2024-cü ildə aviaşirkətlərin gəlirləri 1 trilyon dollar artacaq

Aviaşirkətlər 2024-cü ildə təxminən 5 milyard sərnişin daşıyacaq və onların gəlirləri təqribən 1 trilyon dollar artacaq. Beləliklə, hər iki göstərici rekord həddə çatacaq və pandemiyanın mənfi təsirləri tamamilə aradan qaldırılacaq.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) son hesabatında bildirilib. Qeyd olunub ki, 2024-cü ildə dünya aviaşirkətlərinin ötən ildəki 25,7 milyard dollar xalis gəlirlə müqayisədə 30 milyard dollar daha çox gəlir əldə edəcəyi gözlənilir.
IATA Dubayda keçirilən illik ümumi yığıncağında bildirib ki, bununla belə, ümumi xərclər də bu il rekord həddə çatacaq və 9,4 faiz artaraq 936 milyard dollar təşkil edəcək.
Assosiasiyanın baş direktoru Villi Uolş qeyd edib ki, artıq arxada qalmış ağır pandemiya dövründəki itkilər nəzərə alınarsa, gözlənilən 30 milyard dollarlıq mənfəət böyük nailiyyət sayıla bilər. O əlavə edib:
“Şübhəsiz ki, aviasiya fərdlərin və iqtisadiyyatların ambisiyaları, rifahı üçün çox vacibdir. Aviaşirkətlərin gəlirlərinin artması və maliyyə dayanıqlığının gücləndirilməsi mühüm amillərdir”.
COVID-19 pandemiyası hava nəqliyyatını böhrana sürükləyib, təyyarə parkına mənfi təsir göstərib, habelə minlərlə iş yerinin ixtisarına səbəb olub. IATA-nın məlumatına görə, 2020-2022-ci illər arasında itkilər 183 milyard dollar təşkil edib. Bu il gözlənilən sərnişin sayına və 996 milyard dollarlıq gəlirə baxmayaraq, mülki aviasiya sənayesi üçün bəzi problemlər qalmaqdadır. Rekord xərclərlə yanaşı, 2024-cü ildə qoyulmuş kapitalın gəlirliliyi onun orta dəyərindən təxminən 3,4 faiz aşağı olmaqla 5,7 faiz səviyyəsində qiymətləndirilir.
Aviaşirkətlər, həmçinin ehtiyat hissələrinin və işçi qüvvəsinin çatışmazlığı, habelə iqlim dəyişikliyi ilə bağlı problemlər, o cümlədən su basmış uçuş-enmə zolaqları və meşə yanğınları səbəbindən xərclərin kəskin artması problemi ilə üzləşir. Altı həftə əvvəl dünyanın beynəlxalq sərnişinlər üçün ən işlək hava limanı olan Dubay aeroportunun uçuş-enmə zolağında güclü daşqın səbəbindən 2000-dən çox aviareys ləğv edilmişdi. Bəzi ekspertlər də son günlərdə baş vermiş iki böyük təyyarə turbulentliyi hadisəsindən sonra iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalıblar.
Qlobal uçuş marşrutlarının 83 faizini təşkil edən 300-dən çox aviaşirkəti birləşdirən IATA qeyd edib ki, aviaşirkətlərin fəaliyyətində canlanma nikbinlik üçün əsas verir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












