Avtomobil yollarında 51 tərəzinin quraşdırılması planlaşdırılıb

Yeniliklər 23 Oktyabr 2024 12:49 Oxunub 200
Avtomobil yollarında 51 tərəzinin quraşdırılması planlaşdırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsi üzrə işlərin icrasını birgə davam etdirir.

Avtosfer.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Bildirilib ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi mərhələli şəkildə aparılır. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması işləri tamamlanıb. 5 ərazi üzrə hazırda işlər davam etdirilir. Daha 2 ərazi Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunda və “Zəfər Yolu”nda isə işlərə yaxın günlərdə başlanılacaq.

Qeyd edək ki, nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası və inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması İnzibati Xətalar Məcəlləsində təsbit edilib.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.

İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsinin tələblərinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər üçün cərimənin məbləği 600 manatdır. Eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimələnir.

 

Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər üçün 1500 manat məbləğində, hüquqi şəxslər üçün 4000 manat məbləğində cərimə nəzərdə tutulub. Eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2500 manat məbləğində, hüquqi şəxslər 7000 manatadək məbləğində cərimələnir.

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi, eləcə də bölünməsi mümkün olmayan yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə icazə əsasında həyata keçirilməsinə nəzarət məqsədilə yaradılan elektron tərəzilərin vahid monitorinq mərkəzi fəaliyyətini davam etdirir.

Monitorinq mərkəzi avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verir.

Monitorinq Mərkəzi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuşdur. Elektron tərəzilər vasitəsilə aşkar edilən inzibati xəta hadisəsi haqqında məlumatlar əsasında elektron qərarın çıxarılmasının təmin olunması üçün görülən texniki hazırlıq işləri yekunlaşmaq üzrədir.

Cari ilin oktyabr ayının sonunadək, Monitorinq Mərkəzindən ötürülən məlumatlar əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Poisi İdarəsi tərəfindən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılmasına başlanılacaqdır.

Vətəndaşlardan qanunvericilikdə müəyyən edilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə riayət etmələrini xahiş edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh