TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir - Neyrocərrah Ələsgər Həsrətov

Sosial 25 Fevral 2026 20:42
TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir - Neyrocərrah Ələsgər Həsrətov
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublika Neyrocərrahiyyə Xəstəxanasının dəhlizinə daxil olanda ilk hiss etdiyim şey hərəkət və izdiham idi. Qapıdan içəri girər-girməz zəng vururam, bir neçə dəqiqə sonra məni qarşılamaq üçün əməkdaş göndərilir və şöbəyə qalxıram. Baş-beyin cərrahiyyəsi şöbəsinin rəhbəri, ömrünü beyin cərrahiyyəsinə həsr etmiş neyrocərrah Ələsgər Həsrətov məni səmimi qarşılayır. Rəsmi təqdimatdan çox köhnə tanışını salamlayan bir həkimin rahatlığı var davranışında. Şöbəni özü gəzdirir, palataları, mətbəxi göstərir, əməkdaşlara münasibətdəki diqqəti dərhal hiss olunur. Hər kəslə zarafat edir, adlarını xatırlayır, iş mühitindəki səmimiyyət isə süni deyil gündəlik münasibətin təbii davamı kimidir. Kiçik, sadə kabinetinə keçəndə elə bu ab-havada müsahibəmiz başlayır…

- Son illərdə baş-beyin şişləri niyə daha çox rast gəlinir və daha gənc yaşlarda müşahidə olunur?

- Baş-beyin şişləri beyin cərrahiyyəsinin əsas obyektlərindən biridir. Daha doğrusu, baş beyin şişlərinin cərrahiyyəsi neyrocərrahiyyənin əsas sahələrindən biridir.

Məsələn, bu gün neyrocərrahiyyədə iki böyük istiqamət varsa, biri baş-beynin damar xəstəlikləridir. Ən çox xəstə sayı bu xəstəliklədir və onunla paralel də mən deyərdim ki, hətta daha birinci yerdə duran baş-beyin onkologiyası, yəni şişləri ilə bağlı xəstələrdir. Bu xəstələrin sayı son vaxtlar xeyli çoxalıb.

Yadıma gəlir, 30 il əvvəl mən beyin cərrahiyyəsinə təzə gələndə müəyyən qrup şişlər vardı ki, bu şişlər yalnız 60 yaşın üzərində olan insanlarda təsadüf edilirdi. Və təbii ki, sayı da çox az idi. Əvvəllər daha yaşlı adamlarda olan şişlər indi uşaqlarda, yeniyetmələrdə və gənclərdə tez-tez təsadüf edilir. Yəni bütün digər xəstəliklər kimi beyin onkoloji xəstəlikləri də cavanlaşıb.

İkincisi, bu şişlərin mütləq sayı da artıb. Bu şişlərin mütləq sayının artmasının çoxsaylı səbəbləri var. Bugünkü ekoloji məsələlər, şüalanma, stressli həyat və s. kimi çoxsaylı təsirlər səbəblər sırasındadır.

Amma digər tərəfdən, tibbi sığorta ilə bağlı insanların müayinələrə əlçatanlığı artıb. Yəni adamın başı ağrıyırsa, gedir müraciət edir və heç bir ödəniş olmadan sığorta ilə müayinələrdən keçir və bu müayinələrdə şişlər aşkar olunur. Biz cərrah olaraq bunu müşahidə edirik. Əvvəllər bizim yanımıza gələn xəstələrin başındakı şişlərin ölçüsü böyük olurdu, pasiyent şiş müəyyən ölçülərə çatanda yanımıza gəlirdi. İndi adətən millimetrik şişlər aşkar olunur və gəlirlər. Bu bizim işimizi asanlaşdırır, xəstələrin də daha yaxşı sağalmasına səbəb olur.

Həm də indi insanlar sosial şəbəkələrdən çox informasiyalıdırlar. Onlar televiziyadan, internetdən məlumat ala bilirlər, süni intellekt vasitəsilə, ChatGPT ilə simptomlarını axtarırlar, daha maariflidirlər, öz sağlamlıqlarına daha ciddi yanaşırlar.

Qeyd elədiyim kimi, bizim əsas işlərimizdən biri beyin şişlərinin cərrahiyyəsidir. Beyin şişləri iki cürdür: beynin bədxassəli şişləri və xoşxassəli şişləri. Xoşxassəli şişlər yavaş böyüyən, metastaz verməyən, yayılmayan, ətraf orqanların içinə sirayət etməyən, sadəcə sıxan şişlərdir.

Bədxassəli şişlər isə sürətlə böyüyür və digər sahələrə yayıla bilər. Bədxassəli şişlər hüceyrə səviyyəsində beyinə infiltrasiya edir, sadəcə sıxmaqla kifayətlənmir. Bədxassəli şişlərdə bu, şişin sadəcə bir yerdə qalmayıb ətraf toxumalara daxil olması deməkdir.

- Beyin şişləri hansı simptomlarla özünü göstərir və necə diaqnostika olunur?

- Kəlləmiz qapalı bir fəzadır, içində beyin, damarlar və beyin suyu var. Əgər beyin içində şiş əmələ gəlirsə, bu artıq bir həcmdir. Kəllənin içində yer olmadığı üçün şiş beyni sıxır. Bu sıxılma kəllə içi təzyiqin artmasına səbəb olur ki, bunun öz əlamətləri var.

Kəllə daxili təzyiqin artmasının əlamətləri: başağrısı, xüsusən gecənin yarısından səhərə yaxın baş verən başağrısı, ürəkbulanma, qusma, yuxululuq, qıc tutmaları.

Şişin yerləşdiyi yerə görə beyində vacib funksional bölgələr pozula bilər: hərəkət, hissiyyat, görmə, eşitmə, davranış, hərəkət müvazinəti.

Şişin beynin vacib bölgələrinə yaxınlığından asılı olaraq xəstələrdə ətraflarda keylik, zəiflik, nitq pozuntuları, eşitmə və görmə pozuntuları, davranış dəyişiklikləri ola bilər.

Bu şikayətlər səbəbindən xəstələr müraciət edir və müayinələr keçirilir: baş beynin kompüter tomoqrafiyası, MRT, kontrastlı MRT. Bu müayinələrin nəticəsinə görə xəstəyə diaqnoz qoyulur və müalicə prosesi başlayır.

Beyin şişlərinin əsas radikal müalicəsi cərrahiyyədir, yəni şişin kəllə boşluğundan çıxarılması. Şiş çıxarıldıqdan sonra onun xarakterindən asılı olaraq digər köməkçi müalicələrdən də istifadə oluna bilər.

Biz xəstəxanada yalnız cərrahiyyə ilə məşğul oluruq, digər müalicələr lazım olan xəstələr milli onkologiya mərkəzinə göndərilir. Orada şüa terapiyası, kimyəvi terapiya, ağıllı dərmanlar (hədəf terapiyası), immunoterapiya və s. tətbiq olunur. Gündəlik işimiz demək olar ki, beyin şişləri ilə bağlıdır.

Məsələn, az əvvəl əməliyyatdan çıxdım, bir oğlanın beynindən şiş çıxardım, meningioma, xoşxassəli şişdir. Şiş əməliyyatla kəsilib çıxarıldı, mümkün olan ən radikal əməliyyat icra olundu.

- Bəs bu əməliyyatdan sonra şişin yenidən yaranma ehtimalı varmı?

- Şişin təkrar əmələ gəlmə ehtimalı ya yoxdur, ya uzun illər sonra mümkündür.

- Anevrizma cərrahiyyəsi məktəbini ilk dəfə Azərbaycana siz gətirmisiz.  Anevrizma əməliyyatlarında risk və uğur göstəriciləri barədə nə deyə bilərsiniz?

- Anevrizma məktəbini ilk dəfə Azərbaycana gətirmişəm, tələbəmlə bir yerdə. İlk anevrizma əməliyyatımı xatırlayıram. Anevrizma beyin damarlarının inkişaf qüsurudur, divarın kisə şəkilli qabarmasıdır. Beyin damarında zəif nahiyə olur, qanın zərbəsi onu getdikcə genişləndirir, kisə şəkilli qabarma əmələ gəlir. Zirvəsindən partlayanda həyat üçün təhlükəli qanamalara səbəb olur. Uzun illər Azərbaycanda anevrizmaların müalicəsində boşluq vardı, qonşu ölkələrdə əməliyyatlar icra olunurdu. Bizdə imkan daxilində müayinə edilirdi, amma müalicə imkanımız yox idi. Bu xəstələri müşahidə edirdik, lazım olarsa, Ukrayna, Rusiya, Türkiyə, İran və digər ölkələrə göndərirdik. Lakin həmin ərəfədə görürdüm ki, həmin ölkələrdə həkimlər xəstələrin vəziyyətindən sui istifadə edir, çox yüksək məbləğlər tələb edirlər. Bunu müşahidə etdikdən sonra qərar verdim ki, bu turizmi yığışdıracam, xəstələri yerində müalicə edəcəm.

Bu qərarı verdikdən sonra xarici ölkələrdə 6 ay təlim keçdim, 2009-cu ilin noyabrında Azərbaycanda ilk anevrizma əməliyyatını elədim.

Əvvəl xəstələrdə təsadüfi damardakı zədəni bağlayırdılar, amma mən sistemli olaraq anevrizma xəstəsini müayinə edib əməliyyata hazırlayıb icra etdim.

- Bəs, bu gün Azərbaycanda neyrocərrahların sayı və kadr potensialı yetərlidirmi? Onların peşəkarlığını necə qiymətləndirirsiniz?

- Son zamanlar müşahidə etdiyim maraqlı bir tendensiya var.  Əvvəllər qadın neyrocərrahlar nadir idi, indi rezidentlərin böyük əksəriyyəti qızlardır. Onlar anevrizma əməliyyatlarını öyrənir və böyük həvəslə işləyirlər. Artıq anevrizma cərrahiyyəsi Azərbaycanda bir problem deyil. Xəstələrin həm diaqnostikası, həm müalicəsi digər ölkələrdən geri qalmır.

Lazım gəldikdə, stentləmə və qoilinq (damar içindəki problemli sahəni “dolamaq” üsuludur)  kimi damar içi üsullardan istifadə olunur.

Mütəxəssislərlə əməkdaşlıq edərək ölüm və əlillik faizini azaltmağa çalışırıq.

- Respublika Neyrocərrahiyyə Xəstəxanasının müasir tibbi avadanlıqlarla təminatı sizi qane edirmi? Mətbuatın yazdığına görə, əvvəllər bu xəstəxanada MRT belə mümkün olmayıb.

- Vəziyyəti keçmişlə müqayisə etmək istəmirəm, dünya çox sürətlə inkişaf edir. Biz xarici ölkələrdə müasir klinikalarda tədbirlərdə iştirak edirik. İşlədiyim xəstəxana respublika səviyyəli tək neyrocərrahiyyə mərkəzidir. Digər ölkələrdə böyük klinikalarda şöbələr olur, amma ayrıca neyrocərrahiyyə xəstəxanası nadirdir.

Əməliyyatlarımız üçün mikroskop əsas cihazdır. Hazırda xəstəxanada “Carl Zeiss 700” mikroskopumuz var, lakin bir ədəd olduğundan yalnız bir əməliyyatxanada istifadə edə bilirik. Bu da növbələrə səbəb olur. Hələ fevral ayı bitməyib, amma mən mart ayının sonuna qədər növbəyə xəstə yazıram.

Mikroskop 10 ildən artıqdır işlədilir, yenilənməlidir və hər əməliyyatxanada olmalıdır.

Yaxınlarda eqzoskop alınıb, mikroskopla endoskopun ortaq formasıdır, üstünlükləri var. Amma hələ də bəzi texnoloji avadanlıqlarımız yoxdur. Məsələn, əməliyyat daxili KT, MRT və navigasiya sistemi. Kompüter tomoqrafiya bir ildən artıqdır ki, xəstəxanamızda yoxdur, yeni qoyulur. MRT təzə gətirilib, problem yoxdur.

Anevrizma cərrahiyyəsi ilə məşğul olan xəstələr ciddi xəstələrdir, hər hansı hərəkət və həyəcandan qorunmalıdır.

Bəzən bizdə olmayan cihazlara görə, məcbur oluruq ki, xəstələri özəl xəstəxanalara göndərək.  Təəssüf ki, biz bugünkü reallıqda bunlarla qarşı-qarşıyayıq.

Digər tərəfdən, digər əməliyyatlarımıza kömək edən, dediyim kimi, navigasiya, ultrasəs aspiratoru, əməliyyat daxili ultrasəs cihazlarımız yoxdur.

Bütün bunlara baxmayaraq, heç də aciz deyilik, əlimizdə olan imkanlardan maksimal istifadə edirik.

- Bəs dediyiniz cihazlar niyə alınmır?

- Bu avadanlıqlar kifayət qədər bahalıdır və xəstəxana bunu təmin edə bilmir. Bu bir xəstəxananın işi deyil, onu almaq, yerləşdirmək böyük və maliyyə sistemi olan xəstəxanaların işi ola bilər. Bu gün hər hansı bir xəstəxananın o cihazlardan birini almaq şansı yoxdur. Bizim həkim olaraq bu məsələlərə ciddi aidiyyətimiz yoxdur. Bu çatışmazlıqları dəfələrlə həm rəhbərliyimiz qarşısında, həm TƏBİB qarşısında qaldırmışıq.

- Avadanlıqların olmaması əməliyyat vaxtı sizə ciddi problemlər yaradırmı?

- Sizə elementar bir şey deyəcəyəm, bu, həm acınacaqlı, həm gülməli, həm də ağlamalıdır.

TƏBİB gəldikdən sonra xəstəxanada ən azı 3-4 baş həkim dəyişildi. İldə bir baş həkim dəyişirdi.

Əməliyyatxanada işıq verən mikroskopumuz var. Həmin mikroskop həm böyüdür, həm də yaxşı işıqlandırır.

Alman istehsalçısı bu lampaya 500 saat iş dövrü qoyub. 500 saatdan sonra lampanı dəyişmək lazımdır.

Bizim mikroskopun lampası isə 500 saat işləyib vaxtını bitirib,  əlavə 2500 saat da işləyib və hələ də işləyir. Bu gün də həmin mikroskopu işlədirik. Bəzən, lampa sönür, biz isə aləti istehsal edən almanların belə ağlına gəlməyən tryuklar işlədərək lampanı maksimum istifadə edirik.

İnandırım sizi, bu gün istənilən əməliyyat zamanı mikroskop dayanırsa, bu ciddi bir faciədir. Dəfələrlə məsələ mütəxəssis və xəstəxana rəhbərliyi tərəfindən qaldırılıb, lampanı dəyişmirlər.

-Bunun üçün şəxsən nə etmisiniz? Problemi demisinizmi?

- Bəli, bir dəfə TƏBİB-in yoxlaması gələndə təsadüfən mən də qarşılaşdım, baş həkim məni təqdim etdi ki, xəstəxananın mütəxəssisiyəm. Dedim ki, sizdən bir ricam var, hər il baş həkim dəyişirsiniz, xahiş edirəm, bu il baş həkim qalsın, bu mikroskopun lampasını dəyişin. Yenə də dəyişmədilər. Bu gün də həmin lampanın ümidinə işləyirik.

- Bir müddət əvvəl ANS-in “Böyük Seva”sını əməliyyat elədiniz.  Sevda Həsənovanın əməliyyatı tibbi baxımdan nə qədər mürəkkəb sayılırdı?

- Sevda xanımı təxminən bir həftə əvvəl evə yola salmışıq. Onun şikayətləri uzunmüddətli imiş, amma əvvəl çox ciddiyə almamışdı. Sonuncu müayinədə başında arxa kəllə çuxuru dediyimiz vacib bölgədə kifayət qədər böyük, mürəkkəb lokalizasiyalı bir şiş aşkarlandı. Xoşxassəli şiş olmasına baxmayaraq, həm ölçüləri, həm yerləşdiyi yer çox vacib idi, şiş beynin ürək, nəfəs və udma mərkəzinin yanında idi. Bu isə əməliyyatın ciddiliyini dəfələrlə artırırdı.

- Bu  əməliyyatın əsas çətinlikləri nələr oldu?

-Çox məsuliyyətli qərar idi Sevda xanımın əməliyyatını götürmək. Çünki Sevda xanım sıradan bir xəstə deyildi, həm də kifayət qədər məşhur bir jurnalist idi. Yanına gələnlər də Azərbaycanın ən tanınmış jurnalistləri idi. Bu məsuliyyəti artırırdı. Əməliyyatdan qabaq xəstələrin saçını qırxırıq. Sevda xanım saçını qırxdıqdan sonra məndən xahiş etdi ki, bir şəkil çəkək. Bu şəkili çəkərkən düşünürdüm ki, əməliyyat ciddidir, fəsadları ola bilər, hətta ölüm riski də var. Biz əməliyyata hazırlaşdıq, bütün nüansları nəzərə aldıq. Mütəxəssislərin də köməyi ilə əməliyyat elədik,  şişin böyük hissəsini xaric elədik, beyin kötüyünü, damarlarını, sinirlərini azad elədik. Və nə yaxşı ki, əməliyyatdan sonra ciddi fəsadlar olmadı.

“Böyük Seva” digər xəstələr kimi 8-10-cu sutkada evə yazıldı. Əməliyyatımız başlanğıcından sonuna qədər təxminən 9 saat davam etdi. Həmin 9 saata kəllə boşluğunun açılması və qapanması da daxildir. Bu etapı adətən mənim assistentlərim icra edirlər. Amma beyinlə bağlı əsas məsələ ortalama 7 saat davam etdi.

Sevda xanım özü çox pozitiv, həyat eşqi olan adamdır. Onun bu xüsusiyyəti də bizə çox kömək elədi və biz birlikdə bacardıq.

-Telekanallarda özəl klinikalarda çalışan həkimlərin tez-tez reklam olunduğunu görürük. Bu məsələyə sizin münasibətiniz necədir?

- Bilirsiniz, yaxşı həkim mətbuata da, televiziyaya da, sosial şəbəkələrə də çıxmalıdır. Birincisi,  həkimin əsas məqsədi insanları maarifləndirmək olmalıdır. Təəssüf ki, bu gün reklam olunan həkimlərin böyük əksəriyyətinin məqsədi insanları maarifləndirmək deyil. Çox vaxt şişirdilmiş arqumentlər gətirərək xəstə cəlb eləmək və sonda pul qazanmaqdır. Və bəzən bu efirdə kifayət qədər kobud şəkildə baş verir. Məsələn, mən bir həkimin hər hansı verilişin sponsoru olmasını anlamıram, heç yerdə görməmişəm və bunun qətiyyən əleyhinəyəm.

Həkim televiziyaya çıxa bilər, insanları maarifləndirmək üçün verilişlərə gedə bilər. Bu zaman təbii ki, deməlidir ki, bu əməliyyatları mən də icra edirəm.

Məsələn, bu gün beyin cərrahiyyəsində qəribə şeylər baş verir. Mən 30 ildən çoxdur neyrocərrah işləyirəm və Azərbaycanda ən çox beyin əməliyyatı eləyən doktorlardan biriyəm. Yəni bu faktdan qətiyyən çəkinmirəm və bunu hər kəs bilir. Amma gördüyüm işləri reklam etməyə doğrusu, mənim fiziki imkanım yoxdur. Elə sizə müsahibə verməyə güclə vaxt tapmışam. Amma bu gün 2-3 il stajı olan  bəzi həkimlər artıq özlərinə nömrə qoyublar: “Azərbaycanın bir nömrəli həkimi!”

Şəkillər çəkdirirlər, xəstələrin etik olmayan görüntülərini yayırlar, “32 saat əməliyyat eləmişəm” kimi reklamlar buraxırlar. Bu şəxslər həm tibbi ictimaiyyəti tərəfindən, həm də vətəndaşlar tərəfindən qınanılmalıdır. Həkimin reklamı necə ola bilər? Həkim əşya deyil!

- Bu gün ölkənin ən güclü neyrocərrahlarından birisiniz. Bəs siz özünüzü necə tanıtmışdınız?

- Mənim həkim olaraq yetişdiyim dövrdə özünü göstərməyə bu qədər imkanlar yox idi. Mən həkim olaraq özümü yalnız işimlə tanıda bilərdim. Və bu iş də həndəsi silsilə ilə yayılırdı. Sən bir nəfəri yaxşı müalicə edirdin, ona diqqət yetirirdin, o da gedib evində danışırdı, qonşuya danışırdı, kəndində, şəhərində danışırdı və xəstələrin sayı beləcə artırdı.  Müasir dövrdə təbii ki, reklam olur, olmalıdır.

Bu gün cavan, kifayət qədər doğru-dürüst yolda olan bir cərrah sadəcə oturub gözləməli deyil ki, onun yanına xəstə gələr ya gəlməz. Çünki müasir dövrdə, bizdən asılı olaraq da, olmayaraq da, xəstənin doğru ünvana çatması məsələsi çətinləşib. Burada ayrı maraqlar da, dərman firmaları da, qeyri-etik yolla reklam qazanan həkimlərin də rolu var. Ona görə bəzən verilişlərə çıxıb  maarifləndirici təbliğat aparıb, həm də bu əməliyyatların onun tərəfindən icra olunduğunu demək qəbahət deyil. Amma bunu şouya döndərməyin təbii ki, əleyhinəyəm. Şəxsən mən bunu heç vaxt eləmərəm. Bəzən düşünürəm ki, bəlkə də bu  da mənim zəifliyimdir. Məsələn, gördüyüm işləri  insanlarla paylaşmalıyam.

- Ələsgər bəy, paylaşmadığınız amma insanların bilməli olduğu hansı işləriniz var?

- Bizim məşğul olduğumuz bir patologiya var, hemifasial spazm. Hemifasial spazm insanın üzünün bir yarısında özündən asılı olmayaraq  səyrimələridir. Əsasən  göz ətrafından başladığından insanı  kənardan görəndə elə bilirsən ki, kiməsə göz vurur. Bu xüsusən hakimlərdə, müəllimlərdə, insanlarla daimi ünsiyyətdə olan adamlarda ciddi bir kompleks yaradır. Özü də bütün üzün bir tərəfindən hətta boynuna kimi yayılır, insanın estetikası dəyişir. Biz o xəstələri əməliyyat edirik, onların böyük əksəriyyətində çox ciddi nəticələr alırıq. Bu əməliyyata qədər insanlar bilmirdilər, müxtəlif dərmanlar qəbul edirdilər, effekti olmurdu. Yığışan əzələlərə botoks iynələri vurub keyidirdilər, iflic eləyirdilər, o da müvəqqəti effekt verirdi. Bəzən məcbur olub o siniri müxtəlif üsullarla dağıdırdılar ki, onun funksiyası pozulsun, bu da üzün iflicinə gətirib çıxardırdı. Amma biz çox adi bir əməliyyatla bunu həll edirik. Çox vaxt qonşu damarla sinirin arasında kiçik bir teflon parçası qoyuruq. Loru dildə desək, onları bir-birindən ayıran bir hasar qoyuruq və bununla bu ağrılar itir. Dünən belə bir əməliyyat icra etmişəm, insan bu gün xoşbəxtdir, üzünə baxıb deyir ki, daha əsmir. Kompleks aradan qalxır. Doğrudan əməliyyatdan sonra xəstənin üzündə o xoşbəxtliyi hiss eləyirsən. Amma biz bu əməliyyatları heç kəsə demirik. Və bu cür xəstələrin böyük əksəriyyəti nevroloqlara gedirlər, əməliyyatla birdəfəlik qurtula biləcəklərindən xəbərsizdirlər. Bəzən xəstələr deyir ki, doktor,  mən 10 ildir bundan əziyyət çəkirəm, amma bilmirdim ki, bunun əməliyyatı var.

- Neyrocərrahiyyə sahəsində yeni texnologiyaları öyrənmək üçün nələr edirsiniz?

- Ümumiyyətlə, hər sahədə olduğu kimi bu sahədə də yeniliklər hər il var. Müasir dövr çox sürətli  dövrdür və hər günün öz hökmü var, hər günün öz yenilikləri var və təbii ki, daima gündəmdə olmaq üçün, daima işinin öhdəsindən gəlmək üçün təkmilləşmək məcburiyyətindəsən. Yoxsa geri qalarsan. Ona görə təbii ki, biz də daima neyrocərrahiyyə sahəsində dünyada baş verən yenilikləri izləyirik. Bizim sahəmiz texnologiyalardan çox asılı bir sahədir və o yeni texnologiyalar bizim işimizi xeyli yüngülləşdirməyə yönəlmiş texnologiyalardır.

Uzun illər idi Azərbaycanda neyrocərrahiyyə cameəsi pərakəndə şəkildə idi, onları bir yerə toplayıb yığan bir qurum yox idi. İki il qabaq Azərbaycan neyrocərrahiyyə cəmiyyəti yaradıldı. Bu cəmiyyətin yaranması bizim camiəni bir yerə yığdı və o cəmiyyətin imkanları hesabına neyrocərrahların digər ölkələrdə konfranslarda iştirak eləmək, kurslarda iştirak eləmək imkanları yarandı. Əksəriyyət hallarda həkimlər öz vəsaiti hesabına gedir, özü üçün öyrənir. Ümumdünya Neyrocərrahlar Assosiasiyası, Avropa Neyrocərrahlar Assosiasiyası, qonşu ölkələrin neyrocərrahlar assosiasiyaları ilə birgə əməkdaşlıq edirik və onların təşkil elədiyi konfranslara, tədbirlərə, simpoziumlara, seminarlara qatılırıq. Bu kommunikasiyalar bizə çox şey verir. Biz yeni tanışlıqlar, yeni biliklər əldə edirik. Həmçinin bu texnologiyaları kəşf edən firmalar özləri də maraqlıdırlar ki, o kəşflər tətbiq olunsun və onların da bu işdə öz maraqları var. Onlar da gəlib bizimlə əməkdaşlıq edirlər.

- Uzun illərdir Respublika Neyrocərrahiyyə Xəstəxanasında fəaliyyət göstərirsiz, bu müddətdə ən yaddaqalan və ya çətin əməliyyatlarınız hansı olub?

- Mən 1993-cü ildən bu xəstəxanada işləyirəm. Kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirmişəm, sonra Tibb Universitetini fərqlənmə ilə bitirmişəm. O vaxt neyrocərrah olmağa çox böyük həvəsim var idi. Hələ tələbə vaxtlarında bu xəstəxanaya gəlib-getmişəm, amma rəsmi olaraq universiteti bitirəndən sonra Neyrocərrahiyyə kafedrasında 2 illik klinik ordinatura qazandım. İndiki rezidenturanın o vaxtkı analoqu idi. O vaxt kafedra bu xəstəxananın nəzdində idi, klinik ordinaturanı bitirdim və 1995-ci ildən burada işləyirəm. Yəni 2 il klinik ordinaturanı burada keçmişəm, ondan sonra da fasiləsiz bu xəstəxanadayam.

Çətin əməliyyat məsələsinə gəldikdə isə beyin cərrahiyyəsində “asan” deyilən əməliyyat yoxdur. Ümumiyyətlə, cərrahiyyədə asan bir şey yoxdur. Mən “asan əməliyyatdır” sözünü yalnız xəstə sağalıb tam normal halda evə gedəndə deyirəm. Əməliyyatdan qabaq onun asan olacağını heç vaxt düşünmürəm. Bəzən əməliyyatdan qabaq bir həftə həyəcanlandığın, hazırlaşdığın bir əməliyyat o qədər rahat keçə bilər ki, gözləməzsən. Bəzən də çox rahat saydığın bir əməliyyat ağlasığmaz nəticələrlə bitə bilər. Ona görə də cərrahiyyədə, xüsusən beyin cərrahiyyəsində asan iş yoxdur. Bütün işlər məsuliyyətlidir. Sadəcə bəziləri nisbətən daha erkən, daha rahat, bəziləri isə daha çətin, daha ciddi və daha məsuliyyətlidir. Bu da patologiyadan asılıdır. Dünya statistikası var hansı patologiyalarda ölüm faizi yüksəkdir, hansılarda əlillik faizi yüksəkdir, hansılarda azdır. Hər kəs fəaliyyətini həmin qəbul olunmuş standartlara uyğun qurmağa çalışır. Bizim də məqsədimiz nəticələrimizin aparıcı klinikaların nəticələrindən geri qalmamasıdır.

- 44 günlük Vətən müharibəsi zamanı cəbhədə çalışmaq necə təcrübə oldu? Müharibə şəraitində cərrahi tibbi xidmət göstərməyin ən böyük çətinliyi nə idi?

- 44 günlük Vətən müharibəsi dövründə müharibə başladığı günün səhərisi artıq Yevlax Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdum. O vaxt qərar verilmişdi ki, bütün yaralılar Bakıya gətirilməsin, regionlarda da yerində yardım göstərilsin. Ona görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının nəzdində neyrocərrahiyyə xidməti qurulmalı idi və məni də həmin xəstəxanaya bu xidməti yaratmaq üçün göndərmişdilər. Səhərisi gün yollandım, təxminən üç həftə orada qaldım və gələn yaralılara ilkin neyrocərrahi yardım göstərilməsi üçün xidmət etdim. Həmin vaxt bir neçə əməliyyat icra etdim. İlkin neyrocərrahi yardım göstəriləndən sonra daha ağır xəstələr Bakıya evakuasiya olunurdu.

Müharibə planlı başlamamışdı və gözlənilmədən elan olundu. Təcili şəkildə, təxirəsalınmaz qaydada bu xidməti təşkil etmək bizə tapşırılmışdı. Təbii ki, təcili təşkil olunmanın müəyyən çatışmazlıqları ola bilərdi, amma ilkin neyrocərrahi yardım yaraların işlənilməsi, beyin zədələrində ilkin hematomaların çıxarılması və s. kimi işləri orada icra etməyə imkanımız vardı və biz bu işi yüksək səviyyədə yerinə yetirirdik.

- Beyin əməliyyatı zamanı çıxarılan kəllə sümüyünün aqibəti necə olur? Doğrudanmı bəzən yerinə taxılmır və soyuducuda saxlanılır?

- Kəllə hər tərəfdən qapalı sümük kürəsidir və kəllənin içinə girmək üçün təbii ki, bir sümük parçası götürülməlidir. Adətən bu sümük parçası çıxarılır, xüsusi məhlula qoyulur və əməliyyat stolunda saxlanılır. Əməliyyat 1 saat, 5 saat, 8 saat davam etdikdən sonra həmin sümük parçası yenidən yerinə qoyulur və bərkidilir, bununla da əməliyyat bitir.

Bəzi hallarda isə sümüyü geri qoymaq məsələsi təxirə salınır. Məsələn, beynin elə xəstəlikləri var ki, əməliyyat sonunda beyin şişmiş olur və ya beynin şişmə ehtimalı yaranır. Bu zaman təbii ki, o qapağı qoyanda beyin şişə bilər, yerləşərkən özünə rahat yer tapmaya bilər, məhdud boşluqda sıxıla bilər. Bu olmasın deyə biz beyinə rahatlıq yaratmaq üçün o sümüyü qoymuruq və beyin qişasına xüsusi bir toxuma ilə yamaq vururuq ki, şişdiyi halda rahat olsun, sıxılmasın. Beyin tam rahatlaşandan sonra (bu bəzən üç gün, bəzən bir həftə, bəzən altı ay çəkə bilər) sümüyü yerinə qoyuruq.

Bu sümüyün saxlanmasının qaydaları, harada və necə saxlanması məsələsində dünyada hamı tərəfindən qəbul olunmuş vahid ciddi standart yoxdur. Məsələn, bəzi hallarda budun və ya qarnın ön divarında kiçik bir kəsik aparıb, sümüyü dəri altına yerləşdirirlər və sonra tikirlər. Sanki orqanizmin öz daxilində, dərinin altında, piy qatında saxlanılır. Kiçik sümük parçası olanda bu böyük narahatlıq yaratmır, amma böyük sümük parçaları olanda narahatlıq yaradır. Digər tərəfdən orqanizm bu sümüyü başında tanıyır, onu qarnın ön divarına qoyanda bəzən orqanizm bunu qəbul etmir. Müddət çox keçəndən sonra sümüyü çıxaranda görürsən ki, kənarları təxminən 1-2 santimetr əriyib və ölçü yerinə uyğun gəlmir.

Qısa müddətli saxlamaq üçün bəzən insanın qarnının və ya budunun piy qatında saxlamaq olur. Arıq adamlarda bu mümkün olmur. Müxtəlif antiseptik məhlullarda, formalində, spirtdə saxlayanlar da var. Mən isə xəstəxanamızda əgər sümüyü qoymaq məsələsi təxirə salınırsa, onu xüsusi betadin məhluluna salıb, steril bir qabda qoyub, soyuducunun dondurucusunda,  təxminən mənfi 16 dərəcədə saxlayıram. Qaranlıq yer olmalıdır ki, günəş şüalarının təsirindən antiseptikin keyfiyyəti dəyişməsin. Soyuq yerdə saxlanılır və vaxtı gələndə yuyulub təmizlənib yerinə qoyulur.

-  Oğlunuz Rüstəm də həkim olmasına baxmayaraq neyrocərrahiyyəni seçməməsinin xüsusi bir səbəbi oldumu?

- Neyrocərrahiyyə sahəsi ağır sahədir. Həm tibbin, həm də cərrahiyyənin ağır sahəsidir. Məsələn, bizim əməliyyatlarımız digər sahələrdən, məsələn abdominal cərrahiyyədən, LOR, göz, estetik cərrahiyyə, urologiya və s.-dən fərqli olaraq uzunmüddətli olur. Xüsusən beyin əməliyyatları 10-12 saat davam edə bilir. Əməliyyatın müddəti artdıqca fiziki dözümlülük tələb olunur. İnsan saatlarla oturub və ya ayaq üstə dayanıb bu əməliyyatda iştirak edir. Yəni insan buna fiziki hazır olmalıdır.

İkincisi, uzun əməliyyat sənin həyatından gedir. Təsəvvür edin, mən iki beyin əməliyyatı edirəmsə, səhər evdən çıxıram, saat 9-da işə gəlirəm, bu iki əməliyyat axşam saat 11-də bitir. Böyük yükü olan cərrah bunu hər gün icra edir. Demək, sənin həyatın ancaq bu xəstəxanada keçir. Evə gedib bir az dincəlib, yatıb yenə qayıdırsan. Bəzən o qədər yorğun olursan ki, əməliyyatdan sonra paltarını dəyişməyə belə çətinlik çəkirsən, elə xəstəxana forması ilə gedib qayıdırsan, çünki 3-4 saatdan sonra yenə işə gələcəksən. Təbii ki, oğlum da bunun şahidi olub. Əgər neyrocərrahsansa faktiki olaraq sosial həyat yaşamırsan. Bütün həyatın neyrocərrahiyyədən ibarət olur. Qalan bir günün, bazar günün olur, onu da həftənin yorğunluğunu çıxarmağa sərf edirsən.

- Ata kimi istəyirdiniz ki, o da sizin ixtisasınızı davam etdirsin?

- Bu gün bəlkə də müasir gənclər daha rahat yolları, daha komfortlu həyatı seçirlər. Ona görə oğlum Rüstəm, baxmayaraq ki, buna bütün imkanları var idi, neyrocərrahiyyəni seçmədi. Tətil vaxtı əməliyyatlara qatılmışdı, yuxarı kurslarda olanda bəzi işləri, məsələn dəri tikmək kimi işləri ona həvalə etmişdim və görürdüm ki, yaxşı cərrah ola bilər. Amma göz xəstəliklərini seçdi. Hal-hazırda Ankara şəhərində göz xəstəlikləri üzrə rezidenturadadır.

- Bu gün sosial şəbəkələrdə durmadan reklam edilən fizoterapist, botoks və digər qeyri-peşəkar müdaxilələr beyinlə bağlı problemləri həqiqətən düzəldə bilərmi?

- Belə hallar geniş yayılıb, deyirlər ki, yırtıq var, fizoterapistə gedim, botoks edim, üzün iflic olan yerini düzəldim və s. Beyin cərrahiyyəsində müəyyən patologiyalar var ki, onlara digər mütəxəssislər də müdaxilə edə bilər. Lakin qeyri-ənənəvi və ya təcrübəsiz şəxslər tərəfindən tətbiq olunan metodlar bəzən iş görsə də, bunun mexanizmi, səbəbi və təhlükəsizliyi bilinmir. Plasebo effekti və ya psixoloji amillər nəticəsində xəstələr yaxşılaşa bilər, amma bu heç də stabil və təhlükəsiz müalicə sayılmır.

Mütəxəssis olaraq mənim fərqim ondadır ki, mən gördüyüm işin sonunu da görürəm, mümkün fəsadlarını bilirəm və baş verdikdə yardım üsullarını tətbiq edə bilirəm. Qeyri-peşəkarlar isə işin ciddiyyətini, fəsadlarını və mümkün riskləri anlamırlar, xəstə isə bəzən sonda çarəsiz qalır.

Bu səbəbdən, hər hansı sağlamlıq problemi olan insan mütləq sübut olunmuş, tədqiqatlarla təsdiqlənmiş metodlara əsaslanan müalicə üsullarına müraciət etməlidir. İnsanlar getdikləri həkimin kim olduğunu, diplomunu, təhsilini və əməliyyat təcrübəsini soruşmaq haqqına malikdir. Amma bəzən insanlar şou, televiziya və ya tanışların tövsiyəsinə əsaslanıb həkim seçirlər və sonra məlum olur ki, həkim müvafiq ixtisas sahibi belə deyil. Həkim seçərkən və müalicə üsulunu müəyyən edərkən məlumatlanmaq lazımdır. Sadəcə şouya və reklamlara inanıb hərəkət etmək olmaz.

"Yeni Sabah"

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh