Xəzərdə taksi xidməti: Bölgələrə dənizlə də getmək mümkün olacaq?

Yarışma 7 Sentyabr 2021 20:29 Oxunub 968
Xəzərdə taksi xidməti: Bölgələrə dənizlə də getmək mümkün olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin istehsal etməyə başladığı 50 dəniz taksisindən birincisi artıq suya enib və sınaq səfərlərinə başlayıb. İstanbul “City Lines”ın Baş direktoru Sinem Dedetaş mətbuata açıqlamasında inşa ediləcək 50 dəniz taksisindən 5-inin elektrikli olacağını bildirib: “Dəniz taksiləri ictimai nəqliyyatın olmadığı yerlərə gedəcəklər. Dəniz taksilərində qadın dənizçilər də xidmət göstərəcək. Qayıqlarda bir kapitan və bir yağlayıcı olmaqla iki ekipaj üzvü olacaq”.

Qeyd edək ki, bu ilin əvvəllərindən İstanbulun “Haliç” gəmiqayırma zavodunda ilkin olaraq 50 ədəd dəniz taksisinin istehsalına başlanılıb.

Maraqlıdır, Azərbaycanda da dəniz taksisi fəaliyyət göstərə bilərmi? Mövzu ilə bağlı Cebhe.info-ya danışan yol-nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, dəniz taksilərinin fəaliyyəti Azərbaycanda uzun müddətdir müzakirə olunur:

"Dəniz üzərindən körpünün salınması, müxtəlif qayıq və gəmilərin sərnişindaşıma işinə cəlb olunması, yəni dəniz taksisi kimi fəaliyyət müzakirə olunur. Lakin digər tərəfdən, Bakının küləklər şəhəri olması, dənizdə dalğaların hündürlüyünün bu nəqliyyat növünə təsiri kimi məsələlər dərindən analiz edilməlidir. Bunun üçün Xəzər Dəniz Gəmiçiliyinin və digər mütəxəssislərin rəyi lazımdır. Ümumilikdə sərinişin daşınmasından söhbət gedirsə, bir nəqliyyatçı kimi bunu dəstəkləyirik. Dünyanın bir çox ölkələrində bu nəqliyyat növü var. Adalarla zəngin olan ölkələrdə dəniz taksilərindən daha geniş istifadə olunur.

Bu nəqliyyat növü turizm potensialını da gücləndirən amildir. Sadəcə məsələnin bu gün nə qədər əlverişli olacağı dərindən araşdırılmalıdır. Deyək ki, təkcə Bakıdan Sumqayıta, Novxanı, Abşeron yarımadası istiqamətində yox, eyni zamanda Bakıdan Xaçmaz, Nabran, Lənkəran istiqamətinə gedən dəniz nəqliyyatı təmin oluna bilərmi? Sərnişinlərin buna nə dərəcədə marağı var? Bütün bunlar araşdırılmalıdır. Azərbaycanda Sosial Təbliğatlar Mərkəzi fəaliyyət göstərir və bu mərkəz bunu araşdırmalıdır. Xəzər dənizində aylarla, illərlə təhlillər aparılmalıdır ki, bu cür nəqliyyat növü üçün konkret marşrutlar təyin etmək realdırmı?"

Ekspert qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması sonradan problem ola bilər: "Məsələn, Xəzər dənizinin suyu get-gedə azalır. Bu gün bu nəqliyyat növü əlverişli görünə bilər. Lakin su azalarsa, nə baş verəcək? Bu nəqliyyat vasitəsi milyonlarla vəsaiti batırmış olacaq. Bu baxımdan məsələ araşdırılmalıdır. Bu gün Bakı şəhərində nəqliyyatın fəaliyyəti tənzimlənə bilmir. Xaotik görüntü var. Sadəcə olaraq bunun çıxış yolu olmalıdır. Kənar dairəvi yollarla hərəkət tənzimlənməlidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh