Dünyanın üz-üzə qaldığı təhlükə: Həqiqətdən seçilməyən süni "reallıq"

Texnologiya 26 Fevral 2026 19:48
Dünyanın üz-üzə qaldığı təhlükə: Həqiqətdən seçilməyən süni "reallıq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2026-cı ilin sonuna qədər onlayn məzmunun 90%-i süni mənşəli ola bilər ki, bu da həqiqətlə saxta arasındakı fərqin seçilməsini çətinləşdirən informasiya səs-küyü yaradır. Burada ən böyük zərbə isə şəxsi həyata dəyir. Çünki dipfeyklər psixoloji terror aləti kimi istifadə olunur.

Süni intellektin sürətli inkişafı fonunda "həqiqət" anlayışı yeni sınaq qarşısındadır. Artıq problem təkcə saxta şəkillər deyil, reallığı təqlid edən, emosional təsir gücünə malik və kütləvi manipulyasiya potensialı daşıyan rəqəmsal konstruksiyalardır. Statistik rəqəmlər göstərir ki, internetdə yayılan dipfeyklərin əksəriyyəti qeyri-konsensual (iştirakçıların razılığı olmayan - red.) intim məzmunludur.

Qurbanlar arasında təkcə ictimai fiqurlar deyil, sıravi qadınlar və yeniyetmələr də var. Bu isə artıq texnoloji eksperiment deyil, rəqəmsal zorakılıqdır. Belə materialların yayılması nüfuzun məhv olmasına, psixoloji travmalara və bəzi hallarda intiharlara qədər gedib çıxan ağır nəticələrə səbəb olur. Hüquq-mühafizə orqanları "sextortion" hallarının artdığını bildirir: saxta intim görüntülərlə şantaj mexanizmi sürətlə yayılır və qurbanların müdafiəsi çətinləşir. "Sextortion", yəni cinsi şantaj təhlükəli hücum növlərindən biridir. Hücum zamanı onlayn danışıqlar təşkil olunaraq, qarşı tərəf intim hərəkətlər etməyə sövq olunur. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır.

Dünyanın üz-üzə qaldığı təhlükə: Həqiqətdən seçilməyən süni reallıq

Dipfeyklər artıq tək-tək hazırlanan məhsul deyil, kütləvi hücum alətinə çevrilib. Səs klonu yaratmaq üçün artıq sosial şəbəkələrdən götürülmüş cəmi 3 saniyəlik audioyazı kifayətdir. Fırıldaqçılar real vaxt rejimində videozənglərdən istifadə edərək yaxınları və ya şirkət rəhbərlərini təqlid edirlər. Şəxsiyyətin yoxlanılması üzrə ənənəvi üsullar olan üz biometrikası, səs tanınması getdikcə daha həssas və zəif olur. Sürətli xəbər axını dövründə dipfeyk təkzib olunmağa fürsət tapmamış artıq təsirini göstərir.

Dünyanın üz-üzə qaldığı təhlükə: Həqiqətdən seçilməyən süni reallıq

Saxta xəbərlərin əsas hədəflərindən biri də siyasi isteblişmentdir. Məsələn, 2016-cı ildə ABŞ-də prezident seçkisi ərəfəsində və Donald Trampın prezident seçilməsi ilə mütəmadi olaraq "saxta xəbərlər" terminini işlətməsi, dipfeykə qarşı mübarizə, xüsusən də sosial media platformalarında dünya miqyasında əsas prioritetə ​​çevrildi. Belə ki, saxta video ilə amerikalı aktyor Cordan Pilin sanki Barak Obamanın sözləri kimi səslənən bir videoda "Prezident Tramp tamamilə axmaqdır" deməsi qlobal diqqəti cəlb etmişdi.

2019-cu ildə isə Bill Posters və Daniel Hau "Canny" reklam şirkəti ilə birlikdə "Instagram" üçün bir video hazırladılar. Video Mark Zukerberqin 2017-ci ildə çəkilmiş real görüntüsünə əsaslanır. Videoda Zukerberq guya özünü nəzərdə tutaraq deyir: "Bir saniyəlik təsəvvür edin: Milyardlarla insanın oğurlanmış məlumatlarına, bütün sirlərinə, həyatlarına və gələcəklərinə tam nəzarət edən bir adam". Təbii ki, məzmuna diqqət edəndə nəticə çox inandırıcıdır.

2022-ci ildə isə Rusiya-Ukrayna müharibəsinin başlanmasından cəmi bir ay sonra Vladimir Putinin müharibənin bitdiyini elan etdiyi, Zelenskinin isə "Ukraynanın Rusiyaya təslim olmasından" danışdığı saxta videolar yayıldı.

2024-cü il ABŞ-də prezident seçkisi prosesi zamanı ovaxtkı vitse-prezident Kamala Harrisin videoları da dipfeyk texnologiyadan istifadə edilərək manipulyasiya edilmiş və siyasi dezinformasiya vasitəsi kimi yayılmışdı. Bu saxta xəbərlər Harrisin çıxışlarını təhrif edərək seçiciləri çaşdırmaq və onun imicinə xələl gətirmək məqsədi daşıyırdı.

Dünyanın üz-üzə qaldığı təhlükə: Həqiqətdən seçilməyən süni reallıq

Bəs problemlə necə mübarizə aparmaq olar?

1. Texnoloji həllər: məzmunun avtomatik aşkarlanması və tədbir görülməsi;

2. Hüquqi mexanizmlər: Dipfeyk istehsalı və yayılmasına görə konkret məsuliyyət formalarının sərtləşdirilməsi;

3. Media savadlılığı: Cəmiyyətin məlumatı tənqidi qiymətləndirmə bacarığının artırılması.

Rəqəmsal dövrün əsas sualı isə, məncə, budur: Əgər texnologiya reallığı təqlid edə bilirsə, onda etibar hansı əsas üzərində qurulacaq? Axı dipfeyklər təkcə texnoloji yenilik deyil, həm də informasiya təhlükəsizliyini, insan hüquqlarını və ictimai sabitliyi təhdid edir və buna biganə yanaşmaq mümkün deyil. Çünki bu çağırışa cavab vermək artıq seçim deyil, zərurətdir.

Oxu.az

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh