Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
TƏBİB-dən cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, müxtəlif travmalar alan digər şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
Kürdəmir rayon sakini Ramal Bəşirovun idarə etdiyi VAZ-2107 markalı, 99-NG-311 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Davud Cəmilzadənin idarə etdiyi "Mercedes" markalı, 99-RA-093 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq bildirib.
O qeyd edib ki, hadisə bu gün saat 13:58-də baş verib.
DİN rəsmisi əlavə edib ki, qəza nəticəsində Ramal Bəşirov, eləcə də mikroavtobusda olan sərnişinlərdən Sübhan Şahin oğlu Rəfiyev və Teyyub Mirəddin oğlu Allahverdiyev xəsarət alıblar.
Hadisə yerinə polis və digər qurumların əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
(oxu.az)
***
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Ələt-Gürcüstan sərhədi magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı "Mercedes" markalı mikroavtobus qəzaya uğrayıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Həmin qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik: