Milli Qəhrəman Şövqiyar Abdullayevin keçdiyi döyüş yolu gənc nəsil üçün örnəkdir

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin vəfatının ildönümüdür.
29 il əvvəl şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanın həyat yolu və keçdiyi döyüş yolu hər bir gənc üçün nümunədir. Azərbaycan xalqı və dövləti bütün şəhidlərimizin, o cümlədən Şövqiyar Abdullayevin xatirəsini daim uca tutur və ehtiramla yad edir.
Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub və Bakıya qayıdıb.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayan ilk günlərdə o, yeni yaradılan Milli Orduya könüllü yazılaraq, Ağdamda gedən döyüşlərdə tank komandiri təyin edilib. Onun tank komandiri olduğu briqada Abdal-Gülablı kəndini özünə mövqe seçərək Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun da iştirak etdiyi tank briqadası çıxarılaraq Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Onun da döyüşdüyü briqada qısa müddət ərzində kəndi azad edib. Eyni zamanda, Milli Qəhrəman döyüşlər zamanı mühasirə halqasına düşmüş çoxlu sayda piyada döyüşçülərimizin mühasirədən çıxarılmasında xüsusi şücaət göstərib.
Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, o, qısa müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdıb. Belə ki, Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib.
Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb.1992-ci il 27 avqustda çox ağır döyüşdə o, yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ş.Abdullayev Şəhidlər Xiyabanında dəfn edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri xüsusi diqqət və qayğını Milli Qəhrəman Şövqiyar Abdullayevin də ailə üzvləri daim üzərlərində hiss edirlər. Məhz bu xüsusi diqqət və qayğı onlar üçün böyük təsəllidir. Ş.Abdullayevin ailə üzvləri də dövlətə və millətə xidmətdə hər zaman öndə olublar. Belə ki, Milli Qəhrəmanın qardaşı Elcan Abdullayev 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Ailənin digər üzvü isə Milli Qəhrəmanın qardaşı oğlu - Azərbaycanı xaricdə layiqli təmsil edən, gənc yaşda olmasına baxmayaraq, dünya elmində bir çox yeniliklərə imza atan alimimiz, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayevdir.
Ötən il 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərə imza atan müzəffər Azərbaycan Ordusu torpaqlarımızı azad etməklə yanaşı, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin, o cümlədən Şövqiyar Abdullayevin qisasını aldı.













