Ermənistandan daha bir cığallıq: ATƏT-in üzünə ağ oldular

Nüfuzlu beynəlxalq təşkilat olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) gələcəyini, eyni zamanda Ukraynanın müqəddəratına nə qədər xor baxdıqlarını büruzə verən Ermənistan rəhbərləri iç üzlərini bir daha faş edərək çirkin niyyətlərinə çatmaq naminə hər yola əl atmağa hazır olduqlarını göstərdilər.
Diplomatik mənbələrə görə, Ermənistan həm ATƏT-in, həm də onun Ukraynadakı Xüsusi Müşahidə Missiyasının büdcəsinin təsdiqlənməsinə, habelə missiyanın səlahiyyətlərini daha bir il, yəni 2022-ci il 31 mart tarixinədək uzatmağa əngəl törətməyə çalışıb.
Belə ki, ATƏT-in üzv ölkələri missiyanın mandatını uzatmaq üçün həftələrlə məqsədyönlü çalışsalar da, həmin ölkələrdən birinin diplomatları hər dəfə öz hökumətlərindən lazımi təlimat almadıqlarını irəli sürürlərmiş.
Rəsmi Yerevanın Ukraynaya qarşı bu xəbis fitnəkarlığı baş tutsa, ATƏT üçün böyük əhəmiyyət daşıyan, 100 milyon avroluq büdcəsi, 1 000 nəfərədək işçi heyəti olan həmin missiyanın fəaliyyəti aprelin 1-də dayandırılacaq, bununla da Ukraynanın şərq bölgəsində, onsuz da, gərgin olan vəziyyət daha da təhlükəli həddə gələcəkdi. Belə ki, ATƏT-in missiyası çıxıb gedərsə, bölgədə atəşkəsə dair Minsk razılaşmalarının şərtlərinə əməl olunub-olunmamasına nəzarətin çətin olacağına dair Ukrayna Xarici İşlər Nazirliyinin açıqlaması heç də təsadüfi deyil.
Ermənistanın bu cür siyasətinin məntiqi göz qabağındadır: onlar Azərbaycanla dostanə münasibətləri get-gedə genişləndirən Ukraynadan “qisas” almağa çalışırlar. Məlum olduğu kimi, bizimlə oxşar problemlərlə üzləşən Ukrayna qəti olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək xəttini seçib. Məhz buna görə həmin ölkənin Yerevandakı səfirliyi yerli qaraguruh tərəfindən borş qazanları ilə “atəş”ə tutuldu. Lakin bununla “canı soyumayan” ermənilər, görünür, diplomatik müstəvidə də “qisasçılığ”a davam etmək istəyiblər.
Bununla belə, beynəlxalq siyasət meydanında hər hansı nüfuza malik olmayan Ermənistanın bu cəhdləri ciddi nəticə verə bilməzdi. Martın 31-də ATƏT-in Ukraynadakı Xüsusi Müşahidə Missiyasının büdcəsi və mandatı təsdiq olundu. Belə ki, Ukraynanın şərqində hadisələrin kritik məcraya yönəlməsilə bağlı məsuliyyətdən çəkinən Ermənistan başbilənləri növbəti dəfə geri addım atmaq qərarına gəldilər.
ATƏT-in mövcud sədri, İsveç xarici işlər naziri Ann Linde ATƏT Daimi Şurasının büdcə və missiyanın mandatına dair qərarını yüksək qiymətləndirərək münaqişənin monitorinq və dialoqu dəstəkləməklə həll olunması istiqamətində ATƏT-in səyləri üçün həmin missiyanın “həyati əhəmiyyət” daşıdığını qeyd edib.
Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Türkiyəyə qarşı ardıcıl pozuculuq fəaliyyətləri, iki qardaş ölkə tərəfindən hər hansı sahədə irəli sürülən bütün təşəbbüsləri səs-küylü etiraz və müxtəlif təxribatlarla qarşılamaq vərdişi çoxdandır adi hala çevrilib. Məsələn, 2019-cu ilin noyabr ayında onlar ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunda türkiyəli hərbi nümayəndənin olduğunu əsas gətirərək qrupun fəaliyyətinə imkan vermədilər. Nəticədə ATƏT-in monitorinqi pozuldu, həmin nümayəndənin monitorinqdə iştirak etməsi əngəlləndi, bununla da monitorinq bütövlükdə baş tutmamış qaldı.
Bəzən rəsmi Yerevan kiminsə acığına, yaxud da öz “əhəmiyyət”ini aləmə əyan etmək üçün “ərköyünlük” etməyə başlayır. Belə ki, 2016-cı ildə onlar hər hansı əsas belə gətirmədən ATƏT-in Özbəkistanda və Qırğız Respublikasındakı layihə əlaqələndiricilərinin mandatının, Ukrayna-Rusiya sərhədində təşkilatın müşahidəçilərinin mandatının uzadılmasını, habelə ATƏT-in illik büdcəsinin qəbul olunmasını əngəllədilər. Yalnız xarici işlər naziri Eduard Nalbandyan izahat üçün Vyanaya çağırıldığı kimi “yumşaldılar”.
Bu dəfə də ermənilərin təxribatçı cəhdləri iflasla nəticələndi. Aydındır ki, Ermənistan beynəlxalq aləmdə lazımi qədər nüfuza, mövqeyə malik olmadığı üzündən irəli sürdüyü, başladığı hər hansı gözə dəyən siyasi kampaniyanı, yaxud diplomatik addımı məntiqi sonuna çatdırmaq iqtidarında deyil.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












