Xarici qonaqlar gəlsə, onları hara aparım? Bakıda gəzməli, görməli - 10 YER - FOTO

Maraqlı 19 Avqust 2022 23:59 Oxunub 3392
Xarici qonaqlar gəlsə, onları hara aparım? Bakıda gəzməli, görməli - 10 YER   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Gəzməyə qürbət ölkə” deyib bəzən başqa ölkələrin görməli yerlərini Vətənimizdən, başqa şəhərləri Bakıdan daha yaxşı tanıyırıq. Xaricdən qonağımız gələndə və ya elə boş vaxtlarımızda şəhərimizdə hara gedək, sualı ilə qarşılaşırıq. Ona görə də Bakının TOP-10 görməli yerlərinin siyahısını topladıq, getməmisinizsə, olmamısınzsa vaxt tapın gedin və baxın.

 

1. İçəri şəhər

Xalqımızın “Köhnə Şəhər” adlandırdığı İçəri Şəhər tarixi quruluşunu bir qədər dəyişib. Bəzi yerlərdə ona xarakterik olmayan hündürmərtəbəli evlər peyda olsa da, ümumilikdə qədim şəhər görkəmini saxladığı üçün turistlərin Bakıda gəzdiyi yerlər siyahısında ilk üçlükdədir.

Paleolit ​​dövrdən etibarən yaşayış yeri olaraq istifadə edilən şəhərin bu hissəsi 2000-ci ildə YUNESKO-nun Dünya Tarix Mirasları Siyahısına daxil olub. 2003-cü ildə təhlükə altındakı dünya miraslarından biri olaraq qəbul edilib. Köhnə şəhərin “cobbled küçələri”ndə ellin tarixinə aid edilən bir bina da var.

İçəri şəhərə giriş pulsuzdur.

Yeri: https://goo.gl/maps/c4h3HrFQMmAmRmxZ7

 

2. Şirvanşahlar sarayı

2000-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına düşən bu saray İçəri Şəhərin ərazisində yerləşir. Qala divarlarının içərisində yuxarı hissədə yerləşən bu bina 1964-cü ildən muzey kimi istifadə olunur. XV əsrdə Şirvanşahlar sülaləsinin şahı olan İbrahim Xəlilullah tərəfindən tikildiyi məlumdur.

Muzeyin təyinatı ilə bağlı müxtəlif fikirlər var. Belə ki, sarayın süfilərin məskəni olduğu və burada dini məclislərin və divanxanaların keçirildiyi bildirilir. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.Eyni zamanda burada də tarixi əşyalar, eləcə də dövrün padşahlarının istifadə etdiyi əşyalar sərgilənir. Muzeyin son restavrasiyasını uğurlu saymaq olmaz, ancaq köhnə hissələr qaldığından tarixi dəyərini qoruyub saxlayır.

Muzeyə giriş qiymətləri:  

  • Azərbaycan vətəndaşları - böyüklər 2 manat, tələbələr 1 manat, uşaqlar 0,20 manat.  Məktəbəqədər uşaqlar, hərbi qulluqçular, birinci, ikinci qrup əlillər, milli qəhrəmanlar, müharibə əlilləri və veteranları, şəhid ailələri üçün giriş pulsuzdur.
  • xarici turistlər – böyüklər 15 manat, tələbələr 6 manat, uşaqlar 0,20 manat.  
  • Bələdçi xidməti xarici vətəndaşlar üçün 20 manat, bizimkilər üçün 10 manatdır.

Yeri: https://goo.gl/maps/EUMcdPtixvPvDk817

 

3. Qız qalası

Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Zərdüştlüyün qədim bir məbədi kimi, müdafiə istehkamı, dənizdən gələn təhlükəni  görmək və ya gəmilər üçün mayak funksiyası daşımaq kimi tarixi əhəmiyyətini vurğulayan tədqiqatçılar çoxdur. Qız Qalasının hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülüb.

Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.

Rəsmi mənbələrdə 12-ci, bəzi tarixçilərin araşdırmalarında isə Azərbaycana islamın gəlməsindən çox əvvəl 6-cı əsrdə tikildiyi deyilir. Qüllə 18 və 19-cu əsrlərdə dəniz fənəri kimi istifadə edilib. 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Qız qalasına bilet qiymətləri:

  • Azərbaycan vətəndaşları - böyüklər 2 manat, tələbələr 1 manat, uşaqlar 0,20 manat.  Məktəbəqədər uşaqlar, hərbi qulluqçular, birinci, ikinci qrup əlillər, milli qəhrəmanlar, müharibə əlilləri və veteranları, şəhid ailələri üçün giriş pulsuzdur.
  • xarici turistlər – böyüklər 15 manat, tələbələr 6 manat, uşaqlar 0,20 manat.  
  • Bələdçi xidməti xarici vətəndaşlar üçün 20 manat, bizimkilər üçün 10 manatdır.

Yeri: https://goo.gl/maps/2vWJnWg3fF55xYe8A

 

4. Atəşgah

Atəşgah dünyada üç Magi ibadətgahından biridir. Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olub məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılıb.

O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı.

Rusiya şərqşünası İlya Berezin 1842-ci ildə yazırdı: “İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını alıb. Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq olan bir çox şeylərdən ibarətdir, lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”.

Biletlərin qiyməti:

  • Xarici vətəndaşlar - 4.00 AZN. Yerli vətəndaşlar - 2.00 AZN. Tələbələr - 1.00 AZN
  • Eskursiya Azərbaycan dilində - 3.00 AZN, digər dillərdə - 5.00 AZN-dir.
  • Foto-video rolik çəkmək istəsəniz bir gün üçün rəsmi qiyməti 240 manatdır. 

Yeri: https://goo.gl/maps/sbBz2GBw4Micxx3YA

 

5. Bakı Bulvarı

1909-cu ildə açılan Bakı Bulvarı (Bakı Bulvarı) Xəzərin Bakı sahili boyunca uzanır. Əsrin əvvəlində Bakıda yaşayan neft tacirlərinin iqamətgahlarını olduğu şəhərin bu hissəsi sonra Dəniz Kənarı Milli Park adlandırılıb.

Dəniz sahilinin doldurulmasıyla yaradılmış bulvar, müstəqilliyin qazanılmasından sonra genişləndirərək muzeyləri, abidələrin, əyləncə mərkəzlərinin olduğu bir cazibə mərkəzi halına çevrilib. Burada "Venesiya şəhərciyi" hissəsində qayıqda səyahət edə bilərsiniz. Qiymətlər yerli və xarici turistlər üçün 10-20 manat arasında dəyişir. 

Bulvar ərazisinə giriş sərbəstdir.

Yeri: https://goo.gl/maps/91ioHQt9dGMWiSFa8

 

6. Qobustan Dövlət Tarix və Bədii Qoruğu

Qafqaz dağlarının cənub-şərq tərəfində 40 min il bundan əvvəl mövcud olan qaya səlnamələridir. Bakı şəhərdən 56 km aralıda yerləşir və Böyük Daş, Kiçikdaş, Cingirdağdakı Yazılı təpə, Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Əsil səyahət dövrü payız-qış aylarıdır, çünki bu qayalıqlarda ilanlar az deyil.  Qoruqda müasir və çox maraqlı muzey var. Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir. Burada 5000-ə yaxın qayaüstu rəsm aşkar edilmişdi. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qoruğa giriş üçün bilet qiymətləri:

  • Azərbaycan vətəndaşları üçün: böyüklər 4 manat, tələbə 1 manat, məktəbli 0,40 manat.
  • Turistlər üçün -10 manat.

Yeri: https://goo.gl/maps/8BpP4bzoD3ufUfQW6

 

 

7. Nizami küçəsi

“Torqovı” Bakını tanımaq və sevmək üçün mərkəzdir. Avtomobillərin hərəkətinə tamamilə bağlı olan bu küçənin uzunluğu 3,5 kilometrdir və minimal dizayna malikdir.

Dünyaca məşhur brendlərə rast gəldiyiniz bu küçə möhtəşəm işıqlandırma elementləri ilə gecə gəzintisi üçün unikaldır. Unutmayın ki, qiymətli əsərləri olan Ədəbiyyat muzeyi və bir neçə məşhur teatrlar da  bu küçədə yerləşir.  

Hərəkət sərbəstdir, muzey və teratrların qiyməti isə müvafiq olaraq dəyişir. 

Yeri: https://goo.gl/maps/1xf36AowdLnkxKYp7

 

8. Heydər Əliyev Mərkəzi

İraq əslli İngilis memar Zaha Hədidin dizayn etdiyi Heydər Əliyev Mərkəzinin (Heydar Aliyev Center) inşasına 2007-ci ildə başlanmış və 2012-ci ildə istifadəyə verilmişdir. Detal dizaynında Saffet Kaya Bekiroğlunun imzasını daşıyan bina, xarici görünüşü və daxili hissəsindəki orijinallığı sayəsində Bakıya gələn qonaqların mütləq görmək istədikləri bir məkandır. Mərkəzdə çox unikal sərgilərin də keçirildiyini nəzərə alsaq, görməli yerlər sırasında bir seçiminiz bura olsun. Mərkəzdə Muzey/Sərgi və Klassik Avtomobillər sərgisi bölməsi fəaliyyət göstərir.

Girişdə yerli vətəndaş, turist ayrıseçkiliyi yoxdur.

  • Muzeyə və Sərgilər hissəsinə giriş 6 yaşına qədər uşaqlar üçün pulsuzdur, 6 yaşından yuxarı 10 manatdır. Bələdçi 20 manat, qrup üçün bələdçi 30 manatdır.
  • Klassik Avtomobil sərgisinə biletin 6 yaşınadək uşaqlar üçün pulsuz, böyüklər üçün 10 manatdır. Bələdçi xidməti 10 manat, qrup üçün bələdçi xidməti 20 manatdır.
  • Milli qəhrəmanlar, şəhid ailələri, uşaq evləri və internat məktəblərində yaşayan uşaqlar, müharibə veteranları, I və II qrup əlillər, hərbi qulluqçular, şagird, tələbə, hərbi məktəblərin müdavimləri və Azərbaycan Respublikasının yaşı 65-dən yuxarı olan vətəndaşları üçün giriş pulsuzdur.

Yeri: https://g.page/heydaraliyevcenter?share

 

9. Yanar dağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

1950-ci illərdə bölgədə heyvan otaran bir çobanın ocaq yandırmağa çalışarkən, təbii qaz qaynağının alov alması nəticəsində kəşf edildiyi deyilir. Yanar Dağ Bakı yaxınlığında, duz gölləri ilə məşhur Abşeron yarımadasındadır. Davamlı olaraq yanan qaz qaynağında təzyiqin təsiriylə alovların yüksəkliyi bəzən 3 metrə çatır.

Biletlərin qiyməti:

  • Yerli ziyarətçilər - 2 manat
  • Xarici ziyarətçilər - 9 manat
  • Tələbələr - 1 manat (Tələbə bileti təqdim etməklə)
  •  
  • Bələdçi ilə tur (30 dəqiqə) Azərbaycan dilində - 3 manat, digər dillərdə - 6 manat
  • 18 yaşına qədər uşaqlar, Milli Qəhrəman, I və II qrup əlillər, Müharibə veteranları üçün giriş pulsuzdur.

Yeri: https://goo.gl/maps/qM4uEVTDYzGAojvs6

 

10. Milli Azərbaycan Tarixi Muzeyi

Bakıda gəziləcək yerlər siyahısında ölkəmizi tanıtmaq və tanıtdırmaq üçün bu muzeyin önəmi böyükdür. Azərbaycan Milli Tarix Muzeyi (National Museum of History of Azerbaijan) Tagiyev küçəsindədir. 1920-ci ildə qurulan muzey, biri neft taciri və xeyriyyəçi Zeynalabdin Taghiyevin evi olmaqla 2 hissədən ibarətdir. Ölkənin ilk dövrlərindən etibarən toplanan etnoqrafik və arxeoloji əsərlərin sərgiləndiyi Azərbaycanın ən böyük muzeyi ümumi 300.000 hissəlik kolleksiyaya ev sahibliyi edir.

Biletin qiyməti:

  • Azərbaycan vətəndaşları üçün – 5 AZN
  • Şagirdlər və tələbələr – 2 AZN
  • Xarici ölkə vətəndaşları üçün – 10 AZN
  • Bələdçi xidməti (giriş biletindən əlavə olaraq) – 3 AZN
  • Fərdi ziyarətçilər üçün bələdçi xidməti (giriş biletindən əlavə olaraq) – 10 AZN
  • 6 yaşına qədər uşaqlar, uşaq evləri və internat məktəblərinin şagirdləri, həqiqi xidmətdə olan hərbi qulluqçular, I və II qrup əlilləri, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, İkinci Dünya Müharibəsinin və Qarabağ müharibəsinin əlilləri və veteranları, şəhid ailələri pulsuz giriş haqqına sahibdirlər.

Muzeydə əlavə xidmətlər də var.

  • Ştativsiz və işartısız fotoçəkiliş üçün - 2 AZN
  • Həvəskar videoçəkiliş - 15 AZN (1 saata görə)
  • Peşəkar avadanlıqla videoçəkiliş - 300 AZN (1 saata görə)
  • Fotosessiya - 300 AZN (1 saata görə).

 Yeri: https://goo.gl/maps/U7Y82Ay81H3osrTYA

 

AviaTravel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh