Reklam

İndi də bu avtobuslarda gəzəcəyik – SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR - VİDEO

Yeniliklər 2 Avqust 2015 00:18 Oxunub 2066
İndi də bu avtobuslarda gəzəcəyik – SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komfortlu avtobuslar ictimai nəqliyyat xidməti məqsədilə paytaxt sakinlərinin ixtiyarına veriləcək

"İstidir, gedib gəlmək olmur. İnanın, şəhərin bu başından o başına getdiyimiz marşrutların hamısı dəyişib. Qızım xəstədir, hər gün onun yanına getmək üçün 5 marşrut dəyişirəm. Artıq bir müddətdir ki, bu cür əziyyətlə gedib gəlirəm". 

Bakının Parlament prospektində yaşayan Nazilə xanım deyir ki, Xətai rayonunun Yusif Səfərov küçəsində, Neftçilər Xəstəxanasının yaxınlığında yaşayan qızıgilə getmək üçün bir neçə marşrut dəyişir.

Oxşar problem paytaxtın bir çox ərazilərində də yaşanır:

- Elmlər Akademiyasına getməliyəm, yaşlı adamam, hər gün 3-4 marşrut dəyişirəm. İsti bir yandan, yol narahatlığı da bir yandan. Axırda məcbur olub taksi ilə gedirəm.

- Qaraçuxurdan şəhərin mərkəzinə gələn marşrutlar uzun müddətdir ki, işləmir. Uşaqla heç gəlib getmək olmur.

- Bütün istiqamətlər üzrə marşrutlar dəyişdirilib. Bir müddət öncə havalar da bu qədər isti deyildi, indi çox istidir. Bu problem həm cibimizə ziyandır, həm də canımıza.

- Marşrut axtarıram ki, gedim evə çıxım. Hər gün dayanacaqlar dəyişir, marşrutlar mənzil başına qədər gedib çıxmır.

Hazırda Parlament prospektində yalnız 18 saylı marşrut xəttə buraxılıb. Digərlərinin eyni istiqamət üzrə nə vaxt yenidən xəttə buraxılacağından sürücülər özləri  də xəbərsizdir:

- 6 saylı marşrutun sürücüsüyəm. İki ay olar ki,  istiqaməti dəyişmişik. Bərpa olunacağı haqqında isə heç bir məlumat verilməyib.

- 18 saylı marşrut Parlament prospektindən keçir. Bir həftədir ki, artıq köhnə xətlə işləyirik.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Avropa Oyunları ərəfəsində hərəkətin intensivliyini nəzərə alaraq və nəqliyyat xidmətlərinin keyfiyyətliliyinin yüksəldilməsi məqsədilə şəhərdaxili ictimai nəqliyyatın hərəkətində dəyişikliklər edilib. Bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilib, bir neçə marşrutun fəaliyyəti isə dayandırılıb.

Avropa Oyunları bitdikdən sonra bu məsələ hələ də gündəmdədir və hazırda Nəqliyyat Nazirliyi müvafiq strukturları ilə birgə bu istiqamətdə araşdırmalarını davam etdirir. İşlər marşrut xətlərinin istiqamətlərinin müəyyənləşdirilməsi mərhələsindədir.

Qurumdan bildirilib ki, gələn həftədən başlayaraq Oyunlar vaxtı idmançılara və tamaşaçılara xidmət göstərən, "Baku Bus" MMC tərəfindən paytaxta gətirilən komfortlu avtobuslar ictimai nəqliyyat xidməti məqsədilə paytaxt sakinlərinin ixtiyarına veriləcək.

“Bakı Sərnişinnəqliyyat” MMC tərəfindən fəaliyyəti dayandırılan 10 marşrutun 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 yenidən xəttə buraxılmasına gəlincə, qurumdan bildirilib ki, hansı marşrutların istiqamətində təkrarçılıq yoxdursa, onun tezliklə bərpa edilməsi planlaşdırılıb.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh