"Land Rover Defender 130" modeli debüt edib, ancaq V8 mühərriki olmadan...
Land Rover rəsmi olaraq modifikasiya çeşidindəki ən böyük Defender ofrouderini təqdim edib: 130 indeksli model zəngin standart avadanlığa, səkkizyerli salona (2 + 3 + 3) və geniş mühərrik çeşidinə malikdir, lakin bu aqreqatların arasındaV8 mühərriki yoxdur.
Gözlənildiyinin əksinə olaraq, Defender güclü səkkizsilindrli mühərrik ilə təklif edilməyəcək. Defender 130 modelinə sifarişlər artıq qəbul edilir: məsələn, ABŞ-da qiymətlər 68 min dollardan başlayır, yəni yeni versiya Defender 110 modelindən demək olar ki, 18 000 dollar bahadır.
Defender 130 ofrouderinin klirensi 29 santimetr, qət etdiyi çay keçidinin dərinliyi isə 90 santimetrdir
Artıq Defender modelinin modifikasiya çeşidi üç varianta qədər genişləndilib: üçqapılı Defender 90 və beşqapılı Defender 110 ofrouderlərinin cərgəsinə, əsasən oturacaqların sayına görə fərqlənən 130 indeksli versiya qoşulub. Defender 130 zəngin standart təchizatı və eksklüziv opsiyaları, habelə 90 və 110 indeksli modellərindən nəzərəçarpacaq dərəcədə yüksək olan qiyməti ilə fərqlənir.
Gözlənildiyi kimi, avtomobilin uzunluğu 5,1 metrə çatır - yəni ölçülərinə görə o, Mercedes-Benz G-Class və Toyota Land Cruiser 300 modellərini üstələyir. Defender 110 ilə müqayisədə 130 indeksli model 34 santimetr daha uzundur, lakin buna uzadılmış təkər bazası (hər iki versiya üçün eynidır) sayəsində deyil, artırılmış arxa kuzov çıxışının hesabına nail olunub.
Üçüncü cərgədə kifayət qədər geniş məkan mövcuddur
Defender 130 modelinin V8 mühərriki ilə təchiz ediləcəyi barədə dolaşan şayiələr təsdiqlənməyib - 5,0-litrlik səkkizsilindrli mühərrik yeni versiya üçün bəyan edilməyib. Lakin qlobal bazarda Defender 130 modelinin 295 at qüvvəli Ingenium D300 dizel aqreqatı, habelə 300 və ya 400 at qüvvəli 3,0-litrlik altısilindrli sıralı benzin mühərriki ilə təklif olunacağı məlumdur.
Şimali Amerikada bu model 296 və 395 at qüvvəli “yumşaq” hibrid güc qurğusu ilə satışa çıxarılacaqdır – hər iki halda Ingenium ailəsindən olan altısilindrli mühərrik 48 voltluq starter-generatorla tamamlanır. Ötürmələr qutusu alternativsiz səkkizpilləli ZF “avtomatı” olacaqdır. Ötürmə - ön oxda muftası olan tam ötürmə sistemindir.
Üç oturacaq cərgəsi olan konfiqurasiyada baqaj bölümünün həcmi 389 litr, üçüncü cərgənin qatlanması halında - 1 232 litr, arxa cərgələrin qatlanması halında isə 2 291 litr təşkil edir
Defender 130 modelini qızdırılan üçüncü oturacaq cərgəsi, opsional dördzonalı klimat-kontrol, panoram damın əlavə bölməsi, dəri oturacaqlar və təbii ağacdan dekor elementləri daxil olmaqla bir neçə interyer tərtibatı variantında təklif edəcəklər.
Ofrouderin standart təchizatına pnevmatik asqı və 11,4-düymlük ekrana olan qabaqcıl multimedia sistemi daxildir. Yuxarıda göstərilənlərinə əlavə olaraq, Defender 130 modeli üçün eksklüziv qırmızı kuzov rəngi də təklif olunur.
Digər bazarlardakı qiymətlərə gəlincə, məsələn, Böyük Britaniyada Defender 130 modelini 73,9 min funt-sterlinqə almaq olar ki, bu da təxminən 93,6 min dollar edir. Avstraliyada D300 dizelini 124,1 min Avstraliya dollarına (89,2 min ABŞ dolları) əldə etmək mümkündür.
autograph.az