TRACECA-nın Azərbaycan hissəsi ilə yükdaşımalar niyə azalıb?

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsi ilə yükdaşımaların həcmi azalıb.
Bunu Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən deyə bilərik.
Komitə bəyan edib ki, bu ilin yanvar-iyun aylarında dəhlizin Azərbaycan hissəsində 20,3 milyon ton yük daşınıb. Bu da ötən ilin eyni dövrünə nisbətən 6,3% azdır.
"6 aylıq göstəricilər problem deyil"
Bununla bağlı açıqlama verən TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib ki, dəhlizin Azərbaycan hissəsi ilə yükdaşımalar elə də çox azalmayıb və yaxın vaxtlarda yüklərin həcmində artım müşahidə edə bilərik. Yəni, 6 aylıq göstəricilər problem deyil.
"Dəhliz üzrə yük daşınmasında əsas göstəricilər illik göstəricilərdir. Ümumiyyətlə, koronavirus (COVID-19) pandemiyasına görə istənilən növ yük daşımalarında azalma müşahidə edilib. Son vaxtlar isə həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də TRACECA dəhlizi üzrə yükdaşımalarda canlanma müşahidə edilir. Məsələn, Rusiya ilə İran arasında istehlak malların ticarətində artım var", - deyə o qeyd edib.
"TRACECA-nın Azərbaycan hissəsində TIR-larla daşımaların artacağı gözlənilir"
R.Bayramovun sözlərinə görə, dəhlizin Azərbaycan hissəsində həm konteyner, həm də iri həcmli nəqliyyat vasitələri (TIR) ilə daşımalarda artım olacaq: “TIR -larla daşımalar ötən il də az olmayıb, bu il bir qədər də artacağını gözləyirik. Həm Türkiyə, həm də Orta Asiya istiqamətində daşınan yüklərdə artımlar qeydə alınır. Həmçinin pandemiya şəraitində konteyner daşımaları kontaksız və təhlükəsiz daşıma növüdür. Yəni, insan amilinin rolu azdır. Bu ilin sonuna qədər konteyner daşımalarının da artması gözlənilir”.
O həmçinin bildirib ki, hazırda TRACECA çərçivəsində ölkə ərazisi ilə avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar barədə araşdırmalar aparılır: "Bəzi məsələlərin aradan qaldırılmasına dair təkliflər hazırlayırıq. Əsas məsələlərdən biri avtomobilin oxuna düşən yükün çəkisi ilə bağlıdır. Bu istiqamətdə müzakirələr gedir. Çünki fərqli ölkələrdə çəki ilə bağlı fərqli rəqəmlər mövcuddur. Məsələn, bəzi ölkələrdə məhdudiyyət 38 ton, bəzi ölkələrdə isə 40 tondur. Bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparırıq”.
R.Bayramov sürücülərin TRACECA dəhlizinin Azərbaycan hissəsindəki sərhəd-keçid məntəqələrində daha çox gözləmələri ilə bağlı məsələyə də münasibət bildirib: “Azərbaycanda iki ildən çoxdur ki, "Yaşıl dəhliz" tətbiq edilib. Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi sistem üstün keyfiyyətlərə malikdir. Azərbaycan - Rusiya istiqamətində müəyyən məhdudiyyətlər var idi. Gün ərzində Azərbaycan sərhəd-keçid məntəqələrində 250-300 avtomobil buraxa bilirdisə, Rusiya tərəfində bu, 100-150 avtomobil idi. Ona görə müəyyən problemlər yaşanır və onun üzərində hazırda iş aparılır. Məsələ həllini tapmaqdadır”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












