Reklam

Ramil Usubov 38 il əvvəl Xankəndidə - FOTO

Maraqlı 21 Dekabr 2023 17:20 Oxunub 746
Ramil Usubov 38 il əvvəl  Xankəndidə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2 dekabr tarixi sabiq daxili işlər naziri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının  katibi, general-polkovnik Ramil Usubov doğum tarixidir. General yeubileyini – 75 yaşını qeyd edir.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının bugünkü təqdimatı Ramil Usubovla bağlıdır.

Fotoşəkli Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov təqdim edib.

Zaman 1985-ci il, məkan Xankəndi şəhəri…

“General-polkovnik Ramil Usubov mənim həmyaşıdımdır. Ramil müəllim əslən qarabağlıdır, 22 dekabr 1948-ci ildə Xocalıda anadan olub. Fəaliyyətinin ilk illəri də Qarabağda keçib. Mən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin ediləndə (23 fevral 1979-cu il) Ramil Usubov milis mayoru rütbısində Şuşa Rayon Daxili İşlər Şöbəsi rəisinin müavini idi.

Sonra DQMV Daxili İşlər İdarəsi rəisinin müavini vəzifəsinə irəli çəkildi. İş elə gətirdi ki, Xankəndidə eyni kvartalda yaşadıq, övladlarımız eyni məktəbdə, oğlanlarimız eyni sinifdə oxudular. Həmişə xoş, səmimi münasibətdə olmuşuq. Müşahidələrimə görə, olduqca səmimi, işində məsuliyyətli, etibarlı, vətənpərvər, ailəcanlı, ailəsinə, qohumlarına, dostlarına, dövlətinə, Vətəninə olduqca sədaqətli insandır.

Bu fotoşəkil 1 may 1985-ci ildə Xankəndidə vilayət qəzetinin fotomüxbiri tərəfindən çəkilib.

Ramil müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona ən xoş arzularımı ünvanlayıram”.

Arayış: Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət etməyə başlayıb.

1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə keçmiş Əli-Bayramlı (Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxşıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilib. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Az sonra nazirin rütbəsi də artırılıb - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.

24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ramil Usubov Azərbaycan Respublikasının 25 il daxili işlər naziri vəzifəsində çalışıb.

O, 20 iyun 2019-ci il tarixində daxili işlər naziri vəzifəsindən azad olunub. Elə həmin tarixdə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi təyin edilib. 75 yaşlı general hazırda da bu vəzifədə çalışır.

Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Onun oğlanları Raul və Emil Usubovlar daxili işlər orqanlarında yüksək rütbələrdə vəzifələr tuturlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh