Hansı tikintilər əsassız və ya özbaşına sayıla bilər?

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası konkret işlə bağlı qəbul etdiyi qərarında əsassız tikinti, çıxıntılı bina və özbaşına tikilinin fərqləri kimi məsələlərə izahlar verib.
Avtosfer.az xəbər verir ki, məhkəmə kollegiyası qeyd edib ki, elmi ədəbiyyatda "əsassız tikinti" adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir:
1. Şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması;
2. Şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması;
3. Şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması.
Bildirilib ki, əsassız tikintini çıxıntılı binadan və özbaşına tikilidən fərqləndirmək lazımdır. Belə ki, çıxıntılı binada torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur. Əsassız tikintidə isə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir.
Özbaşına tikiliyə münasibətdə əvvəlcə qeyd edilməlidir ki, onun meyarları Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilib. Belə ki, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir. Göründüyü kimi, sadalanan meyarlar sırasında tikilinin dövlət reyestrində qeydə alınmaması göstərilib. Odur ki, şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi inzibati prosedurlara uyğun şəkildə inşa etdiyi, lakin hələ reyestrdən qeydiyyatdan keçirmədiyi tikinti özbaşına tikili sayıla bilməz. Mübahisə olduqda bir tikilinin özbaşına sayılması üçün müvafiq icra hakimiyyəti orqanı (və ya maraqlı tərəf) Mülki Məcəllənin məhz 180.1-ci maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir.
Həmin şərtlər isə onu göstərir ki, bu institut daha çox inşaatla bağlı torpaq mülkiyyətçisi ilə inzibati orqanlar arasındakı hüquq münasibətləri baxımından aktualdır. Əsassız tikinti isə torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır. Məsələn, tikinti üçün ayrılan torpaq sahəsində lazımi icazələr almaqla tikinti norma və qaydalarına uyğun aparılan inşaatda müqavilə münasibəti olmadan başqası öz materialı ilə bina tikə bilər. Bu zaman həmin bina özbaşına tikili sayılmayacağı halda, əsassız tikinti hesab ediləcək.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








