“Bərkgedən” Cadillac Escalade ofrouderi debüt edib
Cadillac modellərinin ən güclü V-modifikasiyaları təxminən iyirmi ildir ki, istehsal olunurlar, lakin indiyə qədər onlar yalnız sedan, universal və kupe kuzovları ilə təklif ediliblər. Birdə XLR-V rodsterini yaddan çıxarmamaq gərəkdir. Hətta amerikan markasının model çeşidindəki krossoverlər belə versiyaya hələ də sahib deyillər.
Amma indi model çeşidində nəhəng çılğın Cadillac Escalade-V ofrouderi peyda olub və tərtibatçılar onu “ən güclü tamölçülü ofrouder” kimi təqdim edirlər. Üstəlik, o, yalnız 5,4-metrlik standart kuzov ilə deyil, həm də 5,8-metrlik uzunbazalı Escalade-V ESV versiyasında da təklif olunur! Bununla belə, amerikan markası sonuncunun şəkillərini dərc etməyib.
2020-ci ildə debüt etmiş Escalade modeli əvvəldən torşəkilli barmaqlığı və xrom bəzək yerinə qara rəngli dekoru olan opsional Sport paketi ilə təklif olunurdu, lakin “V” versiyası daha aqressiv görünüşü ilə seçilir.
O, ölçüləri böyüdülmüş qara hissələrə malik olan başqa ön bamperi və yalançı diffuzoru olan digər arxa bamperi, başqa 22-düymlük təkər disklərini və ən əsası buraxılış sisteminin dörd böyük çıxış borusunu əldə edib.
Kapotun altında LT4 seriyasından olan 6,2-litrlik kompressorlu V8 mühərriki var. Belə mühərriklər əl ilə yığılır, indiyədək onlar yalnız Chevrolet Camaro ZL1 idman avtomobillərində (659 at qüvvəsi) və Cadillac CT5-V Blackwing sedanlarında (677 at qüvvəsi) quraşdırılıb.
Escalade üçün isə, mühərrikin yeni versiyası hazırlanıb: onun əsas fərqi 13500 dövr/dəqiqəyə qədər sürətlənməyə və 0,7 bara qədər izafi təzyiqi yaratmağa qadir olan ölçüləri böyüdülmüş ötürməli kompressordur. Mühərrikin hasilatı 691 at qüvvəsi və 885 Nm fırlanma anıdır! Bundan əlavə, Escalade-V idarə edilən çəpərciyi olan yeni buraxılış sisteminə malikdir.
Transmissiya - gücləndirilmiş 10-pilləli “avtomat”, habelə ön oxda muftası olan və əvvəlcədən yükləmə ilə çalışan standart tam ötürmə sistemindən ibarətdir. Standart olaraq, elektron kilidi olan arxa differensial da quraşdırılır.
Pnevmatik asqı yenidən tənizimlənmiş Magnetic Ride Control 4.0 adaptiv amortizatorlarını və daha dözümlü arxa pnevmoballonları alıb. Ön oxda altıporşenli mexanizmləri olan Brembo əyləcləri quraşdırılıb.
Cadillac Escalade-V modelinin çəkisi 2820, uzunbazalı ESV versiyasının çəkisi isə, 2906 kiloqramdır. Tərtibatçılar “bərkgedən” ofrouderin 60 mil (97 km/saat) sürətini 4,4 saniyədən az vaxta yığa biləcəyini iddia edirlər. Xatırladaq ki, baza modeli bu işə 5,9 saniyə sərf edir.
Daha effektiv start üçün isə Launch Control nəzərdə tutulub, üstəlik, bütün sistemləri səfərbər edən və klirensi 20 millimetr azaldılan V-Mode ekstremal idarəetmə rejimi də mövcuddur. Şirkət hətta dörddəbir milə sürətlənmə vaxtını da göstərib: Escalade-V yerdən 402 metrlik draq məsafəsini cəmi 12,74 saniyəyə qət edir, çıxışda isə 177 km/saat sürətini toplayır.
Eyni zamanda, “bərkgedən” Cadillac Esclade çəkisi 3,2 tona qədər olan qoşquları yedəyə ala bilər və onun salonu brend üçün ənənəvi olan zövqlə tərtib olunub: interyerdə zamşa ilə karbonu deyil, yarı anilin dəri ağac ilə tərtibatı görmək olar.
Dinamikaya gəlincə, Cadillac ofrouderinin çərçivəli (ramalı) nəhənglər arasında rəqibləri yoxdur. Lakin bir qədər kiçik ölçülərə malik olan krossoverlər daha sürətlidirlər: məsələn, Mercedes-AMG GLS 63 (612 at qüvvəsi) və ya BMW Alpina XB7 (621 at qüvvəsi) 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənə bilirlər.
Cadillac Escalade-V ABŞ bazarında yayın sonunda satışa çıxacaq və ən azı 150.000 dollara başa gələcəkdir. Müqayisə üçün, V8 atmosfer mühərriki ilə təchiz edilən adi Cadillac Escalade ofrouderinin qiyməti 85.000 dollar təşkil edir.
autograph.az