Banner

Aktauda qəzaya uğrayan təyyarə xarici şirkət tərəfindən sığortalanıb? – EKSPERT FAKTLARI AÇIQLADI

Gündəm 9 Yanvar 2025 18:27 Oxunub 550
Aktauda qəzaya uğrayan təyyarə xarici şirkət tərəfindən sığortalanıb? – EKSPERT FAKTLARI AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aktauda baş verən təyyarə qəzası cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Hadisə yalnız texniki və təhlükəsizlik məsələlərini deyil, həm də sığorta və kompensasiya problemlərini gündəmə gətirib. Xüsusilə, zərərçəkənlərin hüquqlarının necə qorunacağı, sığorta ödənişlərinin vaxtında və ədalətli şəkildə təmin edilib-edilməyəcəyi suallar doğurur.

Təyyarə sığortası belə hallarda əsas təminat mexanizmi kimi çıxış etməlidir. Bura sərnişinlərin fərdi sığortası, aviaşirkətin məsuliyyət sığortası və təyyarənin özünün sığortalanması daxildir. Lakin bu prosesin icrası və zərərçəkənlərə ödənişlərin hansı müddətdə çatdırılacağı cəmiyyəti narahat edən əsas məsələlərdir.

Mövzu ilə bağlı sığorta eksperti Əli Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, beynəlxalq qaydalara əsasən, hava məkanından istifadə edən istənilən hava nəqliyyat vasitəsi sığortalanmalıdır:

“Başqa sözlə, sığorta olmadan təyyarələrin istənilən ölkənin hava məkanında uçuşu qadağandır. Aktau şəhərində baş verən aviasiya qəzasına gəldikdə isə həmin hava nəqliyyat vasitəsinin hansı sığorta şirkətində və hansı şərtlər əsasında sığortalandığı barədə dəqiq məlumatlar mövcud deyil. Sosial şəbəkələrdə müvafiq qurumlara bu barədə açıqlama verilməsi üçün müraciət etsək də bu günə qədər rəsmi açıqlama təqdim olunmayıb.

Adətən sığorta şərtləri, sığorta təminatı və bu mövzuda istənilən müddəalar sığorta müqaviləsində əks olunur. Bununla belə, beynəlxalq təcrübəyə əsaslansaq, belə hallarda sığorta şirkətləri müəyyən istisnalar və azadolma məbləğləri xaric olmaqla, dəymiş zərərlərin əksəriyyətini ödəyirlər. Təbii ki, sığorta müqaviləsində müəyyən istisnalar da nəzərdə tutula bilər. Buna görə də müqaviləni görmədən tam dəqiq məlumat vermək mümkün deyil”.

Sığorta eksperti deyib ki, beynəlxalq təcrübəyə əsasən, bu kimi sığortalarda həm hava nəqliyyat vasitəsinin özünə dəyən fiziki zərərlər (gövdə sığortası), həm də üçüncü şəxslərə dəyən ziyan sığorta təminatına daxil olur.

“Yəni üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən ziyan, eyni zamanda onlara məxsus yüklərin zədələnməsi də sığorta təminatına aid edilir. Hava nəqliyyat vasitəsi qəzaya uğradıqda və yerə düşdüyü zaman əgər üçüncü şəxslərə hər hansı bir zərər dəyibsə, bu da sığorta ödənişi çərçivəsində olur. Bundan əlavə, ölkəmizdə istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı məcburi sığorta mövcuddur. Bu səbəbdən, "AZAL"ın rəsmi işçiləri də həmin sığorta təminatına daxil edilirlər”.

Əli Bayramov sanksiyalarla bağlı qeyd edib ki, bəzi ölkələr sanksiyalara məruz qalıb və xarici təkrar sığorta şirkətləri belə ölkələrə qarşı sığorta təminatını ya məhdudlaşdırır, ya da ümumiyyətlə təmin etmir:

“Burada sual yaranır ki, qəzaya uğrayan hava nəqliyyat vasitəsi Rusiyanın ərazisinə keçdiyi zaman hər hansı bir sanksiyaya məruz qalıbmı? Bunun aydınlaşdırılması üçün mütləq sığorta müqaviləsi və şərtləri incələnməlidir. Ölkəmizdə yüksək riskli hallarla bağlı adətən iri sığorta şirkətləri fəaliyyət göstərir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu tip hava nəqliyyat vasitələrinin sığorta məbləğləri çox böyük olur və yerli sığorta şirkətləri bu riski tam şəkildə öz üzərlərinə götürmək imkanına malik deyillər. Buna görə də yerli sığortaçılar xarici təkrar sığorta bazarına müraciət etməlidir. Yəqin ki, bu hava nəqliyyat vasitəsi sığortalı olubsa, onun əsas risklərinin böyük bir hissəsi xarici bazarda təkrar sığortalanıb”.

Ekspert sonda onu da vurğulayıb ki, müharibə riskləri adətən istisna hal kimi qəbul edilir:

“Hər bir sığorta növü üçün müəyyən qaydalar mövcuddur və bu qaydalarda sığorta müddəaları öz əksini tapır. Ümumi qaydalara görə, müharibə riskləri adətən istisna hal kimi qəbul edilir və müharibə nəticəsində dəyən zərər sığorta təminatına daxil edilmir. Lakin nəqliyyat vasitəsinin sahibi və yerli sığortaçının təşəbbüsü ilə xarici bazarlarda müharibə riskləri üçün əlavə təminatlar və limitlər əldə oluna bilər. Bu halda, müharibə riski baş versə belə, sığorta şirkəti ödənişi həyata keçirir. Lakin konkret bu hadisədə əlavə təminatın olub-olmadığını söyləmək üçün dəqiq məlumata malik olmaq lazımdır”.

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh