Parisin avtobus zolaqları: bizimkindən fərqi nədir? - FOTO
Əslində avtobus zolaqları dünya miqyasında yeni hal deyil. Avropa və ABŞ şəhərlərində belə xətlər İkinci dünya müharibəsindən sonra geniş vüsət alıb. Azərbaycanda isə buna ehtiyac son 10 ildə yaranıb. Bəs düz 60 il əvvəl, 15 yanvar 1964-cü ildə xüsusi avtobus zolaqları ilə tanış olan Parisdə vəziyyət necədir? Bu zolaqlar sakinlərin davranışına, nəqliyyatdan istifadəyə nə dərəcədə təsir edir? Bir qədər əvvələ qayıdaq.
60-cı illərin Parisində hərəkət indiki Bakıdakı kimi idi. Saatlarla davam edən tıxac, tüstü, intervalı bəzən 1 saata çatan avtobuslar. Bir yandan bələdiyyələr avtobusların zərərlə işlədiklərini deyir, digər tərəfdən əhali saatlarla yolda qalırdı. Tramvayın ləğvi (fransızlar bu səhvlərinə görə peşiman oldular və onu düzəltdilər) ilə vəziyyət daha da pisləşmişdi. Nəqliyyatın orta sürəti 9 km/saata enmişdi. Yəni, bəzən bir yerə piyada daha tez çatmaq mümkün idi.
Belə olan təqdirdə Paris bələdiyyəsi 1964-cü ilin yanvarında Luvr muzeyi qarşısında 990 metrlik avtobus zolağı ayırdı. Paris üçün kiçik məsafə olsa da, səmərə hiss olundu. Lakin bələdiyyə bu yolla həm də özünə düşmən qazandı.
Cəmi 1 kilometrlik yola görə bələdiyyəyə tənqidlər yağmağa başladı. Ən əsası isə, bələdiyyə sədri insan hüquqlarını pozmaqda (tanış deyilmi!) ittiham edildi.
Lakin yollardakı sıxlıq avtobus zolaqlarının sayının artırılmasını diktə edirdi. Sonradan bəzi zolaqlar uzadıldı, dəyişiklik edilib başqa təyinatla istifadə edildi. Hazırda Parisdə avtobus zolaqlarının uzunluğu 190 km-ə yaxındır. 80- ci illərdə ləığv edilmiş zolaqlarda isə əsasən tramvaylar şütüyür. Parisin mərkəzində tramvay xətlərinin uzunluğu 186 kilometrdir.
Avtobus zolaqlarının salınması və ümumilikdə ictimai nəqliyyatın yaxşılaşması öz nəticəsini verdi: 50 ildə Parisdə şəxsi avtomobillərdən istifadə 50% azalıb, sakinlərin avtomobil almağa marağı azalıb. Müasir Parisdə Bakıdaki kimi tıxaca az hallarda rast gəlmək mümkündür.
Bəs avtobus zolağına digər nəqliyyat vasitələri çıxa bilərmi? Bu məsələ Fransanın Yol hərəkəti qanunu ilə tənzimlənir. Qanunun 412-7-ci maddəsinə görə, avtobus zolağına heç bir digər nəqliyyat vasitəsi daxil ola bilməz. Bu qayda pozuntusu 135 avro cərimə ilə cəzalandırılır.
Lakin bəzi istisnalar mövcuddur: taksilər salonda sərnişin olduqda, və ya kimisə mindirmək və ya düşürmək lazım gəldikdə bu zolağa daxil ola bilər. Bu istisna yalnız lisenziyalı taksilərə aiddir. Bununla belə, zolaqdan sui-istifadə yolverilməzdir.
Kuryerlər, çatdırılma xidmətləri və velosipedlər də bu zolaqdan zəruri hallarda istifadə edə bilər. Lakin zolaqda velosiped və ya motosiklet park etmək qadağandır.
Nəhayət, xüsusi nəqliyyat vasitələri – təcili yadım, yanğınsöndürən, polis, jandarma və sair də bu yoldan müvəqqəti istifadə edə bilər.
Taksilərin tramvay yolunda hərəkəti qadağandır. Formal olaraq velosipedçi və motokuryerlərin də tramvay xəttinə çıxması qadağan edilsə də, bu məsələyə praktik olaraq nəzarət mümkün deyil.
Əgər 60-cı illərdə gecə saatlarında şəxsi avtomobillərin avtobus zolağına daxil olmasına icazə verilirdisə, indi qadağandır. Prinsip etibarı ilə müasir Parisdə buna ehtiyac da yoxdur. Ən çox əhalisi olan Avropa şəhərlərində belə, gecə və həftə sonları həyat belə demək mümkünsə “ölür”.
Müqayisə yanlış olsa da, bir məsələni deməyi borc bilirəm: Avtobuslar üçün xüsusi zolaq ayıran azərbaycanlı məmurların vəziyyəti 60-cı illərdəki fransız məmurlarla oxşardır. Hər ikisi avtomobil sahiblərinin, küçələri genişləndirmək kimi absurd təklif verənlərin ittihamları ilə üzləşib. Elə həmin Parisdə 60-cı illərin təcrübəsi göstərdi ki, yolları genişləndirmək sıxlığı azaltmaq üçün çıxış yolu deyil. Yeganə çarə ictimai nəqliyyatın inkişafıdır. Ən əsası isə, avtobus zolaqları ümumi maraqlara xidmət etdiyi üçün xüsusi maraqlara qurban verilə bilməz.
Vüqar Yaşaroğlu