar isə bir müddət sonra metaləritmə müəssisələrinə göndərildi.
Gəncə trolleybusu 45 yaşına bir neçə qalmış bir müəssisə kimi tam ləğv edildi. Hazırda Gəncədə mövcud olmuş trolleybus sistemindən heç bir nişanə qalmayıb.
PS. Artıq Gəncədə tramvay və trolleybus tarix olub. Lakin hərbir tarixi hadisə kimi buradan da dərs çıxarmalı məqam var: ictimai nəqliyyat elə qurulmalıdır ki, bütün növlər bir-biri ilə sinxron işləsin, rəqabət yaranmasın. Bu da yalnız vahid idarəçilik və savadlı yanaşma ilə mümkündür.