Olimpiya zolağına girənlərə yazılacaq cərimənin məbləği bilindi
Xəbər verdiyimiz kimi, dünən I Avropa Oyunları əsas marşrut şəbəkəsi və hərəkət zolaqları açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, I Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq. Bu qaydalara Oyunların Əsas Marşrut Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq sürücülərin Avropa Oyunları zolağına daxil olmasının qadağan ediləcəyi tarix məlumdur. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi mayın 29-dan başlayaraq həmin zolaqlara girişi qadağan edən yol nişanların qoyulmasına start verəcək. İyunun 1-dən isə həmin zolaqlara daxil olmaq qadağan ediləcək.
Bundan əvvəl yayılan xəbərlərdə qeyd edildiyi kimi, həmin zolağa daxil olan sürücüləri 60 manat, 3 bal cərimə yox, sadəcə, 40 manat cərimə gözləyir. Belə ki, həmin zolaqlar ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq kimi işarələnəcək. Bununla da, zolağa daxil olan sürücüləri İnzibati Xətalar Məcəlləsnin 151.1-ci maddəsi ilə 40 manat cərimə gözləyir. Zolaqlara daxil olan sürücülərin aşkar olunması həm müşahidə kameraları ilə, həm də ərazidə xidmət yol polisi əməkdaşlarının köməyi ilə aşkarlayacaqlar.
Məlumata görə, əvvəlcə həmin zolaqlara daxil olan sürücülərin daha ağır cərimə ilə cəzalandarılması təklif edilib. Məsələn, 500 manata qədər cərimənin tətbiqi ilə bağlı təkliflər səslənib. Lakin Dövlət Yol Polisi İdarəsi sürücülərin vəziyyətini, müxtəlif səbəbləri əsas gətirərək 40 manatlıq cərimənin tətbiqini təklif edib və razılıq əldə olunub.
Bütün hallarda, ümid edirik ki, sürücülərimiz bu vəziyyəti başa düşəcək, bir ay ərzində həmin zolaqlara daxil olmayacaqlar. Bunun üçün nişanlara diqqət etmək lazımdır. Həmin zolaqlar şəhər içində azdır. Əsasən, kənar yollarda çoxluq təşkil edir ki, həmin ərazilərdə də boş zolaqlar kifayət qədərdir. Hər halda, vəziyyəti və yol nişanlarının tələbini nəzərə almaq lazımdır.
NİİM-in açıqladığı məlumatı bir daha nəzərinizə çatdırırıq:
• Oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.
• Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb.
• Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.
• Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.
• Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir.
• Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.
• Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.
• 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.
Elməddin Muradlı