Torpağa qatılan kimyəvi gübrələr məhsuldarlığı azaldır? – EKSPERT RƏYİ

Torpaq yalnız bitkinin yetişdiyi bir mühit deyil, eyni zamanda milyonlarla mikroorqanizmin, qurdların, qarışqaların, müxtəlif həşəratların və digər canlıların yaşadığı mürəkkəb ekosistemdir. Bu canlılar torpağın yumşalması, havalanması, üzvi maddələrin parçalanması, humusun yaranması və torpağın münbitliyinin qorunması kimi vacib funksiyaları yerinə yetirirlər. Məsələn, torpaq qurdları torpağı yumşaldaraq köklərin daha rahat inkişafına şərait yaradır, bəzi həşəratlar isə zərərvericilərin təbii düşməni rolunu oynayır.
Əkinçilik sahəsində məhsuldarlığın artırılması, bitkilərin daha sağlam inkişaf etməsi və zərərvericilərə qarşı qorunması məqsədilə müxtəlif gübrələrdən, pestisidlərdən və kimyəvi dərmanlardan geniş istifadə olunur. Bu vasitələr qısa müddətdə məhsulun keyfiyyətini və həcmini artırsa da, onların torpaq ekosisteminə təsiri ilə bağlı ciddi narahatlıqlar da mövcuddur. Xüsusilə torpağın altında yaşayan və təbii tarazlığın qorunmasında mühüm rol oynayan faydalı canlılar bu prosesdən zərər görə bilir.
Məsələ ilə bağlı torpaqşünas Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hansısa çürümüş bitki qalıqlarından, üzvi tullantılardan başlayaraq onların bitki qidalarına çevrilməsi, humusun yaranması və digər üzvi maddələrin formalaşmasında həmin canlıların rolu böyükdür:
.jpg)
“Torpağın əmələ gəlməsi prosesində canlı aləmin çox böyük əhəmiyyəti var. Onlar gözlə çətin görünən, çox xırda canlılardır, lakin faydalı orqanizmlərdir. Hər kvadrat-santimetr torpaqda milyonlarla, milyardlarla mikroorqanizm yaşayır. Planetin təxminən üst münbit qatında formalaşan torpaq örtüyü dünya əhalisinin böyük hissəsini qida ilə təmin edir. Oradakı hansı canlının əhəmiyyətsiz olduğunu demək çətindir. Hazırda ən böyük ziyanlardan biri müharibə zonalarında baş verir. Bombalar, partlayışlardan çıxan tüstü, zəhərli qazlar torpağa çox ciddi ziyan vurur. Ən böyük problem isə torpağın profilinin dəyişməsidir. Torpağın əsas məhsuldar qatı adətən üst 30–40 santimetr, bəzi hallarda isə 80 santimetrə qədər olan hissədir. Bitkilər üçün ən vacib qat da məhz budur. Ondan aşağı hissələrdə məhsuldarlıq zəif olur və mikroorqanizmlərin fəaliyyəti də azalır. Bombaların təsiri nəticəsində həmin münbit qat alt qatlarla qarışır və torpağın təbii quruluşu pozulur. Bu isə torpağın dövriyyədən çıxmasına səbəb olur. Həşərat və canlılara üzvi maddələr təsir edir. Bəzi sahələrdə həddindən artıq suvarma nəticəsində altdakı duzlu qat yuxarı qalxır və torpağın mühiti pozulur. Bu da həmin faydalı canlıların məhvinə səbəb olur. Bunların bir hissəsi təbii proseslərlə yaransa da, bir çox problem insan fəaliyyəti nəticəsində meydana çıxır. Vaxtilə ölkənin torpaq ehtiyatları əhalinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. Lakin sonradan düzgün olmayan yanaşmalar nəticəsində ciddi itkilər yaranıb. Belə torpaqları yenidən bərpa etmək, təmizləmək və istifadəyə qaytarmaq böyük maliyyə tələb edir. Burada milyardlarla vəsait lazım ola bilər. Mikroorqanizmlər və faydalı həşəratlar yalnız münbit torpaqda deyil, uyğun mühitdə yaşaya bilir. Məsələn, çox quraq və həddindən artıq isti ərazilərdə onların fəaliyyəti zəifləyir. Amma rütubət və temperatur normal olduqda onların sayı sürətlə artır. Meşə döşənəyi, çürümüş yarpaqlar, budaq qalıqları, bitki tullantıları və digər üzvi maddələrin parçalanması əsasən həmin mikroorqanizmlərin üzərinə düşür. Onlar torpaqəmələgəlmə prosesini davam etdirən əsas canlı qüvvədir. Bəzi torpaq qatları yuyularaq aşağı hissələrə, aran ərazilərə daşınır və su vasitəsilə müxtəlif mikroorqanizmlər də yayılır. Amma elə ərazilər də var ki, orada problemi təbiət yox, insan özü yaradır. Belə hallarda əlavə zəhərli maddələrə ehtiyac qalmadan da torpaq sıradan çıxır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycan torpaqlarının münbitləşməməsinin səbəbi çoxdur:

“Birincisi, bunun üçün qanunvericilik bazası hazırlanmalıdır. Burada hökumətin üzərinə düşən vəzifələr var, Meliorasiya və Su Təsərrüfatı Agentliyi fəaliyyət göstərir. İlk növbədə bu sahə üzrə qanunvericilik bazası formalaşdırılmalıdır. Dövlətin üzərinə düşən əsas məsələ torpaqların münbitləşdirilməsi və qorunması istiqamətində addımlar atmaqdır. Fermerlər də öz növbəsində məsuliyyət daşımalıdırlar. Çünki torpaqlar istifadəyə verilərkən bir çox hallarda düzgün analiz aparılmayıb. Torpaq mütləq şəkildə analiz edilməlidir, kimyəvi tərkibi yoxlanılmalıdır. Əvvəllər bu işlər görülməyibsə də, heç olmasa indi geniş şəkildə aparılmalıdır ki, ümumilikdə ölkə üzrə vəziyyət məlum olsun. Ölkə üzrə vahid torpaq bazası yaradılmalıdır. Hansı regionda, kənddə, rayonda torpağın vəziyyəti necədir, bunlar müəyyən edilməlidir. Sonra isə bunun əsasında dövlət proqramı hazırlanmalıdır. Ümumiyyətlə, torpaqların münbitləşdirilməsi ilə bağlı kompleks dövlət proqramına ehtiyac var. Hazırda torpaqlara uzun müddət düzgün gübrələr verilmir. Bəzən mineral gübrələr normadan artıq istifadə olunur, bəzən isə çox az verilir, bəzi hallarda pestisidlərdən həddindən artıq istifadə edilir. Faktorlar kifayət qədər çoxdur. Ölkəyə gətirilən bəzi pestisidlər keyfiyyət standartlarına cavab vermədiyi üçün fermerlər onlardan normadan artıq istifadə etməyə məcbur qalırlar. Bu isə torpaqda olan faydalı mikroorqanizmlərin məhvinə gətirib çıxarır. Mikroorqanizmlərin azalması isə torpağın münbitliyinin zəifləməsi deməkdir. Nəticədə, məhsuldarlıq aşağı düşür. Bu sahədə ciddi nəzarət sistemi qurulmalıdır. Ancaq bu nəzarət yalnız cərimə və təzyiq xarakterli olmamalıdır. İlk növbədə, dövlət hesabına torpaqların aqrokimyəvi analizi aparılmalıdır ki, real vəziyyət məlum olsun. Daha sonra fermerlərə həmin nəticələrə uyğun tövsiyələr verilməlidir. Fermer də torpağı təhvil götürdükdən sonra onun keyfiyyət göstəricilərinə görə məsuliyyət daşımalıdır. Əgər torpaqdan düzgün istifadə etmirsə, ona qulluq etmirsə, onda cavabdehlik mexanizmi aktivləşməlidir. Çünki torpaq vaxtaşırı münbitləşdirilməsə, istənilən məhsulu əldə etmək mümkün olmayacaq. Getdikcə məhsuldarlıq azalacaq, torpaqda deqradasiya prosesi sürətlənəcək və bir neçə ildən sonra torpaq ümumiyyətlə keyfiyyətini itirərək yararsız hala düşəcək”.
Nurcan Babək
“Maşınlar sıradan çıxır, "peredok" dağılır" - YOL PROBLEMİ - VİDEO
Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay olacaq? - AÇIQLAMA
Regionlarda qar başladı: Bakıya da yağacaq? - AÇIQLAMA
Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA
Zərdabda Kür daşdı - Polislər vətəndaşları belə xilas etdi - FOTO - VİDEO
Azərbaycanda havaların soyuq keçməsinin SƏBƏBİ AÇIQLANDI
Mərc oyunlarından asılılıq necə yaranır; insanlar əmlaklarını niyə riskə atır? - AÇIQLAMA
Yol problemi sakinlərin əsəbini tarıma çəkdi: "Heç bir tədbir görmürlər" - VİDEO
Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
Bakıda parkinq böhranı: Necə həll olunmalıdır? - AÇIQLAMA
Abituriyentlərin DİM-in imtahanına telefon keçirməsi nəzarət zəifliyini göstərir? - Ekspert AÇIQLADI








