Banner

Valideynlərin DİQQƏTİNƏ!  “Qorxulu” oyuncaqlar ...

Maraqlı 15 Noyabr 2022 23:00 Oxunub 2606
Valideynlərin DİQQƏTİNƏ!   “Qorxulu” oyuncaqlar ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, Türkiyə Ticarət Nazirliyi iki şirkətin istehsal etdiyi "Huggi Wuggy" oyuncağını geri çağırmaq qərarına gəlib. Bundan əlavə, satılan məhsullar da geri çağırılıb.

Avtosfer.az xəbər verir ki,  bazara təklif olunan oyuncaqlara baxış keçirildiyi bildirilib. Müvafiq olaraq, riskli hesab edilən məhsullardan götürülmüş nümunələrdə iki məhsulun “Oyuncaqların Təhlükəsizliyi Qaydası” tələbinə cavab vermədiyi müəyyən edilib.

Qetd edək ki, "Huggy Wuggy" tipli oyuncaqlar son vaxtlar gündəmdədir. İncə iti dişləri ilə qorxu oyunu personajı olan oyuncaq haqqında mütəxəssislər valideynlərə xəbərdarlıq edir.

Onu da bildirək ki, bu tipli qorxulu və eybəcər oyuncaqlar Azərbaycanda da satılır.

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun Bakıvaxtı.az-a dediyinə görə, demək olar ki, əksər oyuncaqlar və cizgi filmləri, uşaqlar üçün olan məhsullar gələcəkdə övladlarımız böyüyəndə bir istehlakçı kimi bu cür markalı mallara üstünlük verməsinə hazırlıq məqsədi güdür: “Əslində, bunlar böyük biznes proyektləridir. Təkcə mal və xidmətlərdən istifadə edən alıcı hazırlamaq deyil, eləcə də, müəyyən insan qrupunda, ölkələrdə insanların psixoloji durumunu dəyişdirmək üçün aparılan işlərdir”.

AİB sədri qeyd edib ki, istənilən humanitar bir iş, uşaqları sevmək, uşaqları əyləndirmək və s. hamısının arxa mahiyyətində pul qazanmaq durur: “Kapitalizmin ən eybəcər surəti medalın o üzündədir. Hətta bəzi ölkələrdə qorxulu maskalarla bağlı bayramlar keçirilir, lakin onların da mahiyyətində pul qazanmaq dayanır. İnsanların durumunu dəyişən, dünyanı idarə edən mərkəzlər tərəfindən aparılan siyasətdir”.

E.Hüseynovun sözlərinə görə, hazırda biz izafi istehlakçı əsrini yaşayırıq: “Baxın, görün uşaqların nə qədər oyuncağı var?! Baxın, mən yaşda kişilərin nə qədər qalstuku var?! Bu yaxınlarda ərzağın israfçılığı məsələsi ilə bağlı beynəlxalq bir yığıncaq keçirilirdi. Mən orada dedim ki, biz acgöz istehlakçı əsrində yaşayırıq. Bu kimi məsələlərlə böyüyən uşaq gələcəkdə acgöz istehlakçı olur. Müəyyən qorxulu oyuncaqlara meyl böyüdükdə tamam ayrı bir düşüncə tərzi, əhval-ruhiyyə yaradır. Sanki insanların heyvaniləşməsi, insan cəmiyyətindən uzaqlaşması üzərində iş aparılır”.

Türkiyədə belə oyuncaqlara qadağa qoyulduğunu  təqdir  edən Eyyub Hüseynov təəssüflə qeyd edib ki, Azərbaycanda heç bir mal sahəsində geri çağırma adlı bir mexanizm yoxdur: “Oyuncaqlar sahəsində isə çatışmayan ciddi məsələlərdən biri budur ki, 18 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv edildi. Bu, təhlükəsizliyi təmin olunan mallar siyahısı idi”.

Müsahibimiz vurğulayıb ki, həmin mallar, o cümlədən, uşaq oyuncaqları ölkənin əmtəə bazarına girməzdən öncə sertifikatlaşdırılmalıdır: “İndi heç bir sertifikatlaşdırma işi getmir. Təkcə qorxulu oyuncaqlar yox, eləcə də, ağır metallarla zəngin və uşaqları tədrici zəhərləyən mallar, orqanizmdə ağır metalların toplanmasına rəvac verən oyuncaqlar da Azərbaycanın əmtəə bazarında satılır. Azərbaycan hökumətinin apardığı istehlakçı hüquqlarının qorunmasına dair siyasətlə AİB ictimai və beynəlxalq təşkilatın üzvü olaraq qətiyyən razı deyil. Hökuməti üzünü istehlakçılara çevirməsini çağırırıq. O cümlədən, malların və xidmətlərin geri çağırılma mexanizmi həyata keçirilsin”.

AİB sədri bildirib ki, belə qorxulu oyuncaqların Azərbaycan bazarına daxil olmasının qarşısı mütləq alınmalıdır. O, valideynləri də oyuncaq seçimində çox diqqətli olmağa çağırıb: “Belə oyuncaqlar Azərbaycan uşaqlarının psixologiyasına mənfi təsir edir və insanlıqdan uzaqlaşdırılır. Bu cür oyuncaqların idxalı qadağan olunmalıdır”.

Bakıvaxtı.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh