Poliinosin-polisitidil turşusu (pIC) mədəaltı vəzi xərçənginə qarşı peyvənd kimi istifadə oluna bilər. Sağlam siçanlara tətbiq edildikdə, o, sonradan yaranan şişlərin böyüməsini 60% zəiflədib.
Tədqiqat “Journal for Immunotherapy of Cancer” jurnalında dərc olunub.
Mədəaltı vəzinin xərçəngi müalicəyə ən çətin tabe olan şişlərdən biridir. İllik sağ qalma nisbəti 24% təşkil edir və xərçəng aşkar edildikdən sonra yalnız 9% insanın beş ildən çox yaşama ehtimalı var. Yeni bir araşdırmada alimlər suda həll olunan polietilenimin polimerindən istifadə edərək pIC-nin birbaşa şiş hüceyrəsinə çatdırılmasının mədəaltı vəzinin kanallarının adenokarsinoma hüceyrələrinin məhvinə imkan verdiyini sübut ediblər.
Bundan əlavə, siçanların üzərində aparılan sınaqlar göstərib ki, pIC xərçəng inkişaf etməzdən əvvəl tətbiq edildikdə şişin böyüməsini təxminən 60% zəiflədir, yəni peyvənd kimi təsir edir. Molekul, şişə hücum etmək üçün immun sistemini yenidən tənzimləyərək heyvanların həyatını əhəmiyyətli dərəcədə uzadıb və həmçinin normal mədəaltı vəzi hüceyrələri üçün təhlükəsiz və qeyri-toksik olub.
Elmi işin müəllifləri qeyd ediblər ki, daha əvvəl onlar oxşar nəticələr əldə edə bilməyiblər. Maddə artıq insanlar üzərində sınaqdan keçirilməsi üçün hazırdır. (Oxu.a)