60 yaşlı təyyarələrin ümidinə qalan ruslar - FOTO
Rusiyanın ucqar əraziləri ilə ən operativ əlaqə vasitəsi təyyarə olaraq qalır. Lakin son illərdə bu sahədə çətinliklər ifrat dərəcədə artıb. Səbəb son 30 ildə Rusiyanın dünyanın ən böyük təyyarə istehsalçısından idxalçıya çevrilməsidir. Qərb istehsalı olan təyyarələr komfortlu və təhlükəsiz olsa da, Rusiya ucqarlarının istismar şərtlərinə cavab vermir. Sibir və Uzaq Şərq regionu üçün təyyarələr ötən əsrin 60-70-ci illərində layihələndirilib. 80-ci illərin sonunda isə istehsal dayanıb. Buna görə də şirkətlər yaşı yarım əsri ötən hava gəmilərini istismar edirlər.
Avtosfer.az xəbər verir ki, Sovet İttifaqının süqutu ilə Rusiyanın təyyarə problemləri də dərinləşib. Ukrayna müharibəsinədək xarici reyslərlə bağlı problem olmasa da, daxili reyslər barədə eyni sözü söyləmək mümkün deyil. Beynəlxalq reyslər Airbus və Boeinglərlə icra edildiyi halda, Uzaq Şərq regionunda hələ də Tupolev, Antovov və hətta Yakovlev konstruktor bürolarının hazırladığı təyyarələr istismardadır. Bu hava gəmilərinin hamısının yaşı otuzu keçib. An-24 təyyarələrinin isə ən cavanının 45 yaşı var. Bu təyyarələr sovet Ukraynasında 1960-1979-cu illərdə istehsal edilib.
Yaşı yarım əsri ötən hava gəmilərinin istismarı təhlükəli və baha olsa da, aviaşirkətlərin seçim imkanı yoxdur. “Qütb” Hava Yolları Şirkətinin texniki direktoru Konstantin Nazmutdinov deyir: “Məhz AN-24 təyyarəsi Saxa (Yakutiya) Respublikası ərazisində sərnişin və yük daşımaları üçün yeganə əlçatan nəqliyyat vasitəsidir. Bu texnikanın alternativi hələ ki, hazırlanmayıb. Son 2 ildə detal və mühərrik təchizatı bağlı problemlər ciddiləşib. Bu tək bizə yox, bütün AN-24 istifadəçilərinə aiddir””.
Ekspertlər köhnə təyyarələrin istismarının iqtisadi baxımdan səmərəli olmadığı qənaətindədirlər. Aviasiya eksperti Oleq Panteleyevin fikrincə “AN-24 və AN-26 təyyarələrinin istismarının davam etməsi uçuşun maya dəyərinin artmasını qaçınılmaz edir. Bütün dünyada köhnə aviaparkın uçuşa yararlı vəziyyətdə saxlanması iqtisadi məqsədyönlülüyə hesablanıb. Burada ən zəif nöqtə füzelyajın və mühərrikin təmiridir. Texniki imkanlar məhdud olduğundan təmir müddəti və xərci artır”.
Bu günlərdə 3 şirkət yaşı əllini keçən Antonov tipli təyyarələrin istismar müddətinin uzadılması ilə bağlı hökumətə müraciət edib. Hazırda Rusiyanın daxili reyslərində mindən çox AN-24 və AN-26 təyyarəsi istismar edilir. Onların arasında yaşı 60-ı ötənlər də az deyil. Hökumət hələ təklifə cavab verməyib. Eyni sinifdən olan “Ladoqa” təyyarələrinin istehsalı isə ən yaxşı halda 2027-ci ildə başlayacaq.
Rusiyanın ən böyük subyekti və təbii ehtiyatlarla ən zəngin regionu olan Saxa üçün hava nəqliyyatı əvəzedilməzdir. Müqayisə üçün deyək bu federal subyekt Fransadan 5, İtaliyadan 10, Britaniyadan isə 13 dəfə böyükdür.