Övladlarını maşınla vurub öldürən valideynlər – Ömürlük əzab
Könül Telmanqızı: “Psixoloji durumunda problemləri olanlarda daha çox belə hallar baş verir”
Dekabr ayının sonlarında İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub. A.Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsinin əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə dünyasını dəyişib. Digər bir oxşar hadisə isə bir neçə gün əvvəl Gəncə şəhərində baş verib. Belə ki, şəhər sakini avtomobillə öz övladını vurub. Şəhərin Nizami küçəsində yaşayan 1985-ci il təvəllüdlü Səbuhi İsmayılov “Qazel” markalı avtomobilini həyətdən çıxarmaq istəyərkən avtomobil onun oğlu, 2016-cı il təvəllüdlü İsmayıl İsmayılova dəyib. Xəsarət alan uşaq hadisə yerində ölüb.
Son aylar ərzində artıq bir neçə belə hadisələr baş verib. Valideynin öz övladını bilməyərək öldürməsindən dəhşətli nə ola bilər axı... Bəs görəsən bu cür faciənin qarşısını almaq üçün insanlar nə etməlidir? Hansı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu hadisə əslində həm adi bir məişət, həm də yol hərəkəti təhlükəsizliyi ilə bağlıdır: “İnsanın öz övladını öldürməsi onun çox dəhşətli bir bədbəxtçiliyə düçar olması deməkdir. Bu insan üçün heç bir miqyasa gəlməyən bir faciədir. Adətən burda iki istiqamətdə səhvə yol verilir. Birincisi, balaca uşaqlara avtomobillərin təhlükəsinin nə olduğu aşılanmır. Bunu uşaqları qorxudaraq, avtomobil xoxandır, səni yeyər şəklində deyil, sadəcə, onun anlayacağı, dərk edəcəyi dildə başa salmaq lazımdır. “Atan sükan arxasında otursa da, hər yeri görmür, maşın sürəndə də səni görməz, maşın çox ağır olur, altında qalan insan ölər, ona görə ehtiyatlı olmaq lazımdır”- bu cür yumşaq sözlərlə uşağa izah etmək vacibdir.
Ə.Hüseynovun sözlərinə görə, uşaqlar təkcə öz atalarının maşının arxasında deyil, küçədə yaxud qonaq getdiyi hər hansı bir yerdə gəzə bilər: “Balaca uşaqlara mühərriki işləyən avtomobildən özlərini qorumalı olduqlarını başa salmaq lazımdır. Maşının arxasında, qabağında durmaq, yaxud maşının ətrafında qaçmaq olmaz. İkincisi, sürücülərin yol hərəkəti qaydaları ilə bağlı səhvləri də var. Ümumi təhlükəsizlik qaydasına görə, sürücü avtomobilə əyləşməzdən əvvəl onun dörd tərəfinə fırlanıb, baxmalıdır. Balaca minik avtomobili böyük bir şey deyil, onun ətrafını bir dəfə fırlanmaq cəmi 5-10 saniyə vaxt aparar. O 10 saniyə vaxtı qurban vermək lazımdır ki, sonra belə faciə ilə üzləşməyək. Hər iki qəzaya səbəb geriyə hərəkət edən avtomobil olmuşdur. Geriyə hərəkət edən zaman sürücü arxanı görmür, çünki arxaya nəzarət etmək çox çətindir. Bu zaman başqa adamlardan kömək istəmək lazımdır. Çünki uşaq o təhlükəni dərk etmir, elə bilir ki, atası onu görür. Amma ata arxanı görmür axı...”
"Sağlam Cəmiyyət" İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, baş verənlər həddindən artıq təəssüf doğuran və narahatedici hadisədir, eyni zamanda da ilk hadisələr deyil: “Bu hadisələr yalnız yük maşını ilə deyil, minik avtomobili ilə də baş verir. Atalar bu cür hadisənin yaşanmasını əlbəttə ki. istəməzdilər. Kim övladının qatili olmaq istəyər ki?! Amma gəlin görək səbəb nədir? Belə başa düşdüm ki, ata avtomobili geriyə sürəndə uşaq arxada olub. Sürücülərin ən birinci vəzifəsi və borcu avtomobili işə salmazdan öncə onun ətrafını və altını yoxlamaqdır. Bu sürücülüyün birinci şərtidir. Biz avtomobilin altında it-pişiyin qalmasından narahat oluruq, nəinki uşağın...”.
L.Mehralı vurğuladı ki, böyük ehtimalla bu hadisələr sürücünün avtomobili və ya yük maşınını işə salmazdan əvvəl ətrafını yoxlamadığı üçün baş verib: “Təbiidir, çünki əksər sürücülər vəsiqəsini pulla alıb. Və əfsuslar olsun ki, ölkəmizdə bu yolla alınan sürücülük vəsiqəsinə sahib olan çox “sürücü” var. Nə yol nəqliyyat hərəkətini yaxşı bilirlər, nə dur-hərəkət işarələrini, nə də nəzəriyyədən məlumatlıdırlar. Dövlət və özəl sürücülük məktəbləri var, 2-3 ay ərzində təhsil alıb təməl qaydaları öyrənmək lazımdır. İmtahanda iştirak isə 10-15 manatdır. Amma bu pulu ödəyib peşəkarlardan dərs almaq yerinə bəziləri 900-1000 manat verib sürücülük vəsiqəsi alırlar. Əgər normal sürücülük məktəbində oxuyub öz bacarıqları ilə imtahandan keçsəydilər, bu kimi hallar olmazdı. Boş küçədə əyləc-sürət pedalına basmaqla maşın sürməyi öyrənənlərin törətdiyi qəzalar təəssüf ki, hələ çox canlar alacaq”.
Psixoloq Könül Telmanqızı isə bildirdi ki, uşağın təməlini necə qoyuruqsa o cür də formalaşır: “Əgər biz uşaqların erkən yaşlarından maşına olan maraq və tələbatlarını oyuncaq maşınlarla ödəsək hər şey qaydasında olar. Amma bu marağı sırf reallıqla həyata keçirsək, misal üçün, sükan arxasında oturan valideynlərin uşağı qucağında oturdub, rolu tutmasına icazə verirsə, bu gələcəkdə çox böyük təhlükələrə səbəb ola bilər. Belə hadisələrdə ilk öncə valideyn məsuliyyət daşıyır. İlk təhlükə bu cür yaranır. Hətta, bəzən uşaqlar atasının başı qarışıq olanda. maşının sükanı arxasına keçir, ya açar hissəsinə, yaxud da başqa bir hissəyə əl vurmağa başlayırlar. Bu artıq hər hansı hadisənin baş verəcəyinə bir siqnaldır. Mən burda birinci günahı valideyndə görürəm. Bu marağı uşaqda oyatmamaq üçün valideyn vaxtında və düzgün şəkildə övladına onun təhlükələri barədə məlumat verməlidir”.
K.Telmanqızının sözlərinə görə, uşaqda maşına vaxtından tez maraq formalaşdırmaq gələcəkdə valideyn üçün müəyyən problemlər yarada bilər: “Müəyyən yaş həddinə çatanda uşaq öz tələblərini irəli sürəcək. “O vaxt avtomobili sürməyə icazə verirdin, indi niyə icazə vermirsən? kimi tələblər qoyacaq. Yeniyetməlik dövrünə çatanda çox sərt şəkildə maşın istəmə tələbləri artacaq. Çünki artıq valideyn kiçik yaşlarından onda nəqliyyat vasitəsinə maraq oyadıb, o da daxilindəki bu siqnalı hərəkətə keçirmək istəyir. Bu daxildən gələn siqnal hərəkəti də onun hər hansı bir maşından istifadə etmək istəyini önə çıxaracaq. Bu həm də uşağın psixologiyasına vurulan zərbədir. Bu təhlükəni də yaradan şəxs valideynin özüdür. Uşaqda yaranan bu marağı müəyyən nüanslarla tənzimləmək lazımdır”.
Psixoloq qeyd etdi ki, bəzən insan o qədər fikirli olur ki, avtobusdan düşəndə pul verməyi unudur, yenidən qayıdıb gediş haqqını ödəyir.” Yolu keçəndə maşın siqnal versə belə, o insan sanki öz aləmində stabil formada, sakit-sakit yoluna davam edir. Bu tip insanlar şüuraltında çoxlu problemlər yaşadıqlarına və psixoloji durumlarında çox yükləmələr olduğuna görə etdikləri hərəkətləri qeyri-ixtiyari formada edirlər. Yaxud elə olur ki, evdən çıxan insan qapını-pəncərəni bağlayıb gedir, amma bir az sonra ona elə gəlir ki, qapı-pəncərəni bağlamayıb, yenidən geri qayıdıb yoxlayırr. Bu tip valideynlər fikirli olduqlarına görə, maşını minib onu hərəkət etdirəndə, heç güzgülərdən də istifadə etmirlər. Çünki o öz beyni ilə danışır, hər şeyi avtomatik tərzdə edir. Ona görə də vəziyyət bu tipli ölüm hallarına gətirib çıxarır”.
Könül Əhmədova