Banner

Məktəbdə keçilən fənlər niyə universitetə qəbul səviyyəsindədir? – MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Yazarlar 16 Aprel 2025 10:00 Oxunub 290
Məktəbdə keçilən fənlər niyə universitetə qəbul səviyyəsindədir? – MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
WhatsA|

Düşünün ki, bir şagird altı il boyunca məktəbdə ingilis dili dərslərində iştirak edir. Onlarla test tapşırığı həll edir, saysız-hesabsız qaydalar öyrənir və qrammatik cədvəllərlə tanış olur. Lakin bir gün xarici bir turistdən yol soruşduqda, ya da internetdə sadə bir video izləməyə çalışdıqda susur, ya da ən yaxşı halda fikrini izah etməkdə belə çətinlik çəkir. Çünki danışa bilmir, eşitdiyini başa düşmür, öyrəndiyi biliklər real həyatla uyğun gəlmir. Bu vəziyyət Azərbaycan təhsil sistemində ingilis dilinin tədrisində yaranan əsas problemi – funksional bacarıq qıtlığını və test mərkəzli yanaşmanı açıq şəkildə ortaya qoyur.

Məktəblərdə xarici dil öyrənmək yalnız universitetə qəbul üçün keçilən bir mərhələ kimi təqdim olunur. Bu, şagirdin dili bir ünsiyyət vasitəsi kimi deyil, yalnız qəbul imtahanında bal toplamaq üçün öyrənməsinə səbəb olur. Nəticədə, illərlə öyrənilən dil, real həyatda istifadə olunmayan bir “fənn”ə çevrilir. Halbuki dil canlıdır, praktikdir, qarşılıqlı əlaqənin və mədəniyyətin daşıyıcısıdır.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu sual əslində təhsildəki məqsəd-bacarıq uyğunsuzluğunu və funksional dil öyrənməsinin yoxluğunu üzə çıxarır:

“Azərbaycanda bir çox məktəbdə ingilis dili tədrisi qəbul imtahanlarının strukturuna uyğunlaşdırılmış şəkildə aparılır. Məqsəd kommunikativ bacarıqların, danışıq və dinləmə qabiliyyətinin inkişafı deyil, abituriyentə test tapşırıqlarını həll etməyi öyrətməkdir. Bu isə fənnin ruhuna və beynəlxalq yanaşmalara ziddir.”

Ekspertin sözlərinə görə, hazırkı sistemdə dərslər qrammatika mərkəzli, yazı yönümlü və test əsaslıdır. Bu modelin yaranmasının əsas səbəbləri sırasında isə Dövlət İmtahan Mərkəzinin qəbul modeli başda gəlir:

“İmtahanlarda yalnız qapalı testlər tətbiq olunur, burada danışıq və dinləmə bacarıqları qiymətləndirilmir. Belə olduğu halda, məktəblərdə də bu istiqamətlərə diqqət yetirilmir.”

Kamran Əsədov əlavə edib ki, kurikulumla imtahan modeli arasında kəskin uyğunsuzluq mövcuddur. Kurikulumda dinləmə, danışıq, oxu və yazı nəzərdə tutulsa da, DİM yalnız oxu və qrammatika yönümlü testlərlə ölçmə aparır:

“Bu da müəllimləri və şagirdləri testə uyğun, imitasiya xarakterli, real həyatda istifadə olunmayacaq biliklərə fokuslanmağa məcbur edir.”

Ekspert resurs çatışmazlığı və müəllim hazırlığının da bu problemin dərinləşməsində rol oynadığını vurğulayıb:

“Hazırda məktəblərdə dərs deyən müəllimlərin bir çoxu da elə qəbul imtahanı sistemi ilə yetişiblər, kommunikativ metodlara bələd deyillər. Məktəblərdə texnoloji dəstək və dinləmə imkanları zəifdir. Belə olanda, müəllimlər ən rahat və sadə yol olan test yönümlü dərs keçməyə üstünlük verirlər.

Əlavə olaraq, valideynlərin və repetitor mərkəzlərinin də qəbul nəticəsinə yönəlik təzyiqi tədrisin əsas hədəfini dəyişir. Valideynlər danışıq yox, bal tələb edir. Amma 100 bal toplamaq şagirdin funksional dil biliklərinə sahib olduğu anlamına gəlmir. Beynəlxalq təcrübələr bu yanaşmanın nə qədər geridə qaldığını göstərir. Məsələn, Finlandiya, Almaniya, Sinqapur və Kanada kimi ölkələrdə dil tədrisi əsasən kommunikativ bacarıqlar üzərində qurulur. Qiymətləndirmə isə layihələr, təqdimatlar, dinləmə tapşırıqları və praktiki fəaliyyətlərlə aparılır. Bu ölkələrdə dil bacarığı “IELTS” və “TOEFL” kimi beynəlxalq sistemlərlə ölçülür və burada danışıq və dinləmə əsas bacarıqlardan sayılır”.

Ekspert çıxış yolu kimi bir neçə əsas istiqamət göstərib:

“-  DİM-in imtahan modelində şifahi və dinləmə bacarıqlarına əsaslanan tapşırıqların əlavə olunması;

– Müəllimlərin kommunikativ tədris metodlarına yiyələnməsi üçün ixtisasartırma proqramları;

– Məktəblərin texnoloji resurslarla təchiz olunması və real dil mühitinin yaradılması;

– Valideyn və cəmiyyətin funksional dil bacarığının önəmi barədə maarifləndirilməsi.

Test əsaslı dərs keçmək dil öyrənməyin ən motivasiyaöldürücü formasıdır. Əgər istəyiriksə ki, gənclər dünyaya açıq, özünü ifadə edə bilən fərdlər olsun, onda imtahan deyil, ünsiyyət əsaslı tədris modeli qurulmalıdır. İngilis dili yalnız bal üçün yox, həyat üçün öyrədilməlidir.”

Mövzu ilə bağlı ingilis dili müəllimi Vüqar Məmmədov da saytımıza açıqlamasında deyib ki, hazırda məktəblərdə ingilis dili akademik yönün tam əksinə tədris olunur:

“Məktəblərin tədris proqramları əsasən gündəlik mövzuları əhatə edir. Amma universitetlərdə tələb olunan səviyyə daha dərindir, akademik mətnləri anlamaq və yüksək səviyyəli yazı bacarıqları tələb olunur. Məktəblərin buna uyğunlaşdırılması çətindir”.

Vüqar müəllimin fikrincə, problem sistemin özündən qaynaqlanır:

“Məktəblərdə ingilis dili şagirdin dilə marağını artırmaq üçün öyrədilməlidir. Amma hazırda məqsəd tam fərqlidir. Bəzi ölkələrdə resurs və müəllim çatışmazlığı da bu problemi gücləndirir. Sistem dəyişmədikcə və dilin funksional istifadəsi önə çəkilmədikcə, bu problemin həll olunması çətin olacaq. Bu gün şagirdlər dil öyrənir, amma danışa bilmirlər. Çünki məqsəd və üsul səhvdir”.

Keçmiş təhsil naziri, hazırda isə AMEA-nın Riyaziyyat ə Mexanika İnstitutunun direktoru olan Misir Mərdanov isə bu mövzuda tam fərqli düşünür. Saytımıza açıqlamasında keçmiş təhsil naziri deyib ki, proqramlardakı hazırlanarkən əsas məqsəd ölkənin maraqlarına uyğun şəkildə formalaşmış, dövlətə və cəmiyyətə faydalı vətəndaş yetişdirməkdir.

“İndi təhsil proqramları elə hazırlanır ki, bu proqramlar Azərbaycan dövlətçiliyinin maraqlarına və azərbaycançılıq ideyalarına əsaslansın. Şagirdlərin yetişdirilməsində əsas missiyamız məhz bu dəyərlər üzərində qurulmalıdır”, – deyə sabiq nazir bildirib.

Son olaraq onu qeyd edək ki, ölkəmizdəki ibtidai və orta məktəb dərsliklərinin bir çoxunda bu problemlə qarşılaşmaq mümkündür. Şagirdlər istər “Tarix”, “Ədəbiyyat” kimi humanitar, istərsə də “Cəbr” və “Həndəsə”, “Fizika”, “Kimya” kimi dəqiq elmləri öyrənərkən yalnız universitetə qəbul üçün hazırlıq dərəcəsində yetişdirilirlər. Xatırlayıram, məktəbdə oxuyan vaxtlarda sosial şəbəkələrdə videolar yayılırdı: Yaponiyada, Cənubi Koreyada abituriyent universitetə qəbul ola bilmək üçün kiçik də olsa, hansısa ixtira, yeni layihə təqdim etməli idi. Təhsil sahəsində inkişaf etmiş ölkələrlə bağlı belə məlumatlar bu gün də çox yayılır. Amma niyə də bizim ölkəmizin gələcək nəsilləri sabahın alimi, mütəfəkkiri olmasın?! Niyə bizim yazarımız bu gün də “Nobel” mükafatı qazanmasın?! Yaxud niyə gələcəyin lütfizadələrinin ixtiralarından bütün dünya faydalanmasın?! Bu ki, elə əsl Azərbaycan dövlətçiliyinin maraqlarına uyğun gələcəyə yatırım deməkdir…

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

ŞƏRH YAZ
Ad

E-mail

Şərh