Reklam

İki milyarddan çox sakinini bir araya gətirən aksiya

Maraqlı 23 Mart 2024 21:20 Oxunub 496
İki milyarddan çox sakinini bir araya gətirən aksiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yer saatı Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən qlobal beynəlxalq tədbirdir. Bu zaman təyin olunmuş vaxtda dünyanın müxtəlif ölkələrində insanlar bir saatlıq işıqları və digər elektrik cihazlarını söndürürlər.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, 2024-cü ildə Yer saatının vaxtı martın 23-ü yerli vaxtla 20:30-dan 21:30-a qədərdir.

Aksiyanın məqsədi dünya ictimaiyyətinin diqqətini Yerdəki iqlim dəyişikliyi probleminə cəlb etmək, ekoloji problemlərin həllində vahid fəaliyyətin zəruriliyini çatdırmaqdır.

Yer saatı, ilk növbədə, təbiətə qayğının simvolik aksiyasıdır, planetin iqlimini qorumaq və məhdud resurslarına qayğı göstərmək üçün qətiyyətli tədbirlərə ictimai çağırışdır.

Alimlərin fikrincə, insan fəaliyyətinin planetin ekosistemlərinə təsiri o qədər artıb ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər bəşəriyyətin ehtiyaclarının ödənməsi üçün ikinci planetə ehtiyac yarana bilər. Odur ki, resursların qorunması probleminin həlli kollektiv şəkildə və müxtəlif səviyyələrdə həyata keçirilməlidir. Yer saatı aksiyasına qoşulmaqla dünyanın istənilən yerində hər kəs təbii ehtiyatların tükənməsi problemi ilə bağlı narahatlığını nümayiş etdirə və sağlam planet üçün “səs verə” bilər.

İlk dəfə olaraq ətraf mühitin mühafizəsi uğrunda mübarizədə həmrəylik nümayiş etdirmək üçün bir saatlıq elektrik enerjisinin kəsilməsi ideyası 2007-ci ildə WWF tərəfindən bir şəhər - Sidney (Avstraliya) miqyasında həyata keçirilib. Növbəti il həmin tədbir geniş ictimaiyyət tərəfindən dəstəklənib. Dünyanın 35 ölkəsində 100 milyondan çox insan aksiyaya qoşulub və beynəlxalq ekoloji təşəbbüsə çevrilib. O vaxtdan bəri aksiya getdikcə genişlənir və getdikcə daha çox insan, şəhər və ölkə iştirak edir.

Bu gün Yer saatı planetin ən böyük ekoloji hadisəsidir. Dünyanın 190 ölkəsindən 2 milyarddan çox insan bu aksiyaya qoşulur, 18 mindən çox memarlıq abidəsinin işıqlandırılması dayandırılır. Üstəlik, aksiyada həm milyonlarla sadə vətəndaş, həm də dünya üzrə minlərlə təşkilat iştirak edir. Bu, tamamilə könüllü aksiya olduğundan, insanlar neçə və hansı elektrik cihazlarını söndürəcəklərinə özləri qərar verirlər və şəhər rəhbərliyi şəhər obyektlərinin işıqlarını söndürməyə başlayır. Tədbirin təşkilatçıları təhlükəsizliyə görə küçə və naviqasiya işıqlarını və işıqforları söndürməyi tövsiyə etmirlər.

Azərbaycan Yer saatı aksiyasına rəsmi olaraq 2011-ci il martın 26-da qoşulub və ilk aksiya çərçivəsində Qız qalasının işıqları söndürülüb. Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi Yer saatı çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə edib.

Qeyd edək ki, bu gün saat 20:30-da Heydər Əliyev Mərkəzində IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Ümumdünya Vəhşi Təbiət Fondunun və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yer saatı beynəlxalq kampaniyası çərçivəsində bir saatlıq əyləncəli tədbir keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh