Hərbi Qənimətlər Parkı xalqımızın qürur mənbəyidir

Xəbərlər 14 Aprel 2021 14:05 Oxunub 804
Hərbi Qənimətlər Parkı  xalqımızın qürur mənbəyidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin iştirakı ilə aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən bir mesajdır, həm də, Ermənistana növbəti “Dəmir yumruq” xəbərdarlığıdır. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərinin 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dayandıra bilməməsi və ya buna bilərəkdən şərait yaratmaları beynəlxalq aləmdə baş alıb gedən ikili standartların nəticəsi idi. Ancaq dövlətimizin başçısının dediyi kimi, işğal əbədi ola bilməzdi. Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması üçün bütün vasitələrdən istifadə edirdi. Dünyanın 50 ən güclü ordusu sırasında olan Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizi öz gücü ilə azad etmək iqtidarında idi.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyul, avqust hadisələri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu işğalçı Ermənistana layiqli cavab verməyə hazırdır. 2020-ci ilin sentyabrında Ermənistan ordusu sərhədboyu ərazilərdə yenidən təxribatlar törədəndə və bunu müharibəyə çevirəndə bu dəfə qarşılarında güclü və qüdrətli Azərbaycan Ordusunu gördü. Qəhrəman əsgər və zabitlərimizi 44 gün ərzində düşmənə necə divan tutdularsa, işğalçılar silah-sursatlarını atıb qaçdılar.

Ermənistan rəhbərinin kapitulyasiya aktını imzalamasından bir gün sonra noyabrın 11-də hərbçilərlə görüşən Qalib sərkərdə, Prezident İlham Əliyev düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. 2003-cü ildə keçirilən prezident seçkilərindən bu günə qədər verdiyi bütün vədlərə layiqincə əməl edən dövlətimizin başçısı bu dəfə də öz vədinə sadiqliyini nümayiş etdirdi. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradında düşməndən qənimət kimi götürülən həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Qısa zamanda görülən genişmiqyaslı işlər nəticəsində artıq bu vəd də reallaşdı. Artıq açıq səma altında nadir park salındı və ilk ziyarətçisini - Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevi qəbul etdi.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçırdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb.

Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq.

Hazırda Bakıda açılmış Hərbi Qənimətlər Parkı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu, həm də Ermənistanın 30 illik hegemonluğuna son qoyulması barədə dünyaya bir mesajdır. Qardaş Türkiyənin, habelə digər ölkələrin kütləvi informasiya vasitələrinin bu park barədə geniş məqalələr dərc etməsi bir daha təsdiqləyir ki, ölkəmizin qazandığı tarixi Qələbə beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Məqalələrdə qeyd olunur ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında darmadağın edilən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib. Düşmənin döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirməsi , dinc sakinləri qətlə yetirməsi, faşizmə xas olan xüsusiyyətlərdir.

Prezident İlham Əliyevin Ermənistanın müharibədə “İsgəndər M” raketindən istifadə etməsi barədə açıqlaması da kütləvi informasiya vasitələrində yer alıb. Bu park bir daha Azərbaycan Ordusunun nə qədər güclü və peşəkar olmasından xəbər verir. Parka gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar ölkəmizə Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkanlar yaradır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh