Reklam

Xalqımızı COVID-19 ölümlərindən bu peyvənd qoruya bilər - Azərbaycanlı alimdən CİDDİ ELMİ İDDİA

Yazarlar 17 Aprel 2020 14:10 Oxunub 1602
Xalqımızı COVID-19 ölümlərindən bu peyvənd qoruya bilər     - Azərbaycanlı alimdən CİDDİ ELMİ İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BSJ peyvəndi aldığı bəlli olur.

“Koronavirusun bir çox insanda gizli şəkildə - simptomları ağır şəkildə üzə çıxmadan yayılması bu infeksiya ilə mübarizəni çətinləşdirir. Eləcə də, ölkələrin həmin xəstələri tapmasına mane olur ki, bu amil virusun sürətlə yayılmasına səbəb olur. Buna görə də bir çox elm adamlarının bütün ölkələr üçün iddiası ondan ibarətdir ki, rəsmi statistik rəqəmlərlə yanaşı, qeyri-rəsmi, hesaba alınmayan xəstə sayları da təkzibedilməzdir”.

Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

N.Abdullayevin sözlərinə görə, sözügedən rəqəmlərin tapılması məqsədilə elm institutları fərqli modellərlə və tədqiqatlarla müxtəlif mülahizələr irəli sürürlər:

“Bu barədə Robert Kox İnstitutu Almaniya haqqında bildirir ki, burada hesaba alınmayan xəstələrin sayı o qədər də çox ola bilməz. Çünki Almaniya başqa ölkələrlə müqayisədə, pandemiyanın başlanğıcından virusa yoluxma şübhəsi olanları maksimum səviyyədə test edib.

Eyni zamanda bildirib ki, artıq Almaniyada da rəsmi hesaba alınmayan xəstələrin tapılması istiqamətində bir neçə böyük tədqiqata başlanılır və bunlardan ən önəmlisi qanda müvafiq anticismin tapılmasıdır.

Avstriyada Sora Elmi İnstitutunun hesaba alınmayan xəstələrin tapılması istiqamətində apardığı tədqiqatda göstərilir ki, rəsmi statistikaya alınan xəstələrlə tədqiqat nəticəsində aşkarlanmış ehtimal olunan xəstələr arasında böyük fərq var, belə ki, aprel ayının əvvəlinə rəsmi göstərilən rəqəm təqribən 8 500 viruslu xəstədir, həmin zamana tədqiqatın göstərdiyi rəqəm isə təxminən 28 500-dür. 

 

Bu istiqamətdə Kolumbiya Universiteti də Çindəki yoluxma sayı ilə bağlı model üzərində simulyasiya edib və belə nəticəyə gəlib ki, xəstələrin təxminən 80 faizdən çoxu qeydiyyata alınmayıb. Bu tədqiqatlarla bağlı heç də düşünmək lazım deyil ki, həmin ölkələrin səhiyyə sistemi zəifdir, əksinə, burada düşünülməli olan budur: virusun yayılması o qədər tez və gizli keçir ki, onu tam şəkildə aşkarlamaq çox çətindir və güclü səhiyyə sistemləri də bu vəziyyətin qarşısında acizdir.

Bütün bu sadalanan faktlara nəzər salaraq, biz də hazırladığımız yeni modellə fərqli ölkələrdəki vəziyyəti simulyasiya etdik və fərqli elm institutlarının verdikləri rəqəmlərlə eyni rəqəmləri aldıq. Buna görə Azərbaycanda da fərqli simulyasiyalar etmək qərarına gəldik.

İlk simulyasiyada əhalinin israrla “yanvarın əvvəlindən bu xəstəlik Bakıda var idi” fikrini əsas tutaraq, ilk yoluxmanın yanvarın sonu olmasını götürdük. Bundan başqa, vacib bir məqam yoluxanların sayının iki dəfə artması əmsalını başqa inkişaf etmiş ölkələrdə başlanğıc mərhələdə olduğu kimi, təxminən iki-üç gün götürdük (iki dəfə çoxalma əmsalı o deməkdir ki, neçə gündən sonra yoluxanların sayı ikiyə vurulur). Burada ölkədə virusun yayılmasının qarşısının alınması məqsədilə verilən qərarlar, görülən bütün tədbirlər nəzərə alındı və virusun yayılma tezliyi də buna uyğun şəkildə azaldıldı.

Bu zaman nəticə göstərir ki, mart ayının axırlarına doğru artıq əhalinin yarıdan çoxu virusa yoluxub və pandemiya pik nöqtəsini keçib. Əgər bu modelin doğruluğunu fərz etsək, burada çox maraqlı fakt ortaya çıxır. Belə ki, bu, ölüm sayının virusa yoluxanların sayına uyğun olmayaraq, çox az olması və eləcə də, başqa ölkələrlə nisbətdə Azərbaycanda ölüm sayının çox aşağı qalmasıdır.

Bunun nəyə görə belə ola bilməsini izah etmək maraqlı elmi müzakirəyə yol açır ki, burada fərqli tutarlı elmi iddialara ehtiyac var. Son günlər COVID-19-la bağlı apardığım elmi tədqiqat çərçivəsində diqqətimi bir xüsusi məqam çəkdi, belə ki, xəstəxanaya eyni yaşlı iki şəxs xəstəliyin eyni günündə (simptom yaranandan sonra) fərqli simptomlarla müraciət edirlər - biri ağır, digəri isə yüngül simptomlarla.

 

Bunların ağciyər müayinəsi zamanı ağır simptomlu xəstənin ağciyərlərindəki dəyişikliklər müvafiq olaraq digərindən daha çox idi və ağciyərlərin xüsusi metodla ölçülən virtual həcmi digərindən çox aşağı idi. Bu, hər iki xəstənin bütün laborator və kliniki parametrlərinə baxdıqdan sonra xəstələrin anamnezində bir əsas məqam nəzərimi cəlb etdi. Belə ki, xəstəliyi yüngül keçirən xəstənin illər öncə BSJ peyvəndi aldığı bəlli olur.

Bu da onu iddia etməyə əsas verir ki, illər öncə BSJ alan xəstələr virusa yoluxarkən bu peyvəndi almayan xəstələrə nisbətən xəstəliyi daha yüngül keçirir. Bu isə Azərbaycanda ölüm sayının aşağı ola bilməsinə bir səbəb ola bilər. Amma bir xəstə üzərində olan bu hadisəni elmi sübut kimi təqdim etməyə haqqımız yoxdur və bunun üçün bizə bir çox xəstələr üzərində tədqiqat aparmaq lazımdır ki, bu şərait də Azərbaycanda var.

Ölkəmiz adına belə böyük elmi tədqiqatı başlasaq, biz dünya tibbində ABŞ-da, Avstraliyada və Niderlandda aparılan elmi tədqiqatlardan da tutarlı nəticələr ortaya qoya bilərik. Çünki o tədqiqatların heç biri daha öncədən BSJ peyvəndi alan insanları araşdırmır, əksinə, insanlara BSJ peyvəndi vuraraq, onun təsirini yoxlayır. Azərbaycanda ölüm sayının çox aşağı olmasının digər səbəbi də qocaların ortalama ölüm yaşının digər ölkələrdən fərqli olması ola bilər”, - deyə həkim qeyd edib.

N.Abdullayev vurğulayıb ki, növbəti model ÜST-ün verdiyi məlumatlarla, ilk yoluxma gününün və eləcə də, virusa yoluxmanın qarşısı alınması məqsədilə verilən qərarların nəzərə alınması ilə aparılıb:

“Burada da yoluxanların sayının iki dəfə artması əmsalını başqa inkişaf etmiş ölkələrdə başlanğıc mərhələdə olduğu kimi, təxminən iki-üç gün götürsək də, müvafiq olaraq mart ayının ortası üç-beş gün və aprelin əvvəli 10 gün götürülür. Belə olan halda, model bu günə olan toplam virusa yoluxanların sayını 36 110 göstərir ki, pandemiyanın pik nöqtəsi də təxminən iyulun əvvəllərinə təsadüf edir. Burada da ölüm sayının az olmasına yuxarıda göstərdiyim iddialar səbəb ola bilər.

Düşünürəm ki, fərqli simulyasıyalarla bu gün başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən məsələlərin araşdırılmasına zəmin yaradacaq faktlar üzə çıxa bilər ki, bu da virusla mübarizədə bizə çox böyük kömək edə bilər. Bu simulyasiyaların təhlili zamanı yaranan və yaranacaq elmi müzakirələr, düşünürəm ki, daha böyük çevrədə ciddi şəkildə müzakirə olunmalıdır və bu yolda biz hər zaman əlimizdən gələn dəstəyi verməyə hazırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh