Reklam

"Tesla" "Cybertrack" pikapının seriya versiyası təqdim olunub

Avtodünya 4 Dekabr 2023 22:00 Oxunub 872
"Tesla" "Cybertrack" pikapının seriya versiyası təqdim olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tesla Cybertruck pikapının ilk prototipi 2019-cu ildə nümayiş etdirilib. O zaman İlon Mask satışların 2021-ci ilin sonuna qədər başlayacağına söz vermişdi, lakin avtomobil üzərindəki çalışmalar və istehsalın təşkili əlavə iki il tələb edib. Cybertruck yalnız indi seriya versiyasında təqdim olunub və Tesla nəhayət ki rəsmi satışlara başladığını elan edib.

Zahiri cəhətdən Cybertruck seriya pikapı prototiplə demək olar ki, eynidir. Bamperlər daha iridir, qəribə formalı yan güzgülər, eləcə də nəhəng ölçülü yeganə şüşəsilən peyda olub. Cybertruck yüksək mailliyə və demək olar ki, kvadrat formalı şüşəyə malik olduğundan, böyük şüşəsilən alın şüşəsinin bütün sahəsini  əhatə etməlidir.

Amma avtomobilin xarici görünüşünü İlon Maskın sözləri daha yaxşı təsvir edir: “Budur, mütəxəssislərin yaradılmasının mümkün olmadığını dedikləri avtomobil... Məncə, bu bizim ən yaxşı məhsulumuzdur. Gələcək nəhayət ki, gələcək kimi görünəcək”.

Cybertruck modelinin uzunluğu 5682 millimetr, eni - 2200 millimetr (qatlanmış güzgülər ilə), hübdürlüyü isə 1791 millimetrdir. Aerodinamik müqavimət əmsalı Cx 0,335-dir, bu, belə ölçülü və çox spesifik dizaynlı bir avtomobil üçün olduqca məqbul göstəricidir. Alın şüşəsinin üstündə 480 metrə qədər işıq saçan əlavə “çilçıraq” quraşdırılıb.

Pikapın çərçivəsi yoxdur, daşıyıcı kuzov isə yüksək möhkəmlikli paslanmayan poladdan hazırlanıb. Tesla onu “ekzoskelet” adlandırır. Boya örtüyü yoxdur, buna görə də bütün Cybertruck pikapları eyni rəngdə olacaq. Bununla belə, 6500 dollar qarşılığında pikapın kuzovunu ağ və ya qara plyonka ilə örtümək təklif olunur.

Mexanik zədələnməyə və korroziyaya qarşı davamlılıq ilə yanaşı, kuzov həm də gülləkeçirməzdir. Keçirilmiş təqdimatda pikapın 45 kalibrli "Tompson", habelə doqquz millimetrlik "Qlok" və HKMP5SD avtomatları ilə güllələnməsini əks etdirən videoçarx nümayiş etdirilib. Pikap  bu sınaqdan şərəflə keçib, baxmayaraq ki, böyük şüşələnmə sahəsi onu tam ölçülü zirehli avtomobil adlandırmağa imkan vermir.

Şüşələr gücləndirilmiş və qalınlığı artırılmışdır. Onların möhkəmliyini nümayiş etdirmək üçün, şirkətin baş dizayneri Frans fon Holzhauzen şüşəni beysbol topu ilə vurub. Şüşənin 70 mil/saat (113 km/saat) sürəti ilə uçan belə bir topun zərbəsinə tab gətirəcəyi bildirilir. Maraqlıdır ki, 2019-cu il təqdimatında Holzhauzen prototipin pəncərəsini metal topla vurmuş və nəticədə o çatlamışdı.

Şüşə həm də əla akustik xüsusiyyətlərə malikdir, buna görə də pikapın salonunda “kosmosdakı kimi səssizlikdir”. Pikapın interyeri ənənəvi Tesla dizaynına uyğun olaraq hazırlanıb ki, ön paneldəki da əsas yeri 18,5-düymlük “televizor” tutur. 

Arxa cərgədə oturan sərnişinlərin ixtiyarına mərkəzi boksun arxasında yerləşən 9,4-düymlük ayrıca ekran verilib. Bundan əlavə, pikap 65 vata qədər doldurma gücünə malik olan çoxsaylı USB-C portları, on beş dinamikli səs sistemi (fərdi gücləndiriciləri olan iki sabvuferlə birlidkə), panoram dam və havadakı hissəciklərin 99,97 faizini tutan tibbi səviyyəli filtrasiya sistemi ilə təchiz edilir.

Cybertruck təkərlərin 305 millimetr şaquli istiqamətdə hərəkətini və 443 millimetrlik maksimum klirensi (Extract Mode rejimində) təmin edən adaptiv pnevmatik asqı ilə təchiz olunub! Pikap xarici diametri 35 düym olan yolsuzluq şinləri taxılmış 20-düymlük diskləri ilə təıklif edilir. 

Şassi tam idarələnədir, sükan idarəetməsi "tellər" vasitəsi ilə həyata keçirilir - onun kəskinliyi və reaksiyası təkərlərin sürətindən və ya fırlanma bucağından asılı olaraq dəyişir. Nəticədə, pikapı geridönmə dairəsi (11,3 metr) Tesla Model S minik avtomobilindən daha kiçik olub.

Cybertruck 800 voltluq elektrik sisteminə sahib olan ilk Tesla avtomobilidir. Əvvəlcə vəd olunduğu kimi, pikapın üç modifikasiyası təklif edilir. Başlangıc Tesla Cybertruck RWD versiyası bir elektrik mühərriki ilə təmin edilən arxa ötürməyə malikdir, lakin belə pikaplar yalnız 2025-ci ildə konveyer xəttinə çıxacaq, ona görə də onun bütün spesifikasiyaları açıqlanmayıb.

Məsələn, güc hələ məlum deyil. Pikap 60 mil/saat (97 km/saat) həddinə 6,5 saniyəyə sürətlənir və 180 km/saat maksimal sürətə malikdir. Pikap 3,4 tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. Bir şarjla yürüş məsafəsi 402 kilometr olacaq.

Cybertruck AWD adlanan ikinci variantda tam ötürmə və differensial kilidləri olan iki elektrik mühərriki (hər oxda biri) var. Ümumi güc 600 at qüvvəsinə, təkərlərdəki fırlanma anı (yəni reduktor nəzərə alınmaqla) 10 080 Nm təşkil edir. 60 mil/saata (97 km/saat) sürətlənmə 4,1 saniyə çəkir, maksimal sürət eyni 180 km/saatdır. Pikapın boş çəkisi 2995 kiloqramdır. Tamötürməli Cybertruck bir dəfə doldurmaqla 547 kilometr məsafə qət edə bilər.

Nəhayət, top versiya Cyberbeast adlanır və o, üç elektrik mühərriki ilə təchiz olunub (biri ön, ikisi arxa oxda). Maksimal güc 845 at qüvvəsi, təkərlərdəki fırlanma anı 13960 Nm təşkil edir. Top versiyanın boş çəkisi isə 3104 kiloqramdır.

Belə böyük və ağır avtomobilin 60/mil/saata (97 km/saat) sürətlənməsi nəfəs kəsən 2,6 saniyə çəkir! “Kibervəhşi” hətta Porsche 911 sportkarını dörddə bir milə sürətlənmədə keçə bilər... özüdə yedəyə aldığı qoşquda başqa bir Porsche 911 sportkarını daşımaqla!

Onun maksimal sürəti 209 km/saat, yürüş məsafəsi isə 515 kilometrdir. "Yuruş artırıcısı" da mövcuddur və bu, bir çox hibridlərdə olduğu kimi daxili yanma mühərriki deyil, yük platformasının ön divarında yerləşən əlavə dartma batareyasıdır. Bu opsiya ilə yürüş məsafəsi 193-209 kilometr artacaq, yəni AWD versiyasında yürüş ehtiyatı 756 kilometrə çatacaq.

İstənilən halda, bu dörd il bundan əvvəl vəd edilmiş 500 mildən (805 kilometr) azdır. Şarj cihazı 250 kilovata qədər gücü dəstəkləyir, xüsusi Supercharger terminalında 15 dəqiqəlik şarjdan sonra yürüş ehtiyatını 206-218 kilometr artırmaq mümkündür.

Kompozit materiallardan hazırlanmış yük platformasının uzunluğu 1,8, eni isə 1,2 metrdir. Kupe elektrik ötürməsi olan pərdəsi ilə təchiz edilib və onun altındakı həcmi 1,9 kubmetrdir. Tamötürməli versiyalar 1134 kiloqram yükgötürmə qabiliyyətinə malikdirlər və bu göstərici ilə Cybertruck təkcə Ford F-150 Lightning elektropikapını (1014 kiloqram), həm də daxili yanma mühərrikləri olan modelləri (Ford F-150, Chevrolet Silverado 1500, Ram 1500) üstələyir.

Yedəyə alınan qoşqunun maksimum çəkisi beş tondur. Müqayisə üçün: Ford elektropikapında bu göstərici 4,5 tonu keçmir, lakin qeyd olunan benzin və dizel pikapları altı tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilirlər.

İlon Maks təqdimatda “Çatdırılma bu andan başlayır!” deyə bəyanat verib. Həqiqətən də ilk 10 Cybertruck təqdimat mərasimində yeni sahiblərinə təhvil verilib. Bununla belə, tam ölçülü satışlara 2024-cü ildə başlamaq planlaşdırılır.

Texasdakı zavodun istehsal həcmi 2025-ci ilə qədər tədricən artırmalıdır. Bütün avtomobil üçün zəmanət dörd il və ya 50 min mil, dartma batareyası və elektrik ötürməsi üçün isə səkkiz il və ya 150 min mil olacaq.

Əlbəttəki, Tesla dörd il əvvəl elan etdiyi qiymətləri saxlaya bilməyib. O zaman İlon Musk Cybertruck elektrokarının qiymətinin 40 - 70 min dollara qədər olacağını vəd etmişdi.

Ancaq indi hətta Cybertruck RWD baza versiyasının qiyməti 61.000 dollardır. Cybertruck AWD ən azı 80 min, çılğın Cyberbeast isə 100 min dollara başa gələcək. Müqayisə üçün: Ford F-150 Lightning hazırda 50 - 92 min dollar arasında dəyişən qiymətlərlə satılır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh