Reklam

Sağa və sola qırmızısı olmayan işıqforlar – Şikayət və cərimə mənbəyi

Yol polisi 3 May 2024 15:26 Oxunub 554
Sağa və sola qırmızısı olmayan işıqforlar – Şikayət və cərimə mənbəyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bir sıra küçələrində işıqforun xüsusi olaraq sağa və sola dönmək üçün ayrıca bölməsində qırmızı işığın olmaması sürücülərin şikayətinə səbəb olur.

Avtosfer.az xəbər verir ki, sürücülərdən biri bildirib ki, belə işıqfora görə Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən cərimələnib.

“Nadir hallarda istifadə etdiyim küçələrin birində sola dönməli idim. Gecə saatları olduğundan işıqforun ancaq əsas hissəsi görünürdü və yaşıl işıq yanırdı. Bir sıra avtomobillər küçə ilə düzünə hərəkət etdilər. Mən isə sola döndüm və hərəkət edəndən sonra yolun kənarında dayanan DYP əməkdaşları məni saxlayıb işıqforun sola yaşıl işığı olmadan döndüyümü dedilər”, - sürücü danışıb.

Şikayətçi qeyd edib ki, onun gecə saatlarında işıqforun xüsusi bölməsini görünmədiyi barədə arqumentləri DYP əməkdaşları üçün keçərli olmayıb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələnib.

“Belə hadisə adını çəkdiyim işıqforlar olan küçələrdən nadir hallarda istifadə edən bir çox sürücülərin başına gəlir. Mən Rusiyada da, bir sıra Avropa ölkələrində də avtomobil sürmüşəm. Oralarda əgər sola və ya sağa dönmək istəyirsənsə işıqforun müvafiq siqnalı yanır – dönmək olmazsa qırmızı, olarsa yaşıl işıq yanır. Təkcə bizdə belə hal yaşanır”, - o deyib.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin 4-cü bəndində bu barədə qeyd edilib:

“Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir”.

Bu məsələ ilə bağlı şərh verən parlamentin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev qeyd edib ki, işıqforun əlavə bölməsində hərəkəti qadağan edən (qırmızı işıq - red) işığın olmaması hərəkət iştirakçılarına problem yaradır.

“Bu da yola bələd olmayan sürücülərdə narahatlıq yaradır. Xarici ölkələrin təcrübələrinə nəzər saldıqda görürük ki işıqforların sağa-sola dönmə hissəsində qırmızı işıq yandıqda sürücülər bilir ki, dönmək qadağandır. Bu Azərbaycan yollarındakı işıqforlarda da tətbiq edilsə, çox yaxşı olardı. Eyni zamanda yollarda boya ilə rənglənmiş sağa-sola dönmə işarələri var, çox vaxt həmin işarələr pozulur, görünməz hala düşür. Sürücülər həmin yolda dönmə əməliyyatı həyata keçirərkən yol polisləri tərəfindən saxlanılaraq cərimələnir. Düşünürəm ki, bu xətlər həm də işıqforlar vasitəsi ilə yollarda görünməlidir", - deputat deyib.

O vurğulayıb ki, sürücülərin rahatlığını təmin etmək üçün beynəlxalq təcrübələr nəzərdən keçirilməli və onu Azərbaycanda tətbiq etmək lazımdır ki, sürücülər belə problemlərlə qarşılaşmasınlar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə danışarkən bildirib ki, işıqforda dördüncü işığın olması hərəkətin tənzimlənməsində müsbət rol oynayır.

“Dönmə zamanı yalnız yaşıl işığın yanması və ya heç bir işığın yanmaması sağa, sola hərəkət etmək istəyən sürücülərdə çaşqınlıq yaradaraq qəzalara səbəb olur. Bu da həmin yollarda tıxaclara gətirib çıxarır”, - deputat deyib.

O vurğulayıb ki, Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı ilə keçirilən tədbirlərdə bu sahənin mütəxəssisləri ilə müzakirələr aparır, məsələni də həmin görüşlərin birində qaldıracaq.

 

report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh