BMW M3 Touring modelinin debüt tarixi açıqlanıb
Alman markasının uzun müddətdir ki, üzərində çalışdığı BMW M3 Touring universalının debüt tarixi bəlli olub. ”Bərkgedən” universalın hazırlandığı barədə ilk məlumat, iki il bundan öncə, avqust ayında peyda olmuşdu. BMW Blog nəşrinin iddiasına görə, yeni nəsil BMW M3 Touring modeli cari ilin iyun ayında debüt etməlidir. Bununla belə,tematik nəşr məlumatı necə əldə etdiyini açıqlamayıb.
BMW şirkəti artıq dəfələrlə idman universalının şəkil və tizerlərini dərc edib. Bundan başqa, casuslar avtomobilin sınaq prototiplərini də çəkməyə müvəffəq olublar, çinlilər isə daha irəli gedərək M3 Touring modelinin patent təsvirlərini yayımlayıblar. Odur ki, gələcək “bərkgedən” M3 universalının eksteryer dizaynı barədə kifayət qədər məlumatımız var.
Ön tərəfdən, universal demək olar ki, M3 sedanından fərqlənməyəcək: eyni nəhəng “burunları” və inkişaf etdirilmiş hava girişlərini idman universalının çöhrəsində də görmək olar. Buraxılış sisteminin dördlüləli çıxış boruları olan arxa tərəfin dizaynı hələ 2020-ci ilin yayında istehsalçının ğzü nümayiş etdirmişdi.
M3 universalının interyer şəkilləri dərc edilməyib, lakin indiyə qədər gördüklərimiz onu göstərir ki, BMW M3 Touring modeli də i4 və iX elektromobilləri, habelə yeni 7 Series sedanı və yenilənmiş X7 krossoverindən tanış olan iDrive8 sürücü interfeysini və iri əyri ekranı əldə edəcəkdir. Sonradan eyni həll yenilənmiş 3 Series ailəsinin bütün modellərinə tətbiq edilməlidir.
İlkin məlumatlara görə, “bərkgedən” universal yalnız 510 at qüvvəli 3,0-litrlik altısilindrli turbomühərrikə, səkkiz pilləli “avtomata” və tam ötürməyə sahib olan Competition versiyasında təklif ediləcəkdir. Kuzov dəsti və güclü mühərrik ilə yanaşı, M3 Touring universalı digər modifikasiyalardan yenidən sazlanmış şassi ilə fərqlənəcəkdır.
May ayında daha bir idman avtomobilinin – hardkor BMW M4 CSL kupesinin təqdimatı gözlənilir. Bu, M4 kupesinin ən güclü və ən yüngül versiyası olacaqdır. Ehtimallara görə, ekstremal kupe mayın 24-də, BMW Motorsport bölməsinin 50 illik yubileyinə həsr olunmuş bayram tədbiri çərçivəsində nümayiş etdiriləcəkdir.
autograph.az