Reklam

Utilizasiya: Ətraf mühitin qorunması üçün atılmış addım kimi - FOTO

COP29 28 Mart 2024 15:54 Oxunub 1314
Utilizasiya: Ətraf mühitin qorunması üçün atılmış addım kimi   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il ölkəmizdə bir çox yeniliklər, eləcə də avtomobil sahəsi ilə bağlı mühüm addımlar qeydə alınıb. Bu vacib yeniliklərdən biri də köhnə avtomobillərin utilizasiyasıdır. 2024-cü il fevralın 1-dən qüvvəyə minən qaydalara əsasən köhnə avtomobillərin utilizasiyası həyata keçirilir. Yeni avtomobillərin istehsalı zamanı ətraf mühitin qorunması nəzərə alınır. Lakin istehsal ili köhnə olan nəqliyyat vasitələri təbiətə ciddi ziyan vurur.

Bəs utilizasiya haqqında qanunları, edilən dəyişiklikləri ətraf mühitin qorunması üçün atılmış addım kimi dəyərləndirmək olarmı?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, utilizasiya proqramının üç əsas istiqaməti var: “Onlardan başlıcası ekosistemin yaxşılaşdırılması, ekoloji tarazlığın yaranmasıdır. İkincisi, burada avtomobil parkının yenilənməsi, üçüncüsü isə bunun sosial yönümlülüyüdür. Bu, həm də sosial, iqtisadi bir layihədir. Sosial yönümlüyü ondan ibarətdir ki, vətəndaş istismarında olan və yaxud da ki, istismarında olmayan, amma onun adına olan hər hansı bir köhnəlmiş, artıq istifadəyə yararsız olan nəqliyyat vasitəsini verib onun əvəzində dövlətdən müəyyən məbləğdə pul ala bilir. Təbii ki, burada əsas amil ekosistemin yaxşılaşdırılmasıdır”.

Mövzü ilə bağlı Avtosfer.az-a açıqlama verən ekoloq İslam Mustafayev bildirib ki, Azərbaycanda istifadə olunan nəqliyyat vasitələrinin çoxu köhnə, 10 ildən çox yaşı olan nəqliyyat vasitələridir: “Hətta Sovet İttifaqından qalma avtomobillərə də rast gəlmək olur. Onların utilizasiya olunmaması, təhlükəsiz vəziyyətə gətirilməməsi ətraf mühitin qorunması baxımından problemlər yaradır. Ona görə də bu yeni verilmiş qərar onun hüquqi tərəflərini həll edir. Bunun üçün xüsusi yerlərin ayrılması, ətraf mühitdən təcrid olunması və həmin ərazidə utilizasiya olunması məsələlərini müəyyənləşdirir. Mənə belə gəlir ki, bundan sonra biz atılmış maşın hissələrinin müəyyən bir şəhər ərazisində problem yaratmasını görməyəcəyik. Bu da insanların sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh