Reklam

Mənzil başına salamat çatmaq istəyirsinizsə... - Vaqif Əsədov

Yol polisi 9 Sentyabr 2019 14:00 Oxunub 1431
Mənzil başına salamat çatmaq istəyirsinizsə... - Vaqif Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polkovnikdən maraqlı müsahibə

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bu fikri xüsusilə səsləndirdi.

 

- Cənab polkovnik, xeyli vaxtdır ki, sizinlə görüşmürük. Daha doğrusu, həm sizin başınız qarışıq olub, həm də bizim. Nə var, nə yox? İşləriniz necədir?

- Onu düz deyirsiniz ki, mənim başım həmişə qarışıq olur. Bu da iş-güclə bağlıdır. Bir tərəfdən təbliğat işlərinin aparılması, televiziya və mətbuatda çıxışlarımız, digər tərəfdən də keçirilən reydlərin davamlı olaraq gerçəkləşdirilməsi təbii ki, bizdə zaman qıtlığı yaradır. Siz zəng vuranda başım çox qarışıq idi. Amma gördüm ki, sizsiniz, o dəqiqə telefonu açdım. Bilirəm ki, "Ədalət” qəzeti həmişə yol polisinin işinə çiyin verir, bizim reyd və yoxlamalarda yaxından iştirak edir. Şükürlər olsun ki, işlərimiz də öz qaydasında gedir...

- Bunu necə başa düşmək olar?

- Çox sadəcə, yəni, yol polisinin başlıca vəzifəsi hərəkətin təhlükəsizliyini təmin etmək, hərəkət iştirakçılarını mənzil başına sağ-salamat çatmasına kömək göstərməkdir. Aydındır ki, bu işi də icra etmək hər bir yol polisindən və hərəkət iştirakçısından yüksək məsuliyyət tələb edir. Əgər bir yerdə ki, məsuliyyət var, deməli, orda həm də müsbət nəticələr olacaq.

- Cənab polkovnik, müsbət nəticə dediniz, yadıma yol-qəza hadisələri düşdü. Maraqlıdır, bu gün Bakı şəhərində yol-qəza hadisələri artıb, yoxsa azalıb?

- Maraqlı suala görə, təşəkkürümü bildirirəm. Bir faktı deyə bilərəm ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədə yol-nəqliyyat hadisələrinin sayı azalıb, ölüm və xəsarətalma halları aşağı enib. Bu ona dəlalət edir ki, hər bir yol polisi öz üzərinə düşən vəzifə məsuliyyətini dərindən dərk edir və növbə ərzində qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyə çalışır...

- Siz yol-nəqliyyat hadisələrinin azalmasından, ölüm və xəsarətalma hallarının aşağı enməsindən söhbət açdınız. Bax, bu müsbət nəticələrə hansı addımlar atılmaqla nail olunub?

- Öncə onu qeyd edim ki, sutkanın 24 saatı yol polisi yüksək məsuliyyətlə çalışır. Bir qayda olaraq Bakının küçə və prospektlərində hərəkətin təhlükəsizliyi maksimum səviyyədə təmin edilir. Səhər və axşam saatlarında tıxaclar yarandığı yerlərə əlavə naryadlar göndərilir, yol polisləri avtomobillərin hərəkətini tənzimləyirlər. Xüsusən yağışlı və yağmurlu havalarda hərəkətin yüksək sürətli olduğu prospektlərdə sürət həddi aşağı endirilir və nəqliyyat vasitələrinin hərəkəti diqqət mərkəzində saxlanılır. Yəni mövcud qəza şəraitləri yol polisinin köməkliyi ilə aradan qaldırılr. Üstəlik də mütəmadi olaraq həm sürücülər, həm də hərəkət iştirakçıları ilə bağlı reydlər təşkil edilir. Piyadaların yerüstü və yeraltı keçidlərdən istifadə etməsi xüsusilə diqqət mərkəzində olur. Təbii ki, "Yol hərəkəti haqqında” Qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilir və onlar barəsində inzibati protokol tərtib edilməsi önə çəkilir...

- Yəqin ki, inzibati tədbirlərlə yanaşı, hərəkət iştirakçılarının maarifləndirilməsi məsələsi də diqqət mərkəzində olur...

- Heç şübhəsiz! Çünki bizim əsas məqsədimiz baş verə biləcək qəzaların qarşısını almaqdır. Bunu həm inzibati, həm də maarifləndirmə yolu ilə həll edirik. Bilmirəm siz fikir vermisiniz, ya yox, reyd və yoxlamalar zamanı həm sürücüləri, həm də piyadaları inzibati qaydada cəzalandırmaqla yanaşı, onları maarifləndirməyi də ön plana çəkirik. Bu reydlərdə sizin özünüz də dəfələrlə iştirak etmisiniz. Görmüsünüz ki, inzibati yolla cərimə edilən hərəkət iştirakçıları ilə yanaşı, maarifləndirmə tədbiri ilə qanunu pozanlar da diqqət mərkəzində saxlanılır. Aydındır ki, bu da qəzaların qarşısının alınmasında öz sözünü deyib.

- Sentyabrın 16-sı bütün ümumtəhsil və ali məktəblərdə dərs ilinin başlanmasına start veriləcək. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hansı qabaqlayıcı tədbirlər gerçəkləşdirir? Sirr deyil ki, həmi günü orta və ali məktəblərin yaxınlığından keçən küçə və prospektlərdə bir sıxlıq yaranır...

- Çox yaralı və mühüm bir məsələyə toxundunuz. Hər il sentyabrda dərs başlananda biz mütəmadi olaraq hələ öncədən hərəkət iştirakcıları arasında təbliğat, təşviqat və maarifləndirmə işləri aparırıq. Sürücülərlə və hərəkət iştirakçıları ilə söhbətlərimiz olur. Bu dəfə də öncədən çəmiyyət arasında bu söhbətləri aparmışıq. Çünki bir qayda olaraq yeni dərs ili başlananda bir çox sürücülər təhsil müəssisələrinə yaxın yollarda, küçələrdə, prospektlərdə tıxaclar yaradır, "dayanma” və "durma” qaydalarını pozur və nəticədə tıxaclar yaranır. Bunun qarşısını almaq üçün biz Bakı Şəhər Nəqliyyat Agentliyi ilə birlikdə həmin gün böyük tədbirlər planı həyata keçirəcəyik. Təbii ki, bu qabaqlayıcı tədbirlər həmin gün şəhərimizdə mövcud problemlərin yaranmasını aradan qaldıracaq və digər çətinliklərin baş qaldırmasına imkan verməyəcəkdir.

- Sizin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə həmişə hərəkətin təhlükəsizliyi ilə bağlı böyük tədbirlər planınız olur. Təbii ki, bu plan ilk növbədə hərəkət iştirakçılarından biri olan məktəblilərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib...

- Bu çox mühüm bir məsələdir. Çünki məktəblilərin il boyu hərəkətin təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi həm Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Təhsil İdarəsinin prioritet vəzifəsidir. Bu o deməkdir ki, 1-ci sinifdən tutmuş, 11-ci sinifə qədər bütün şagirdlər yol hərəkəti qaydalarını öyrənməli və əməl etməlidir. Və hər il biz birlikdə "Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı keçiririk. Həmin təhlükəsizlik aylığı zamanı əməkdaşlarımız Bakının uşaq bağçalarında, ümumtəhsil məktəblərində olur, onlara yol hərəkəti qaydalarına əməl etməklə bağlı öz tövsiyələrini verirlər, praşuralar, kitabçalar paylanır. Əgər 5-10 il bundan əvvəlki vaxtla indiki dövrü müqayisə etsək, görərik ki, nəqliyyat vasitələri tərəfindən məktəblilərin vurulması minimum həddə endirilib. Çünki biz məktəblilərlə çox səmimi söhbətlər edir, onlara yol hərəkəti qaydalarını başa salır, təyin olunmuş yerüstü, yeraltı keçidlərdən, işıqforların olduğu və xüsusi zolaqlanmış yerlərdən istifadə etməyi tövsiyə edirik. Təbii ki, bu cür təbliğat işləri yol hərəkəti qaydalarını mənimsəməkdə məktəblilərə çox böyük kömək göstərir və nəticədə onların təhlükəsizliyi təmin edilir...

- Gəlin razılaşaq ki, bu gün yol hərəkəti qaydalarına əməl etməyən sürücü də var, piyada da az deyil. Təbii ki, onların arasında məktəblilər də olur. Bax, necə etmək olar ki, məktəblilərin avtomobillərlə vurulması halları tamamilə aradan qaldırılsın...

- Birmənalı olaraq deyə bilərəm ki, yol polisi bu vəzifənin öhdəsindən bacarıqla gəlir. Çünki biz hər gün gördüyümüz təhlükəsizlik tədbirləri ilə bağlı məlumatları rəhbərliyin diqqətinə çatdırırıq. Onlar da bu məlumatları alandan sonra təhlil edir, nöqsanları diqqətimizə çatdırır və öz məsləhət və tövsiyələrini verirlər. Deməli, yenə baş verə biləcək qəzaların yaranmasında yük sürücülərin və piyadaların üzərinə düşür. Biz hər tərəfdə bir yol polisi qoya bilmərik ki, hərəkətə nəzarət etsin. Amma hər tərəfdə kameralar var. Sadəcə olaraq, sürücü və piyada öz üzərinə düşən məsuliyyəti hiss etməlidir. Və bəzən görürsən ki, ya sürücünün, ya da piyadanın məsuliyyətsizliyi üzündən yol-nəqliyyat hadisəsi baş verir. Biz yol hərəkətinin təşkili ilə əlaqədar olaraq bu məsələləri mütəmadi olaraq təhlil edib araşdırır və qabaqlayıcı tədbirlər hazırlayırıq. Ancaq gərək hər bir valideyn övladlarını diqqət mərkəzində saxlasınlar. Əgər yol polisi, sürücü və piyada öz üzərinə düşən vəzifəni yerinə yetirsə, baş verə biləcək qəzaların qarşısını əsaslı surətdə almaq olar...

- Cənab polkovnik, son olaraq dərs ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına məsləhət və tövsiyələriniz?

- Mən konkret olaraq həmin günü uşaqlarını, övladlarını məktəbə gətirən valideynlərə, sürücülərə üzümü tutub deyirəm ki, məktəbin yanından keçən, yollarda və küçələrdə avtomobilləri necə gəldi saxlamasınlar. Uşaqları düşürən kimi həmin yerdən uzaqlaşsınlar, "dayanma”, "durma” qaydalarına riayət etsinlər. Əks təqdirdə, bu cür sürücülər yol polisi və Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən məsuliyyətə cəlb ediləcəklər. Eyni zamanda uşaqlarını piyada məktəbə gətirən valideynlərə də tövsiyəm odur ki, həmin günü yol hərəkəti qaydasına əməl etsinlər və yolun təyin olunmuş yerindən keçsinlər. Belə olarsa, heç bir peşmançılıq yaranmaz, hamı sağ-salamat məktəbə gəldiyi kimi evinə də geri qayıtmış olar...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh