Salyan sakini 200-ə yaxın retro və müasir model oyuncaq avtomobil toplayıb - FOTO
Salyan sakini illərdir topladığı oyuncaq avtomobilləri bu gün də qoruyub saxlayır. Kolleksiyada müxtəlif markalardan ibarət 200-ə yaxın oyuncaq avtomobil yer alır. Onlar arasında retro modellər üstünlük təşkil edir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, kolleksioner Kamil Nağıyevin topladığı oyuncaq avtomobillər həm markaları, həm də səliqəli formada qorunub saxlanılmaları ilə diqqət çəkir. 1990-cı ildə Salyan rayonunda dünyaya göz açan Kamil üç yaşından oyuncaq avtomobillərə maraq göstərir, kolleksiyasının ilk hədiyyəsini isə atasından alıb. Ömrünün 30 ilini hobbisinə həsr edən kolleksionerin hazırda 200-ə yaxın oyuncaq avtomobili var. Əsasən retro avtomobillərin modellərinə üstünlük verdiyini bildirən Kamil qeyd edib: “Uşaq vaxtı hər kəs kimi, mənim də oyuncaqlarım olub və həmin vaxtlardan onları qoruyub saxlamağa başlamışam. Məktəb illərində də hobbimi davam etdirmişəm və ətrafımdakı dostlarım, qohumlar da oyuncaq avtomobillərə olan sevgimi bildikləri üçün adətən hədiyyələri belə olurdu. Bu minvalla kolleksiyamda orijinal markalı 200-ə yaxın müxtəlif avtomobil oyuncaq yer alır. Kolleksiyamda nadir avtomobil modelləri - “Pobeda”, “QAZ, “UAZ”, “VAZ”, “Mercedes”, BMW, “Lamborgini”, “Porche”, “Dodge”, “Land Rover”, “Hyundai”, “Kia”, “Chevrolet”, “Hummer” və digərləri var. Həmçinin idman avtomobilləri olan “Ferrari”, “Mustang” və “Bugatti”nin ilk və son modelləri də kolleksiyada mövcuddur. Avtomobillər haqqında məlumatlı olduğum üçün offroad, sport, sedan və digər növlərdən olan markalar toplamışam. Otuz ildən çoxdur ki, bu sahəyə maraq göstərdiyim üçün topladığım avtomobillərin mənim üçün mənəvi dəyəri çox böyükdür. Bir çox hallarda müxtəlif məbləğlərdə pul təklif olunsa da, oyuncaqlarımı satmamışam. Çünki onların hər birinin ayrıca xatirəsi və tarixçəsi var. Bəzi oyuncaqlar var ki, hətta Rusiyada, Türkiyədə, Tailandda və digər ölkələrdə yaşayan dostlarım tərəfindən hədiyyə olaraq alınıb, bəzilərini tapmaq üçün xeyli müddət vaxt sərf etmişəm. Kolleksiyamdakı oyuncaq avtomobillərin özəlliyi isə həmin modellərə miqyasla uyğunluğu və hər birinin üzərində istehsal ilinin olmasıdır. Uşaq vaxtlarımdan avtomobillərə həvəsim olduğu üçün idarə etdiyim avtomobillərə də xüsusi diqqət yetirmişəm, hətta təmirini də özüm edirəm. İlk avtomobilimi - “VAZ-2106”nı 2013-cü ildə almışam. Sonradan “VAZ-2107” markalı 3 avtomobilim olub. Hazırda isə “Tofaş”, “Priora” və “VAZ-2107” markalı üç avtomobilim var ki, onların da hər zaman saz vəziyyətdə olması üçün əlimdən gələni əsirgəmirəm".
Oyuncaqlarını bu gün də eyni həvəslə qoruyub saxlayan Kamil gələcəkdə yeni modellər olacağı təqdirdə, onları da kolleksiyasına daxil edəcəyini bildirib.