Banner

Elektromobillər üçün yeni batareya kəşf olunub; litium-ion materialdan imtina ediləcək? - FOTO

Avtodünya 16 Fevral 2026 21:00
Elektromobillər üçün yeni batareya kəşf olunub; litium-ion materialdan imtina ediləcək? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Enerji saxlama texnologiyalarında diqqətçəkən yenilik 19-cu əsrə uzanan bir ideyanın yenidən gündəmə qayıtması ilə bağlıdır.

Avtosfer.az xəbər verir ki, məşhur ixtiraçı Tomas Edisonun elektrik avtomobilləri üçün hazırladığı, lakin dövrün texniki məhdudiyyətləri səbəbindən geniş tətbiq tapmayan nikel-dəmir batareya konsepsiyası müasir nanotexnologiya vasitəsilə yenidən işlənib.

UCLA-nın rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmada alimlər Edisonun 125 il əvvəl irəli sürdüyü ideyanı 21-ci əsrin materialşünaslıq imkanları ilə birləşdiriblər. Məlumdur ki, 1900-cü illərin əvvəllərində ABŞ-də elektrik avtomobilləri kifayət qədər yayılmışdı. Lakin qurğuşun-turşu batareyalarının məhdud yürüş ehtiyatı və yüksək qiyməti bu sahənin inkişafını ləngidirdi. Edison isə nikel-dəmir kimyasına əsaslanan, təxminən 160 kilometr məsafə qət edə bilən batareya üzərində çalışırdı. Daxili yanma mühərriklərinin sürətli inkişafı və texniki problemlər isə bu layihənin arxa plana keçməsinə səbəb olmuşdu.

Bu gün isə professor Riçard Kaner və Dr.Maher El-Kadinin rəhbərlik etdiyi tədqiqat qrupu həmin konsepsiyanı nanotexnologiya ilə təkmilləşdirərək yeni prototip hazırlayıb. Bildirilir ki, yeni nikel-dəmir batareya saniyələr ərzində doldurula bilir və 12 mindən çox doldurma-boşalma dövrünə davam gətirir. Gündəlik istifadədə isə 30 ildən artıq xidmət müddəti vəd olunur. Enerji sıxlığı baxımından hələlik litium-ion batareyalarla rəqabət aparmasa da, uzunömürlülük xüsusiyyəti onu xüsusilə iri enerji saxlama sistemləri və məlumat mərkəzləri üçün perspektivli alternativə çevirir.

Yüksək performansın əsasını diametri 5 nanometrdən kiçik nikel və dəmir qrupları təşkil edir. Bu mikroskopik strukturlar elektrod səthinin sahəsini kəskin artıraraq ionların hərəkət məsafəsini azaldır və doldurma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Texnologiyanın istehsal prosesi də maraqlı yanaşma ilə seçilir. Tədqiqatçılar metal qruplarının formalaşdırılması üçün zülallardan şablon kimi istifadə ediblər. Qrafen oksid təbəqələri ilə birləşdirilən bu struktur yüksək temperaturda emal olunduqdan sonra tərkibinin 99 faizi havadan ibarət olan “qrafen aerojeli” materialı əldə olunub.

Mütəxəssislər hesab edirlər ki, bu inkişaf elektrik nəqliyyatı və bərpa olunan enerji sistemləri üçün uzunmüddətli və dayanıqlı həllərin formalaşmasına yeni imkanlar aça bilər.

Eltac

Oxunub 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh