Adil Əliyev:  “Zəngəzur Türk dünyasını birləşdirən bir körpüdür”

Xəbərlər 3 Aprel 2021 16:00 Oxunub 582
Adil Əliyev:  “Zəngəzur Türk dünyasını birləşdirən bir körpüdür”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, bərabərliyin daha da inkişaf etməsinə təkan verdi.
Türk dövlətlərinin birliyinin, bərabərliyinin daha da dərinləşməsinə yönəlmiş bu
Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi və qazandığımız tarixi qələbə barədə olmuşdur.
Görüşdə çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev  Ermənistanın 20 faiz ərazimizi zəbt edərək, vətəndaşlarımızı amansızcasına öldürməsinə, 1 milyona yaxın həmvətənimizin məcburi köçkün olaraq öz dədə-baba yurdlarını tərk etməsinə, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmasına, insanlıq tarixinin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına diqqət çəkmişdir.
Ermənistan bu müddət ərzində sülh danışıqlarını yalnız imitasiya etməklə kifayətlənmiş, faktiki olaraq münaqişənin beynəlxalq hüquq müstəvisində həll olunmasını mümkünsüz etmiş, əksinə bu müddət ərzində təxribatlar törətməklə öz aqressiv davranışlarını daha da artırmışdır.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə var idi və həmin sənədlərdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. BMT ilə yanaşı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatların ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə baxmayaraq, təcavüzkar siyasəti rəhbər tutan Ermənistan hakimiyyəti beynəlxalq normaları kobudcasına pozurdu. Belə olduqda isə, növbəti təxribatın qarşısı alındı və Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən əzəli və əbədi torpaqlarımız düşmən işğalından həmişəlik azad edildi. Düşmən məğlub olaraq kapitulyasiya aktına imza atdı. Hansı ki, həmin məğlubiyyətdən bir neçə ay keçməsinə baxmayaraq, hələ də Ermənistanda vəziyyət sabitləşmir. Biz isə qazandığımız bu tarixi qələbədən sonra, işğaldan azad edilmiş ərazilərimizdə dərhal abadlıq-quruculuq işlərinə başlamışıq. İşğaldan azad edilmiş şəhərlərimizə baxdıqda, görürük ki, orada bir salamat bina belə qalmayıb. Xarici və yerli jurnalistlərin dediyi kimi, Ağdam Qafqazın Xirosimasıdır.
İşğalçılıq siyasəti yürüdən Ermənistan yalnız insanlara qarşı fiziki zor tətbiq etməyib, eləcə də tarixi abidələri məhv edib, məscidləri və ərazidəki bütün infrastruktur obyektlərini dağıdıb. Vandalizm siyasətini dövlət səviyyəsində aparan Ermənistan, müharibənin bitməsinə, məğlub olaraq kapitulyasiya sənədinı imzalamasına baxmayaraq, hələ də minalanmış sahələrin xəritələrini təqdim etməməklə Azərbaycana olan nifrətini bir daha büruzə verməkdədir.
Təbii ki, biz, işğaldan azad edilmiş ərazilərimizi yenidən quracağıq və bu yerlər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. İşğaldan azad edilmiş Vətən torpaqlarının abadlaşdırılması və orada aparılan quruculuq işləri, həm də regiona sülh gəldiyinin müjdəçisidir.
Qeyd etmək lazımdır ki, yeni yaranan imkanlar içərisində ən mühümü isə nəqliyyat imkanlarıdır. Bu sahədə Zəngəzurun xüsusilə mühüm rolu var, çünki tarixi torpağımız olan Zəngəzur indi türk dünyasının birləşməsində mühüm əhəmiyyət kəsb edəcək. Zəngəzur Türkiyə və Azərbaycan arasında olan əlaqələrin inkişafı ilə yanaşı, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, daha dəqiq desək, türk dünyası arasında yaranmış yeni bir körpü olacaqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh