Minaya düşən tankdan sağ çıxan komandir: Allah məni balalarıma bağışladı - FOTO

II Qarabağ müharibəsi azərbaycanlılar haqqında ermənilər 30 il ərzində yaratdıqları "Qorxaqdırlar. Onlar döyüşməyi bacarmırlar, onlar alveri yaxşı bacarırlar" fikirlərinin nə qədər əsassız, yalan və həqiqəti əks etdirmədiyini sübuta yetirmək üçün əsl imkan idi. Bu savaşla Azərbaycanın igid, qəhrəman övladları 30 illik erməni işğalına son qoymaqla yanaşı, illərdir üzərimizdə gəzdirdimiyimiz namus ləkəsini sildilər və dünyaya döyüşün alnımıza yazıldığını göstərdilər.
Bu döyüşlərdə Silahlı Qüvvələrimizin hər bir qoşun növü xüsusi fədakarlığı, qəhrəmanlığı ilə yadda qaldı, tarix yazdı. Vətən müharibəsinin qəhrəmanlarından biri də tank komandiri İbrahimov Elçin Sahib oğludur.

Milli.az-a danışan Elçin şəhidlərimizin qisası alındığı üçün sevindiyini bildirib:
"1985-ci ilin 2 avqustunda Ağdamın Seyidli kəndində anadan olmuşam, Beyləqanda yaşayıram. Sentyabrın 27-dən 30-a qədər döyüşdə olmuşam. 30-u günü günortadan sonra yaralanmışam.
Düşmənin müdafi zolağını ilk yaran biz olmuşuq. Müharibənin başladığı 1 saat idi, biz artıq düşmənin üçüncü eşolonunda idik, üçüncü eşolonu yarmışdıq. Orada 150 nəfər şəxsi heyyətin həyatını qurtarmışam. Yaralanana kimi kəşfiyyatın bir qrupunu mühasirədən çıxartmışam. Füzulidə Yastıtəpə deyilən yer var, bax oranı mənim idarə etdiyim tank ekipajı azad edib. 27-dən 29-na kimi bunları etdik. 29-u günü komandir əmr verdi qabağa getdik, erməni tankları gəlirdi, onları vuracaqdıq, düşdük minaya, tank para-para oldu, yandı. Allahın möcüzəsi sayəsində sağ qaldıq. Hər yerin minalandığını bildiyimiz üçün elə bil ürəyimə danmışdı ki, tankın "lyukun" açıq qoyum. "Lyukları" açıq qoyduğum üçün partlayışdan sonra tankda yaranan təzyiq çölə çıxdı, ona görə də orada sağ qaldıq.

Sentyabrın 29-u bu hadisədən sonra 30-u günü başqa tanka sursat yığırdıq ki, döyüşə girək, şərəfsizlər minamiyotla düz bizim toplaşdığımız yeri vurdular. Həmin vaxt yanımızda 6 nəfər şəhid oldu. Məni Allah yəqin ki, balalarıma bağışladı. Düzdür, amma şəhid olmaq hər adama qismət olmur. Şükür olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı.
Mən artıq işləyə bilmirəm. Sol qolum işləmir, bu qoluma ümumiyyətlə siqnal gəlmir. Solaxay olduğum üçün qolum belə olandan sonra iş fəaliyyətim tamamilə dayanıb. Özüm-özümü idarə edə bilmirəm. Məni hərbi sıralarından təxris ediblər. Hələ ki, əlillik dərəcəsi almaq üçün sənəd düzəltdirirəm. Kreditim çox idi. Sağolsun "YAŞAT" Fondu, kreditimdən 5 min manatı sildirdi. Ailəliyəm, iki oğlan övladım var.

Qardaşım İbrahimov Elnur Sahib oğlu da Vətən müharibəsinin əsas iştirakçılarındandır. Güclü kantuziya alıb, hazırda Papanin Qospitalındadır. 44 gün müharibədə olub. O da BMP döyüş maşın komanidiri idi. Şuşaya kimi döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elçin İbrahimov "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.













