Avtomobilin ekoloji tərzinə müdaxilə edənlərə RƏSMİ XƏBƏRDARLIQ: “Məsuliyyətə cəlb olunacaqlar”
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-ci ildə təsdiq etdiyi 2 saylı qərarla ölkəmizə idxal olunan nəqliyyat vasitələrindən atmosfer havasına buraxılan zəhərli maddələr üzrə 2014-cü ilin 1 aprelindən etibarən AVRO-4 ekoloji normaları tətbiq olunur.
Günümüzdə də qüvvədə olan bu qərar, daha aşağı normalara cavab verən avtomobillərin ölkəyə idxalını qadağan edir.
Lakin məsələ burasındadır ki, ölkə daxilində bəzi ustalar avtomobillərin ekoloji norma tələblərinə müdaxilə edirlər. Belə ki, bəzi servislər maşınların proqram təminatında dəyişiklik etməklə, onları AVRO-3 standartına çevirməyi təklif edirlər.
Sürücülərin sözügedən dəyişikliyə maraq göstərməsinin də bəlli səbəbləri var ki, bu da daha çox katalizator problemlərindən qaynaqlanır.
Məlumat üçün bildirək ki, avtomobil katalizatoru mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən qurğudur. Həmin qurğunun istifadə müddəti orta hesabla 150 min kilometr təşkil edir. Yanacaq keyfiyyətinin aşağı olması, katalizatorun daha tez sıradan çıxmasına səbəb olur və bu da katalizatorun ömrünü 50-60 min kilometr azalda bilir. Katalizatorun sıradan çıxması isə monitorda “check engine” işarəsinin yanmasına səbəb olur.
Ustalar belə katalizatorun yenisi ilə əvəzlənməsini vacib sayırlar. Lakin yeni katalizatora pul xərcləmək istəməyən sürücülər alternativ çözüm variantlarına əl atırlar.
Xüsusilə də katalizatorun yuyulması və ekoloji norma standartının azaldılması üçün müvafiq proqramların yüklənməsi təcrübəsi daha geniş yayılıb.
Qeyd olunan proqramların yüklənməsi katalizatordan qaynaqlanan xəbərdarlıq siqnalı - “check engine” işarəsini aradan qaldırır. Bu isə avtomobilin atmosferə buraxdığı zərərli tullantıların artmasına səbəb olmaqla, ekologiyaya zərər vurur. Eyni zamanda, bu cür müdaxilələr avtomobildə ciddi fəsadların yaranmasına da səbəb ola bilər.
Bəs, sözügedən addıma əl atan sürücü və ustaları hansı cəza gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, uzun illərdir ki, avtomobil təmiri ilə məşğul olan şəxslər və sürücülər bu yola əl atırlar:
“Avtomobildən atmosferə buraxılan karbon qazının miqdarının standartlara uyğun olmaması ilə bağlı qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulub. Bu cür variantlara baş vurmaq, sürücünün özünü və avtomobili aldatması kimi qiymətləndirilə bilər. Qanunvericilikdə bu cür müdaxilələrlə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Lakin atmosferə buraxılan karbon qazının miqdarı ilə bağlı normativ tələblər var. Zərərli qazların miqdarının müəyyənləşdirilməsi üçün xüsusi avadanlıq var ki, Dövlət Yol Polisi əməkdaşları həmin avadanlıqla təchiz edilib. Əgər nəqliyyat vasitələrinin atmosferə buraxdığı karbon qazının miqdarı normadan çox olarsa, həmin sürücülər məsuliyyət daşıyır”.
Araz Əsgərli əlavə edib ki, bu proses avtomobil təmiri ilə məşğul olan şəxslə sürücünün bir-birini aldatmasından başqa bir şey deyil.
Qeyd edək ki, Dövlət Yol Polisi əməkdaşları tərəfindən atmosferi çirkləndirən avtomobillərlə bağlı mütəmadi olaraq reydlər keçirir. Müvafiq qanunvericiliyin tələbini pozan sürücülər 50 manat məbləğində cərimə olunur.