"Mercedes-Benz GLC" modelinin ikinci nəsli debüt edib - FOTO

Avtodünya 2 İyun 2022 16:58 Oxunub 1850
"Mercedes-Benz GLC" modelinin ikinci nəsli debüt edib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən premium krossoverlər seqmentində üç dünya təqdimatı baş tutub. Yeni Lexus RX və BMW X1 modelləri ilə eyni vaxtda, Mercedes-Benz şirkəti ikinci nəsil GLC krossoverini göstərib. Lakin yeni GLC krossoveri yalnız standart beşqapılı kuzov və məhdud modifikasiya çeşidi ilə debüt edib.

Bununla belə, heç bir sürpriz də yoxdur: təkamül prosesi digər modellərlə eyni istiqamətdə gedir. Son iki il ərzində GLC hətta C-Class sedan və universalını da qabaqlayaraq ən populyar Mercedes olub: keçən il 270.000 avtomobil satılıb. Buna görə də, şirkət cəsarətli eksperimentlərlə öz bestsellerinin auditoriyasını qorxutmağa cəsarət etməyib.

 

Kuzovun nisbətləri ümumilikdə qorunub saxlanılıb, hətta yan şüşələnmənin forması da tanışdır. Təkər bazası 15 millimetr (2888 millimetr) uzadılıb, lakin ümumi uzunluq 60 millimetr (4716 millimetr) artırılıb - bu, əsasən arxa kuzov çıxışının uzadılması ilə əlaqədardır.

Yəni, ölçülərinə görə yeni Mercedes-Benz GLC Audi Q5 (4682 millimetr) və hətta, BMW X3 (4708 millimetr) krossoverini geridə qoyub. Krossoverin eni dəyişməyib (1890 millimetr), hündürlüyü isə 4 millimetr (1640 millimetr) azalıb. Təkər izi öndə 6 millimetr, arxada isə 23 millimetr genişləndirilib.

 

Eksteryerdəki ən nəzərəçarpan dəyişiklik radiator barmaqlığı ilə birləşmiş maili fənərlərdir. Onlar artıq standart olaraq LED-dirlər, əlavə ödəniş müqabilində isə, GLC modelini ilk dəfə olaraq, yol səthində oxlar və simvollar şəklində məsləhətlər “çəkə” bilən Digital Light fənərləri təchiz etmək olar.

Hər bir belə fənərdə üç güclü diod və 1,3 milyon mikro güzgüdən ibarət matrisa quraşdırılıb. Elektronika onlardan istifadə edərək istənilən “şəkil” yaradır: ümumilikdə 2,6 milyon piksel alınır.

 

Xrom örtüklü Avantgarde Line paketi standart olub və 18 - 20-düymlük təkər disklərindən seçim təklif edilir. Dizaynerlər və mühəndislər “batırılmış” qapı tutacaqları kimi dəbli həllərə müraciət etməsələr də, aerodinamik müqavimət əmsalını 0,31-dən 0,29-a endirməyə müvəffəq olublar. Daha aqressiv dizaynlı bamperləri olan AMG Line kuzov dəsti də hazırdır.

Yeni GLC modelinin interyer tərtibatı zəngin versiyalarda olan hazırkı C-Class modelini təkrarlayır. 12,3-düymlük virtual cihazlar paneli artıq “bazaya” daxildir, mərkəzi konsolda sürücüyə tərəf çevrilmiş 11,9-düymlük şaquli sensorlu “planşet” quraşdırılıb. 

 

Əlavə ödəniş qarşılığında proyeksiya displeyi təklif olunur. Təkmilləşdirilmiş səs izolyasiyası da vəd edilir: məsələn, mərkəzi tunelin emal edilməsi üçün ilk dəfə olaraq bitum əsaslı 2 millimetr qalınlığında örtükdən istifadə edilib.

Seçimlər arasında dördzonalı klimat-kontrol, dairəvi müşahidə kameraları, panoram dam, Burmester səs sistemi (15 dinamikli), masaj funksiyası olan çoxkonturlu ön oturacaqlar var. Elektrik ötürməli baqaj qapısı və üç hissəli arxa divan (40:20:40) standartdır. Baqaj bölümünün həcmi 550 litrdən 620 litrə qədər artırılıb, lakin arxa cərgə qatlanması halında alınan həcm o qədər də artmayıb: 1640 litr (+ 40 litr).

 

MRA modul platforması arxitektura baxımından əvvəlki modellə eynidir: ön tərəf klassik ikiqollu, arxa tərəfdə çoxqollu asqı var. Amplitudadan asılı amortizatorlar standartdırlar, əlavə ödəniş müqabilində idman şassisini, Offroad Engineering paketini (20 millimetr artırılmış klirens və əlavə qorunma) və ya bütün təkərlərin pnevmatik asqısını sifariş etmək olar.

Əyləc gücləndiricisi indi elektromexanikidir və əsas yenilik - tam idarələnən şassidir. Belə sistem, əlavə ödənişlə olsa belə, seqmentdə ilk dəfə təklif olunur və GLC krossoverində arxa təkərlər 4,5 dərəcəyə qədər dönə bilirlər.

 

Xatırladaq ki, C-Class modelində bu göstərici 2,5 dərəcədir. Tam idarələnən şassi geri dönmə dairəsini 11,8-dən 11 metrə qədər azaldır. Eyni zamanda, 60 km/saatdan yuxarı sürətlərdə arxa təkərlər ön təkərlərlə eyni istiqamətdə dönərək sabitliyi artırırlar.

Əlbəttə ki, adaptiv kruiz-kontrol və digər köməkçilər də var, üstəlik, elektronika artıq 100 km/saat sürəti ilə hərəkət edən avtomobili hərəkətsiz maneənin qarşısında dayandıra bilir. Əvvəllər bu hədd 60 km/saat idi.

 

Yeni Mercedes-Benz GLC modelində artıq markanın digər avtomobillərindən məlum olan “şəffaf kapot” da var. 8 km/saat həddinə qədər sürətdə mediasistemin ön kameradan alınan təsviri yadda saxlayır və lazımi gecikmə ilə ön təkərlər altındakı yol örtüyünün aktual görüntüsünü ekranda əks etdirir.

Krossoverin modifikasiya çeşidinin əsasını modul ailəsindən olan 2,0-litrlik dördsilindrli mühərrikləri ilə təchiz edilmiş modifikasiyalar təşkil edir. Bunlar benzin mühərrikli GLC 200 (204 at qüvvəsi, 320 Nm) və GLC 300 (258 at qüvvəsi, 400 Nm), həmçinin dizel aqreqatlı GLC 220 d (197 at qüvvəsi, 440 Nm) modifikasiyalarıdır. 

 

Planda 3,0-litrlik altısilindrli turbodizeli ilə təchiz ediləcək GLC 400 d versiyası da var, lakin o, daha sonra debüt edəcəkdir. Bütün mühərriklər sürətlənmənin ilk saniyələrində əlavə 23 at qüvvəsi və 200 Nm verən 48 voltluq starter-generator ilə təchiz edilirlər. Ötürmələr qutusu - doqquz pilləli 9G-Tronic “avtomatıdır”.

Bundan başqa, modifikasiya çeşidində üç plagin hibrid də var və onlardan biri dizeldir ki, bu da müasir avtomobil sənayesində nadir rastlanandır. Onların hamısı eyni 2,0-litrlik dördsilindrli turbomühərriklərə malikdirlər, doqquz pilləli “avtomata” isə, 136 at qüvvəsi və 440 Nm hasil edən elektrik mühərriki quraşdırılıb.

 

Bunlar GLC 300 e (313 at qüvvəsi, 550 Nm), GLC 400 e (381 at qüvvəsi, 650 Nm) və GLC 300 de (335 at qüvvəsi, 750 Nm) versiyalarıdır. Ən güclü benzin hibridi 100 km/saat həddini 5,6 saniyəyə toplayır.

Bütün GLC hibridləri baqaj bölümünün döşəməsinin altında yerləşən (bu səbəbdən baqajın həcmi digər versiyalardan nəzərəçarpacaq dərəcədə kiçikdir) 31,2 kilovat-saatlıq dartma batareyasına, həmçinin arxa pnevmoasqıya (öndə yaylar saxlanılır) malikdirlər. Hibridlər sırf elektrik rejimində WLTP dövrü üzrə 117-120 kilometr qət edə və 140 km/saata qədər sürətlənə bilirlər.

 

Battery Hold rejimində elektronika batareyanın enerjisinə qənaət edir ki, bu da, enerjinin “son milə” kifayət etməsinə zəmanət verir. Batareyanı divar cihazından doldurmaq olar: dəyişkən cərəyanlı cihazın gücü 11 kilovat, daimi cərəyanlının isə, 60 kilovatdır.

Maraqlıdır ki, yeni GLC modelərinin bütün qeyd olunan versiyalarında ənənəvi 4Matic transmissiyası quraşdırılıb: muftadan hələlik istifadə olunmur. Dörd versiyada, mərkəzi diferensial dartma qüvvəsini 45:55 nisbətində (arxa oxun xeyrinə) bölür, lakin benzin hibridlərində paylama fərqlidir - 31:69. 

Bundan başqa, benzin-elektrik krossoverlərində kiçildilmiş yanacaq çəni var: 62 litr əvəzinə 49 litr. Arxa ötürməli GLC 300 xüsusi olaraq Amerika üçün hazırlanıb.

Yeni Mercedes-Benz GLC modelinə sifarişlərin qəbuluna iyunun sonunda - Almaniyadakı istehsalın başlanması ilə eyni vaxtda başlanacaqdır. Satışlara payızda start veriləcəkdir. Hazırda Almaniyada cari nəsil Mercedes-Benz GLC modelinin qiyməti 48 min avrodan başlayır, ikinci nəslin qiyməti isə baha olacaqdır. Güclü AMG versiyaları, Coupe modifikasiyası və çox güman ki, Çin üçün nəzərdə tutulmuş uzunbazalı GLC sonra təqdim ediləcəklər.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh