Xəzərdə istifadəyə verilən “Ro-Pax” tipli gəmi-bərələrin özəlliyi - FOTO

Maraqlı 2 Mart 2021 14:22 Oxunub 974
Xəzərdə istifadəyə verilən “Ro-Pax” tipli gəmi-bərələrin özəlliyi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sifarişilə Bakı Gəmiqayırma Zavodunda iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə inşa olundu.

Maraqlıdır ki, Ro-Pax/Bərə tipli gəmilərin tikintisinin Azərbaycan gəmiçilik sahəsi üçün strateji əhəmiyyəti nədən ibarətdir?

“Hazırda Azərbaycan üzərindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını Bərə və Ro-Ro tipli gəmilər həyata keçirir və bu gün ümumilikdə Xəzərin Azərbaycana aid hissəsində 13 ədəd bərə-gəmi, 6 ədəd Ro-Ro tipli gəmi fəaliyyət göstərir. Xəzərin Azərbaycana aid hissəsində mövcud bərə gəmilərin hamısı ASCO-nun donanmasına məxsusdur və ASCO bu gün Xəzərdə yeganə bərə operatorudur. Ro-Ro tipli gəmilər isə hər birində iki ədəd olmaqla, həm ASCO, həm Türkmənistan, həm də Rusiyaya məxsus gəmiçilik şirkətlərinin donanmasında istismar olunur. Lakin istər bərə, istərsə də Ro-Ro tipli bu gəmilər vaxtilə keçmiş Yuqoslaviya, indiki Xorvatiyanın gəmiqayırma zavodlarında tikilərək Xəzərə gətirilib”.

Bununla bağlı Avtosfer.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, son illərdə ASCO tərəfindən ümumilikdə 10 gəminin tikintisi üçün Bakı Gəmiqayırma Zavoduna sifariş verilib: “Zavod artıq 5 gəminin tikintisini başa çatdıraraq təhvil verib. Azərbaycanda yerli gəmiqayırma sənayesinin olması Xəzərdə minimal oturum ilə maksimal yükgötürmə imkanına malik unikal layihələr və yeni konsepsiyalar əsasında gəmilərin tikintisinə imkan verir. Ro-Pax tipli gəmilər də bu qəbildəndir. Bu gəmilər Xəzər dənizinin limanlarının mövcud sahil yanalma, yükləmə-boşaltma infrastrukturuna uyğun gələn və maksimal yükgötürmə imkanına malik gəmi olacaq. Unikal layihə hesab olunan və bu proyekt ilə ilk dəfə Xəzərdə istismara verilən yeni Ro-Pax tipli gəmi-bərələrin konsepsiyası və mühəndis-layihə işləri ASCO mühəndislərinin yaxından iştirakı ilə Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb. Bu gəmilərin uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü 7.5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən gəmilər saatda 14 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Yeni Ro-Pax tipli gəmilər yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TİR daşımaq imkanına malikdir”.

 

“Eyni zamanda, gəmilər yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi və iki ədəd dartıcı lokomotivlə təchiz olunublar. Ro-Pax tipli gəmi-bərələr hazırda ASCO-nun donanmasında olan digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək. Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edəcəklər”, – deyə qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh