Bu universitetlərin qiymətləndirilməsi həyata keçirilib
“Bu il 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib”.
Avtosfer.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bunlar Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU), Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Bakı Dövlət Universitetinin Qazax filialıdır.
T.Əhmədov qeyd edib ki, bu təhsil müəssisələrindən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti iki il üçün uzadılması, həmçinin bir ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub.
O əlavə edib ki, 2024-cü təqvim ilinin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçiriləninstitusional akkreditasiya üzrə Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir.
T.Əhmədov əlavə edib ki, bu il kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb.
O bildirib ki, ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir.
T. Əhmədov vətəndaşların ali təhsil müəssisəsi seçməzdən öncə agentliyin saytında qeyd olunan siyahıları nəzərdən keçirməsinin vacibliyini vurğulayıb.
Agentlik sədri əlavə edib ki, 2024-cü il ərzində 6013 müraciət üzrə xaricdə əldə olunan kvalifikasiyanin ekspertizası və qeyri-formal və informal təhsil sahəsində tanınma həyata keçirilib. 4891 müraciət üzrə müsbət, 1122 müraciət üzrə mənfi rəy verilib.