Şəki yol polisi "Diqqət uşaqlar" aylığına start verdi - FOTO - VİDEO
Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerdəki müvafiq qurumların bu sahəyə xüsusi diqqət yetirmələri nəticəsində ölkədə nəqliyyat vasitələri sayının ilbəil artması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 23 azyaşlının həlak olması, 75 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.
Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2020-ci ilin sentyabr ayının 05-dən, oktyabr ayının 05-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
14 sentyabr 2020-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə sürücülərin məlumatlandırılması məqsədi ilə tədbir keçirib. Tədbir zamanı, 80 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanıb. Sürücülərə təqdim edilən vərəqələrdə onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 330.0.1 və 330.0.2-ci maddələri qeyd olunub. O cümlədən, 65 piyada saxlanılaraq onlara da maarifləndirici vərəqələr paylanıb. Piyadalara təqdim edilən vərəqələrdə isə, onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri” qeyd olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq ərəfəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirir.
Rayon Təhsil Şöbəsinin, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də valideynlər və ictimai qurumların nümayəndələri piyadaların, xüsusilədə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün Dövlət Yol Polisinə yaxından köməklik göstərməlidirlər.
Əziz məktəblilər!
15 sentyabr 2020-ci il tarixdə yeni dərs ili başlayır. Siz küçə və yollarda hərəkət edəcək, avtomobillərlə rastlaşacaqsınız. Ona görə də, YOL HƏRƏKƏT QAYDALARINA ciddi əməl etmək lazımdır ki, avtomobil qəzalarından uzaq olasınız.
Aparılmış təhlillərlə müəyyən edilmişdir ki, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində sürücülərlə yanaşı piyadalarında təqsiri vardır.
Odur ki, məktəblilərə eləcə də digər piyadalara müraciət edirik ki, aşağıdakı qaydalara ciddi əməl etsinlər:
Küçələrdə səkilərlə, yollarda isə ehtiyyat hissə ilə hərəkət edin. Əgər səki yoxdursa küçənin tam kənarı ilə gedin.
Piyada keçidləri ilə küçəni keçin. Piyada keçidi yoxdursa, küçənin düz xəttli hissəsindən yəni hər iki tərəf yaxşı görünən yerindən sola-sağa baxmaqla çox diqqətlə avtomobilin yaxınlaşmadığını tam yəqin edərək keçin.
Küçə və yolda dayanmış nəqliyyat vasitəsinin qarşısından keçmək çox təhlükəlidir. Ən çox hadisələr bu səbəbdən olur. Dayanmış avtomobilin arxa hissəsindən keçmək lazımdır.
Küçəni svetoforun (nizamlayıcının) işarələrinə riayət etməklə keçin.
Avtobusları dayanacaqlarda, dayanacaq yoxdursa səkilərdə gözləyin. Avtobus tam dayanmamış ona yaxınlaşmayın.
Küçə və yolları keçərkən qaçmaq, tələsmək, diqqətsizlik etmək olmaz.
Küçə və yollarda yığışıb topla oynamaq arabacıqlar, velosiped sürmək olmaz.
Minik avtomobillərinin sağ qapılarından düşmək lazımdır.
Yaşı 12-dən az olan uşaqların minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda oturmasına icazə verilmir.
Hörmətli valideynlər!
Azyaşlı uşaqları tək başına küçə və yollara buraxmayın. Aşağı sinif şagirdlərinin (I-V sinif şagirdlərinin) məktəblərə aparılması və dərsdən sonra məktəblərdən götürülməsi valideynlər tərəfindən təmin edilməlidir.
Bununla da, siz öz uşaqlarınızı avtomobil qəzalarından qoruyarsınız.