Reklam

Sürücülərə təlim lazımdır, bəs operatorlar necə olsun?

Avtoxəbər 20 Avqust 2024 13:32 Oxunub 664
Sürücülərə təlim lazımdır, bəs operatorlar necə olsun?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi xidmətində son həftələrdə baş verən bahalaşma və keyfiyyətin aşağı düşməsindən çox danışılıb. Səsləndirilən iradların böyük qismi də əsaslıdır: taksi gec gəlir, kondisionerə görə pul tələb edilir, başqa avtomobil gəlir və sair.
Bu gün rastlaşdığım hadisə dəfələrlərlə başıma gəlsə də, bir neçə on metr yola görə nə mübahisə etmişəm, nə də məsələni ictimailəşdirmişəm. 
Rastlaşdığım problem taksinin ünvana düz gəlməməsi ilə bağlıdır. Əvvəllər dəfələrlə Milli Məclisin qarşısına telefonla sifariş verdiyim halda taksi israrla parlamentin arxasına və ya Müdafiə Nazirliyinin qarşısına gedib. Bu dəfə isə daha təzadlı oldu.
Bəri başdan deyim ki, reklam və ya antireklam olmaması üçün daşıyıcının adını və avtomobilin nömrəsini yazmıram. 
Saat 11.30 radələrində İnşaatşılar metro stansiyasının yaxınlığındakı “Baku Electronics” mağazasından taksi sifariş edərək ünvanı – Şərifzadə küçəsini və gedəcəyim ərazini operator xanıma dedim. 1 dəqiqə sonra gələn mesajda ağ “Toyota”nın 10 dəqiqəyə gələcəyi bildirilsə də, 13 dəqiqə sonra sürücü zəng edərək məni “Baku Mall” ticarət mərkəzinin qarşısında (Qələbə dairəsi) gözlədiyini bildirdi. Sürücüyə taksini “Baku Electronics” mağazasına sifariş etdiyimi dedikdə isə o, həmin əraziyə gələ bilməyəcəyini deyərək mənim Qələbə dairəsinə gəlməyimi təklif etdi. Təqsiri isə sifarişi ona yönəldən qızda gördü. Nə isə danışmağın lüzumsuz olduğunu görüb sürücü ilə sağollaşdım.

XXI əsrdə naviqatorların gedəcəyimiz ünvanı metr dəqiqliyi ilə göstərdiyi halda 1 kilometr fərq necə yarana bilər? Yaxud, eyni  şirkətdə rastlaşdığım başqa problem: AzTV-yə sifariş verdikdə maşın giriş qapısına deyil, Milli Məclisin arxasındakı AZTV adlı avtobus dayanacağına gəlir. Məntiqi olaraq belə bir sual ortaya çıxır: taksi sifariş verən adam nə üçün 100 metrdən çox yolu üzüyuxarı qalxaraq avtobus dayanacağında gözləməlidir. Axı Televiziyanın qarşısında dayanmaq heç kimə qadağan edilməyib! Belə halların qarşısını almaq üçün taksi sürücüləri ilə yanaşı operatorlara da təlim keçirilməlidir. 
Eyni problem rayonlarda daha ciddidir. Əyalətlərdə taksi operatorları ümumiyyətlə ünvan tanımırlar. Məsələn, Ağdaşda Qozların dibindən Stroykaya taksi sifariş etsən normaldır. Vay o günə ki, məhəllənin adını bilməyəsən. Şəkidəki taksi şirkətində isə operator xanımın şirin Şəki ləhcəsi ilə “ha indi biz adres tanımırux” sözləri hələ də qulağımdadır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh