Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA

Sosial 25 İyul 2026 18:36
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dəfələrlə bildirib ki, ölkədə əmlak amnistiyası elan olunmalıdır. Bunun əsas məqsədi vətəndaşların faktiki istifadə etdikləri əmlaklar üzərində hüquqi mülkiyyət əldə etməsi, həmin əmlaklardan girov, alqı-satqı və digər iqtisadi məqsədlər üçün istifadə imkanlarının yaradılmasıdır. Sənədsiz evlərin çıxarışla təmin olunması həm vətəndaşlara, həm də ölkənin iqtisadi aktivliyinə müsbət təsir göstərə bilər". Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deputat Kamal Cəfərovun Milli Məclisdə çıxarışsız evlərlə bağlı təklifinə münasibət bildirərkən dedi.

O vurğuladı ki, bəzi tikililərin sənədləşdirilməsi mümkün deyil:

"Buraya kollektor xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin, qaz və neft kəmərlərinin, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında, dəmir yolu və avtomobil yollarının mühafizə zolaqlarında, sürüşmə və digər təhlükəli ərazilərdə tikilən evlər daxildir. Həmçinin məhkəmə mübahisəsi predmetinə çevrilmiş torpaqlarda yerləşən tikililər də bu qəbildəndir. Belə ərazilərdə yerləşən evlərin sənədləşdirilməsi qanunvericiliyə uyğun deyil. Bu halda daha məqsədəuyğun yanaşma həmin vətəndaşların alternativ yaşayış yerləri ilə təmin olunması ola bilər. Nəzərə almaq lazımdır ki, bu insanlar uzun illər həmin ərazilərdə yaşayıb, kommunal xidmətlərə görə ödəniş ediblər və onların sosial vəziyyəti də diqqətdə saxlanmalıdır. Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. İlkin mərhələdə onların müəyyən hissəsinin sənədləşdirilməsi müsbət addım olsa da, məqsəd daha geniş əhatəli amnistiya olmalıdır. Qadağan olunmuş ərazilər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi üçün hüquqi mexanizmlər yaradılmalıdır. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış və artıq böyük yaşayış massivlərinə çevrilmiş ərazilərdə torpaqların təyinatının dəyişdirilməsi məsələsinə baxıla bilər. Bu, həmin vətəndaşlara mülkiyyət hüququnun verilməsinə imkan yaradar".

Müsahibimiz amnistiya prosesinin əsasən elektron müraciət sistemi üzərindən həyata keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, uzunmüddətli və bürokratik prosedurlar minimuma endirilməlidir.

"Təklif olunan mexanizm ümumi əmlak amnistiyasının elan edilməsini, sənədləşdirilməsi mümkün olan evlərin müəyyənləşdirilməsini və müraciətlər əsasında onların mərhələli, növbəli qaydada sənədləşdirilməsini nəzərdə tutur. Bu proses böyük həcmdə texniki iş tələb edir və qısa müddətdə başa çatmayacaq. Ona görə də "ASAN xidmət"in, mobil qrupların və digər xidmət qurumlarının imkanlarından istifadə olunması məqsədəuyğun olar. Eyni zamanda, vətəndaşlardan çoxsaylı arxiv sənədlərinin tələb olunması prosesi ləngidə bilər. Faktiki istifadə və mövcudluq əsas götürülərək sənədləşdirmə mexanizmi sadələşdirilməlidir. Bu sahədə Türkiyə də daxil olmaqla bir sıra ölkələrin təcrübəsi mövcuddur. Sənədləşdirmə zamanı müəyyən rüsumların tətbiqi təbiidir. Lakin vətəndaşlardan yüksək məbləğlərin tələb olunması düzgün olmaz. Rüsumlar yalnız xidmət xərclərini əhatə etməli, əlavə maliyyə yükünə çevrilməməlidir. Rayon icra hakimiyyətləri və aidiyyəti qurumlar ərazilərdəki sənədsiz evlərin siyahısını hazırlayaraq onların mərhələli şəkildə sənədləşdirilməsini təşkil edə bilərlər. Bəzi fikirlərə görə, amnistiya yeni qanunsuz tikintilərə stimul verə bilər. Lakin artıq yeni tikililərin kommunal şəbəkələrə qoşulmasının məhdudlaşdırılması ilə bağlı tədbirlər mövcuddur. Bu nəzarət mexanizmləri daha da gücləndirilməli, gələcəkdə qanunsuz tikintilərə yol verilməməlidir. Yerli icra hakimiyyətləri və bələdiyyələr də bu prosesdə məsuliyyət daşımalı, yeni qanunsuz tikililərin qarşısını almalıdırlar. Qanunla qadağan olunmayan ərazilərdə yerləşən və faktiki yaşayış üçün istifadə edilən tikililər isə mərhələli şəkildə mülkiyyət sənədləri ilə təmin olunmalıdır".

Oxunub : 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh