Şəhərsalma kanalizasiyadan başlayır - Bakı selə qarşı mübarizəyə başlayır

Son illər Bakı şəhərində və Abşeron yarımadasında yağışlı günlərdə sel sularının toplanması ilə bağlı problemlər daha qabarıq şəkildə özünü göstərir. Hər güclü leysan zamanı yolların çətin keçilməsi, nəqliyyatın iflic olması və ərazilərin su altında qalması əhalinin gündəlik həyatına ciddi təsir göstərir. Bu vəziyyət həm də şəhərin kanalizasiya və yağış suyu sistemlərinin tutum və səmərəliliyinə dair suallar doğurur.
Belə bir vəziyyətdə sel və yağış sularının idarə olunması üçün görülən tədbirlər, mövcud kanalizasiya şəbəkəsinin durumu və gələcəkdə planlaşdırılan təkmilləşdirmə işləri cəmiyyəti maraqlandıran məsələlərdəndir.
Şəhərdə sel və yağış sularının yığılmasının əsas səbəbləri nədir və mövcud kanalizasiya sistemi bu vəziyyəti idarə edə bilirmi?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyinin sədri Zaur Mikayılov cəmiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirib. O, sel sularının toplanmasının əsas səbəblərini də açıqlayıb: “Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır və müasir nəzarət sistemləri standartlara cavab vermir. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır.Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir. 2014–2025-ci illər arasında qeyri-qanuni və plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt edilmişdir ki, bu da intensiv yağışlar zamanı həmin ərazilərin subasmaya məruz qalmasını şərtləndirir. Bakı və Abşeron yarımadasında kanalizasiya sistemləri ilə əhatə olunan əhali cəmi 52 faiz təşkil edir, ərazi üzrə isə bu göstərici 39 faizdir. Əsas kollektorların maksimal ötürücülük qabiliyyəti formalaşan su miqdarını qarşılaya bilmir. Hazırda Bakı şəhərində əsas kanalizasiya magistrallarının mühafizə zonalarında 1600-dən çox fərdi yaşayış və digər tikililər mövcuddur ki, bu da sistemin istismarını çətinləşdirir. Bu səbəbdən bəzi yerlərdə müddəti bitmiş kanalizasiya xətlərinin çökməsi və əhalinin evlərinə ziyan dəyməsi halları baş verir. İntensiv yağışlar zamanı şəhərin mərkəzində ciddi problemlər yaranır və bu hallar hər dəfə müşahidə olunur. Abşeron yarımadasının şərq və şimal-şərq zonalarında kanalizasiya və yağış suları sistemləri tam formalaşmayıb. Bu ərazilərdə kollektorların tikilməsi və şəbəkələrin mərhələli şəkildə magistral xətlərə qoşulması nəzərdə tutulur”.

Sədr şəhərdə kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün atılan addımlar və layihələr haqqında bildirib ki, şəhərin mərkəzindən keçən Sahil kollektoru və Zığ–Hövsan kanalizasiya sistemi yenidən qurulur: “Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan, Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükşor istiqamətlərində işlərə başlanılmışdır. Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikilməsi nəzərdə tutulmuşdur. Sahil kollektoru istismara verildikdən sonra Bakı buxtasına axıdılan bütün çirkab və yağış suları şəhərdən kənarlaşdırılacaq. Bakı şəhəri və Abşeron yarımadası üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanmışdır. Bu proqram çərçivəsində Bakı və Abşeron yarımadasında 12 yeni kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur və onlardan 7-də artıq işlərə başlanılıb. Ümumilikdə 346 kilometr uzunluğunda magistral kollektorların tikintisi planlaşdırılır. Şəhərin yükünü azaltmaq məqsədilə əlavə 9 yeni tullantı su təmizləyici qurğunun yaradılması nəzərdə tutulub”.
Sözsüz ki, planlaşdırılmış layihələr şəhərsalma və arxitektura baxımındanda vacibdir.

Memar Cahid Həsənovun sözlərinə görə, bütün bu proseslər beynəlxalq standartlar səviyyəsində həyata keçirilməlidir: “Kanalizasiya kollektorları, hansı ki, ümumilikdə 12 ədəddir və deyək ki, 33 küçədə yerləşir, təbii ki, bütün bunlar aidiyyəti qurumlar tərəfindən hesabatlarda qeyd olunub, analiz edilib, monitorinqlər aparılıb və nəticə etibarilə hökumətə təkliflər verilib. Yəni bunun texniki tərəfləri aydındır. Burada söhbət 30–50 il bundan əvvəl qurulmuş sistemdən gedir. Məsələn, vaxtilə Bakı şəhəri 1 milyon əhali üçün hesablanmışdısa, indi bu yük təxminən 4 dəfə artıb. Birincisi, mövcud sistem bu yükgötürmə qabiliyyətinə cavab vermir. İkincisi isə ondan ibarətdir ki, hətta sovet dövründə inşa edilən qurğular belə artıq öz istismar müddətini başa vurub. Üçüncü məqam odur ki, o dövrdə tətbiq olunan tikinti qaydaları ilə müasir texnologiyalar arasında ciddi fərqlər mövcuddur. Təbii ki, yeni texnologiyalarla inşa ediləcək sistemlər mövcud problemləri aradan qaldıra bilər. Bu sistemlərin yenidən qurulmasında texniki üslub, yəni suyun axını üçün nəzərdə tutulan eniş-yoxuşlar, uklonlar, betonun qalınlığı, istifadə olunan boruların diametri, armaturun möhkəmliyi, divar qalınlığı, eləcə də istismara təhvil verilmə mərhələsində işlərin peşəkar şəkildə icrası, qaynaq işlərinin keyfiyyəti və digər detallar bir-biri ilə zəncirvari bağlıdır. Sovet dövründə, hətta yükün artımından asılı olmayaraq, bu cür tələblər tam şəkildə mövcud deyildi”.

Memar atılacaq addımları şəhərsalma baxımından çox yüksək qiymətləndirib və şəhərsalmanın ilk addımının kommunikasiya sistemlərinin, xüsusilə kanalizasiya problemlərinin həllindən başladığını bildirib: “Atılacaq addımlar şəhərsalma baxımından qiymətləndirilərkən əsas məsələ ondan ibarətdir ki, memarlıq və şəhərsalmanın baş planı deyildikdə adətən insanların ağlına müxtəlif təyinatlı binalar, parklar, yaşıllıq zolaqları gəlir. Lakin mən deyərdim ki, şəhərsalma kanalizasiyadan başlayır. İstər iqlim şəraitindən asılı olsun, istərsə də olmasın, əgər 40–50 il əvvəl qurulmuş su ötürücü sistem bu gün cavab vermirsə və adi bir yağış zamanı tunellər 1–2 metr su ilə dolursa, bu, şəhərsalmanın ümumi görünüşünə və gözəlliyinə ciddi kölgə salır. Göründüyü kimi, şəhərsalma yalnız 100 mərtəbəli binaların tikilməsi demək deyil. Əvvəl yollar çəkilir, sonra tıxaclar yaranır, daha sonra isə açıq desək, qəzalar baş verir və bundan vətəndaşlar əziyyət çəkir. Bu problemlərin yaşanmaması üçün kanalizasiya sisteminin yenidən qurulması memarlıq və şəhərsalma baxımından atılan ən vacib və ən düzgün addımlardan biridir. Burada söhbət təkcə suların dolmasından getmir. Bəzi asfalt yollarda həmin sular ekoloji və gigiyenik baxımdan 2–3 gün qalır, sonra çəkilir və ya buxarlanır. Bu isə bioloji və mikrobioloji baxımdan ətrafa mənfi təsir göstərir və şəhərin təmizliyinə ciddi təhlükə yaradır. Biz buna sadəcə kanalizasiya sistemi və ya kanalizasiya suyu kimi baxırıq, lakin əslində bu, memarlığın və şəhərsalmanın əsas atributlarından biridir. Şəhərin gözəlliyi də məhz buradan başlayır. Təbii ki, bu cür sistemlərin dəyişdirilməsi və yenidən qurulması memarlıq və şəhərsalma sahəsində həyata keçiriləcək daha genişmiqyaslı işlərin başlanğıcı və ən vacib mərhələsidir. Sevindirici haldır ki, artıq bu istiqamətdə işlərə start verilir. Şəhərsalma normativlərinə uyğun olaraq atılacaq addımlar, planlar və su-kanalizasiya probleminin aradan qaldırılması ilə bağlı bütün məsələlər aidiyyəti qurumlar, layihə institutları və kommunikasiya mühəndisləri tərəfindən həyata keçiriləcək. Azərbaycanın bu sahədə həm məktəbi, həm mütəxəssisləri, həm də monitorinq, analiz və layihələndirmə imkanları mövcuddur. Bütün bunların səliqəli və peşəkar şəkildə icrası cəmiyyətin gözlədiyi nəticənin əldə olunmasına zəmin yaradacaq”.
Nurcan Babək
Regionlar distant təhsilə hazırdırmı? - Təhsil eksperti riskləri açıqladı
Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? – RƏSMİ AÇIQLAMA
Bakıda böyük söküntü başlayır - BU EVLƏR PLANA DÜŞDÜ
Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var
Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası
Binalarda pul yığımına nəzarət gəlir - "Komendant pulu" ləğv olunur
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - ŞİKAYƏT - VİDEO
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI
Gecə qoşulu qalan Wi-Fi və digər elektronik cihazlar insan səhhətinə ziyan vurur? – Həkim-ekspert AÇIQLADI
Çinin yaratdığı süni intellekt istifadəçilərin məlumatlarını qoruyur? – Ekspertdən AÇIQLAMA
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO











