Yol polisi sürücünü döyərək onun kompyuterini sındırıb?- İDDİA

Yol polisi 23 Noyabr 2020 13:30 Oxunub 10980
Yol polisi sürücünü döyərək onun kompyuterini sındırıb?-  İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göygöl rayonu ərazisində hərəkət edən sürücü ona qarşı kobudluq edən yol polisi əməkdaşlarının hərəkətləri ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, Turab Namazov öz “Facebook” hesabında məlumat yazaraq bildirib ki, idarə etdiyi 20-DN-050 qeydiyyat nişanlı “Niva” markalı avtomobillə noyabrın 18-i Qızılca kəndindən üzü Gəncə şəhəri istiqamətinə hərəkət edərkən  90-YP-290 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları onu dayandırıb.

O qeyd edib ki, “polis əməkdaşı özünü təqdim etmədən sənədlərimi tələb etdi. Mən isə polis əməkdaşından özünü təqdim etməsini və qayda pozuntumun nədən ibarət olmasını izah etməsini xahiş etdim. Müfəttiş avtomobilin banperlərinin "URBAN " olmasını və bunun texniki standartlara uyğun olmadığını bildirdi. Mən avtomobilin texniki sənədini göstərərək bu banperlerin tam standartlara uyğun olduğunu bildirdim.Mənim qanunu tələblərimdən narahat olan yol polisi əməkdaşı "Sən nə küçüksən mənə nəsə izah edirsən" bu kimi başqa  təhqiramiz sözlərlə avtomobilimin pəncərəsini dartışdırmağa başladı. Bu barədə dərhal 102 xidmətinə məlumat verdim. Operator yol polisi əməkdaşının özünü təqdim etməsini mənə bildirdi. Mən yenidən ondan özünü təqdim etməsini xahiş etsəm də, o döş nişanını öz xidməti formasından götürüb gizlədərək özünü təqdim etməkdən imtina etdi. Mən öz mobil telefonum ilə onun bu əməllərini çəkmək istəyən zaman, yarıya qədər endirilmiş pəncərədən əlini salaraq qapını içəri tərəfdən açdı və mənə hücum edərək sol qolumu burdu və o biri əlinin dirsəyi ilə mənə zərbələr endirməyə başladı. Bundan sonra mobil telefonu əlimdən almağa çalışsa da buna nail ola bilmədi. Lakin avtomobilimin açarını çıxaran zaman açar sındı və yumruq zərbələrindən bir neçəsi, dəyəri 4000 azn olan “notebook”uma dəydiyi və sonradan bildim ki, ekranı sınıb.

Bundan sonra məni polis bölməsinə apardılar və orada məlum oldu ki, məni təhqir edən və mənə zor tətbiq edən Göy-Göl rayon DYP bölməsinin inspektoru polis serjantı  Abbasov Əfqan Lətif oğludur. Mən bu barədə şikayət edəcəyimi bildirən zaman onlar məni pəncərəsi açıq olan soyuq yerdə 1 sutka ac saxladılar. Sabahki günü məni məhkəməyə apardılar və hakim heç bir hal şahidi,heç bir videogorüntü tələb etmədən mənə 200 Azn cərimə tətbiq olunması barədə qərar qəbul etdi.

Polis əməkdaşları isə avtomobilimin ön şüşə silgəclərini sökərək mənə cərimə yazıblar”.

 

Sürücü Turab Namazov Daxili İşlər Nazirliyinin rəhbərliyindən xahiş edir ki, hadisəni tam aydınlaşdırmaq üçün yol patrul xidməti avtomobilində olan görüntülərə, o cümlədən Abbasov Əfqan Lətif oğlunun üzərində olan səs yazma cihazına və polis bölməsinin girişindəki müşahidə kameralarına baxış keçirilsin ki, mənim avtomobilimi polis bölməsinə salanda şüşə silgəcləri avtomobilin üzərində olub-olmadığı aydınlaşdırılsın və məsələyə hüquqi qiymət verilsin.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh