Müğənnilərin yeni toy qiymətləri dodaq uçuqlatdı – MƏBLƏĞLƏR
Şou-biznes deyiləndə bizdə yalnız toy nəzərdə tutulur. Toylardan böyük pulların qazanılması çoxlarını müğənni olmağa həvəsləndirib. İndi səsi olan da, olmayan da əlinə fonoqram diskini alıb toyda oxumağa gedir. Bəzən qazandıqları məbləğ bir işgüzar adamın illik gəlirinə bərabər olur, amma o məşhuru toyunda görmək üçün dəridən-qabıqdan çıxanlar da az deyil. Dəyərmi, dəyməzmi, bu artıq ayrı mövzudur. Bu gün qiymətlərdən danışırıq.
Avtosfer.az lent.az-a istinadən Azərbaycan şou-biznesinin ən bahalı müğənnilərinin toy qiymətləri barədə məlumat paylaşıb.
Ən bahalı müğənni Nuri Sərinləndiricidir. O, bütün toyu oxumaq üçün 25 min manat, yarım saat çıxış üçün isə 8 500 manat tələb edir. Əsasən Rusiya toylarını idarə edir.
Xalq artisti Faiq Ağayev bütün toyu oxumaq üçün 15 min manat, yarım saatlıq çıxış üçün isə 7 000 manat qonorar istəyir.
Xalq artisti Brilliant Dadaşovanı da 15 min manat verib öz toyunuzda görə bilərsiniz. Müğənni məclisdə yarım saatlıq iştirakı üçün 7 000 manat tələb edir.
Abbas Bağırov bütün toyu 18 min manata idarə edir. Yarım saatlıq dəvət üçün isə 5 000 manat istəyir.
Murad Arif bütün toyu idarə etmək üçün 11 min manat, yarım saat üçün isə 4 000 manat istəyir.
Xalq artisti Aygün Kazımovanın yarım saatlıq çıxışının dəyəri 8 000 manatdır.
Xalq artisti Röya Ayxanın toyunuzda oxuması üçün 10 000 manat ödəməlisiniz.
Xalq artisti Tünzalə Ağayeva 7 000 manat tələb edir.
Müğənni Nəfəs və Zeynəb bütün toyu oxumaq üçün yalnız özlərinə (ansambl olmadan) 5 000 manat, yarım saatlıq çıxış üçün isə 2 000 manat tələb edirlər.
Afət Fərmanqızı Azərbaycan toylarına gəlmək üçün təkcə özünə 5 000 dollar tələb edir.
Toylara ən çox dəvət alan müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun da toy qiymətləri dodaq uçuqladır. Bütün toy üçün 10 min manat, yarım saatlıq çıxış üçün ən az 3 000 manat qonorar istəyirlər.
Müğənni Rəqsanə bütöv toy üçün 5 000 manat, yarım saatlıq çıxış üçün isə 3 000 manat istəyir. Onun qızı Aysun yalnız yarım saatlıq çıxışlar edir. Hər çıxışı üçün 2 000-3 000 manat qonorar istəyir. Aysunun dediyinə görə, yarım saatlıq çıxış müğənnilərə daha çox sərf edir. Onlar bir gündə bir neçə toyda, qonaqlıqda ola bilirlər, eyni zamanda məclisin bütün məsuliyyətini də üzərlərinə almamış olurlar.