Reklam

Amerikada satılan "Ford Explorer" modeli yenilənib

Avtodünya 3 Fevral 2024 14:00 Oxunub 718
Amerikada satılan "Ford Explorer" modeli yenilənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beş il əvvəl tam ölçülü Ford Explorer krossoverinin altıncı nəsli debüt edib. 2022-ci ildə Çində satılan krossover yenilənməyə məruz qalıb. İndi isə, Çindəki restaylinqdən iki il sonra, yenilənmiş Explorer doğma Amerikada debüt edib. Üstəlik, Şimali Amerikada satılan versiya Çin versiyasından əhəmiyyətli dərəcədə fərqlənir.

Yenilənmədəki vahid yanaşmanı yalnız ön hissənin dizaynında görmək olar: “amerikalı” Explorer “çinli” analoqu ilə eyni LED fənərləri alıb. Radiator barmaqlığının forması da eynidir, lakin onun tərtibatı fərqlidir - Active və Platinum versiyalarında böyük hüceyrələr, ST-Line və ST variantlarında isə, incə "tor" var.

Əslində, "amerikalının" restaylinqinin qalan hissəsi özünəməxsus proqrama uyğun olaraq həyata keçirilib. Yeni bamperlər daha ciddi plastikaya malikdirlər, arxa işıqlar isə, beşinci qapıda quraşdırılmış formasını dəyişmiş əlavə bölmələri alıblar.

Konfiqurasiyadan asılı olaraq, müxtəlif dizaynlı 18-21 düymlük təkər disklərinin geniş seçimi təklif olunur. ST-Line və ST “idman” versiyaları üçün kuzovun qara damı olan ikirəngli boyanma sxemi əlçatandır.

Əsas dəyişikliklər salonda gizlidir, çünki Explorer tamamilə yeni ön panelə sahib olub. Salondakı əsas yenilik - mərkəzi konsoldakı simsiz enerji doldurma meydançası olan irəli çəkilmiş rəfdir. Onun üstündə yeni Digital Experience multimedia sisteminin (13,2 düym) ekranı yerləşir.

Artıq tanış olan simsiz yeniləmələrə və Apple CarPlay/Android Auto protokollarına əlavə olaraq, o, quraşdırılmış Google xidmətləri olan yeni interfeysi və üçüncü tərəfin proqramlarından istifadə imkanını əldə edib. Bunların arasında axın xidmətləri, sosial şəbəkələr və hətta oyunlar da var, lakin bütün bunlar ancaq dayanacaqda işləyir.

Yeddi rəngdə fərdiləşdirilə bilən kontur işıqlandırması da mövcuddur. BlueCruise avtomagistral avtopilotunun peyda olması da vacib yenilikdir, baxmayaraq ki, o, yalnız abunə ilə əldə edilə bilər.

Baza təchizatı əhəmiyyətli dərəcədə genişləndirilib və ona elektriklə tənzimlənən sürücü (on istiqamətdə) və ön sərnişin (dörd istiqamətdə) oturacaqları, virtual cihazlar paneli (12,3 düym), yuxarıda qeyd olunan Digital Experience media sistemi və elektron köməkçilər dəsti daxildir.

Lakin tam ötürmə sistemi ən zəngin Platinum təchizat səviyyəsi üçün əvvəlki kimi opsiyadır. Yolsuzluq Timberline və lüks King Ranch versiyaları modifikasiya çeşidindən çıxarılıb.

Texniki hissədə də dəyişiklik yoxdur: Ford Explorer əvvəlki kimi, 2.3-litrlik EcoBoost “turbodördlüyü” (304 at qüvvəsi, 420 Nm) və ya 3.0-litrlik V6 EcoBoost biturbo mühərriki (410 at qüvvəsi, 563 Nm) ilə təklif olunur. Bütün avtomobillər əvvəl də olduğu kimi, klassik 10-pilləli avtomatik transmissiya ilə təchiz edilir. Hibrid versiyalar daha sonra yenilənəcək.

Hələlik yalnız baza Active versiyasının qiyməti məlumdur - 41 220 dollar, bu, yenilənmədən əvvəlki krossoverin başlanğıc qiymətindən 2 120 dollar çoxdur. Daha ucuz standart Explorer və XLT modelləri artıq təklif edilmirlər.

Qalan versiyaların qiymətləri Amerikadakı satışların başlanmasına yaxın elan ediləcək. Satışlara bu ilin ikinci rübündə başlamaq planlaşdırılır.

autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh